Karantin rejiminin yumşaldılması ilə əlaqədar turizm mövsümündə Lahıcı ziyarət edən turistlərin sayı artıb.
Bu barədə Modern.az-a Lahıc Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Kamal Əliyev məlumat verib.
K. Əliyev bildirib ki, turistlərin sayı ötən illə müqayisədə 20 min nəfər artıb.
"2019-cu ildə Lahıc 89 min turist qəbul edib. Onun 31 min nəfəri əcnəbi turistlər idi. 2020-ci ildə Lahıca cəmi 11 min nəfər gəlib ki, bunlardan 576 nəfəri xarici ölkə vətəndaşları olub. Amma bu əcnəbilər də Bakıda yaşayan, səfirliklərdə və digər sahələrdə çalışan şəxslər idi.
2021-ci ilin yanvar ayından avqustun 6-na qədər artıq 32 min nəfər turist qəbul etmişik. Yenə də xarici turistlər gəlməyib. Bakıda işləyən xaricilər, səfirliklərdə çalışan şəxslər gəlir. Avropadan gələn, əvvəl gördüyümüz kimi çox turist yoxdur. Pandemiyadan sonra ümidimiz var ki, vəziyyət yenidən əvvəlki kimi olsun. Artıq sərhədlərin açılması ilə əlaqədar turistləri cəlb etmək üçün planlarımız var, addımlar atılır".