Milli Məclisin deputatı Fatma Yıldırım Türkiyənin Nevşehir ərazisində Türkiyə-Azərbaycan Qardaşlığı abidəsini ziyarət edib. O abidənin inşasına görə Nevşehir bələdiyyə başqanı Mehmet Savrana təşəkkür edib.
M. Savranla birlikdə abidəni ziyarət edən Fatma Yıldırım Türkiyə və Azərbaycan bayraqları olan abidənin iki ölkənin qardaşlığının simvolu olduğunu vurğulayıb.
Bələdiyyə sədri ilə söhbətində özünün qarabağlı, həyat yoldaşının isə Nevşehirli olduğunu vurğulayan F. Yıldırım, “Mənim üçün çox fərqli bir hiss idi. Qarabağdakı xoş hadisələrdən sonra Türkiyənin Nevşehir kimi əhəmiyyətli turizm şəhərlərindən birində Türkiyə və Azərbaycan bayraqları olan abidənin tikilməsi hamımızı çox sevindirdi. Türkiyə və Azərbaycandakı abidə ilə bağlı xəbərlərdən sonra şəxsən bura gəlib, abidəni görmək istədim. Nevşehirdən olan dostlarımıza Azərbaycan xalqının sevgi və salamlarını gətirdim. Biz qardaşıq və bu qardaşlıq sonsuza qədər davam edəcək ” – deyə əlavə edib.
Bundan əlavə, deputat bələdiyyə sədrini Azərbaycana dəvət edib və ona Türkiyə və Azərbaycan bayraqları ilə birlikdə "Bir millət, iki dövlət" yazılmış rəsm hədiyyə edib.
Mehmet Savran isə səfərdən məmnunluğunu ifadə edərək, deputat Fatma Yıldırıma təşəkkürünü bildirib:
“Türkiyə və Azərbaycan tarixi, mədəniyyəti, dili və dini eyni olan iki qardaş ölkədir. İki ayrı dövlət olsaq da, eyni millətin övladlarıyıq, bu səbəbdən hər fürsətdə "İki dövlət, bir millətik" dedik və deyirik. Türkiyə və Azərbaycan qardaşlığı bir millət, iki dövlət anlayışı ilə əbədi olaraq yaşayacaq. Bu abidə Türkiyə-Azərbaycan qardaşlığının mənalı simvolu olacaq".