Dövlət Turizm Agentliyi aviabiletlərin qiymətlərinin aşağı salınması ilə bağlı müvafiq qurumlara təkliflər verib.
Bunu Modern.az-a açıqlamasında Agentliyin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, bu sahədə rəqabət olmasa, qiymətlər həmişə yüksək olacaq:
"Digər ölkələrdən aviaşirkətləri cəlb etməyə çalışmalıyıq. Məsələn, AZAL Tel-Əvivə reys təşkil edir, oradan da Bakıya reys olarsa, qiymət münasib olacaq. Turist ölkəyə gələndə əsasən vizanın asan əldə edilməsinə və biletlərin qiymətinin əlçatanlığına diqqət edir. Azərbaycanda otellərin qiyməti baha deyil. Biz bununla bağlı müqayisələr aparmışıq. Aviabiletlər də əlçatan olarsa, xarici ölkələrdən turistlərin ölkəmizə axını yenə artacaqdır".