Bakıdakı əfqanıstanlı mühacirlər gündəlik olaraq səfirliyə müraciət edirlər.
Bu barədə Modern.az-a Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, əfqan mühacirlərin səfirliyə müraciətinə əvvəlki qaydada baxılır:
“Azərbaycanda məskunlaşan əfqan mühacirlərin bizə ünvanlandığı məsələlər daha çox gündəlik prosedurlarla bağlıdır. Mühacirlərə konsul xidmətlərinin göstərilməsi, onların sənədləri ilə əlaqədar məsələlərin həlli və bu kimi məqamlar haqqında müraciətlərlə məşğul oluruq”.
Əfqanıstanın Azərbaycandakı səfirliyi hazırda fəaliyyətini normal qaydadad davam etdirir.
Bəs Azərbaycanda hazırda nə qədər əfqan qaçqın var?
Səfirlikdən bu barədə dəqiq rəqəm söylənilməyib.
Qeyd edək ki, Azərbaycandakı əfqan qaçqınların sayı ilə bağlı sonuncu rəqəmlər 2019-cu ildə açıqlanıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, 2019-cu ilin iyununda ölkədə 1096 qaçqın qeydiyyatda idi. Azərbaycanda sığınacaq axtaran 848 əcnəbi ilə birlikdə sözügedən təşkilatın mandatı altında gələnlərin ümumi sayı 1944 nəfərə bərabər idi. Həmin 1944 şəxsin 1206-sı, yəni, Azərbaycandakı qaçqınların 62 faizi məhz Əfqanıstan vətəndaşları idi.
Əvvəlki illərdə də Azərbaycana çox sayda əfqan vətəndaşı qaçqın olaraq gəlmiş və onların bir hissəsi üçüncü ölkələrə keçmişdilər. Bu baxımdan, Əfqanıstanda hakimiyyətin radikal Taliban hərəkatının əlinə keçməsindən sonra ölkədən yeni qaçqın axını qaçılmazdır. Bu qaçqınların bir hissəsinin də, öncəki illərdə olduğu kimi, Azərbaycana gəlmək üçün müraciət edəcəyini ehtimal etmək olar.