1918-ci ilin mayın 28-də müsəlman şərqində ilk demokratik respublika kimi Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdi. Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. XX əsrin sonlarında, 1991-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq, Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında qızğın müzakirələr aparılır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında " Konstitusiya Aktı qəbul edildi.
1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət qardaş Türkiyə oldu. Türkiyədən sonra Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya da Azərbaycanı müstəqil bir dövlət kimi tanıdılar. 2 mart 1992-ci ildən Azərbaycan müstəqil bir dövlət kimi BMT-yə üzv qəbul edildi.
Azərbaycan, xalqın azadlıq arzusu və mübarizəsi nəticəsində müstəqilliyini qazandı. Bu müstəqilliyi itirməmək üçün xalqımız çox sınaqlardan, məşəqqətlərdən keçdi. Sovetlər İttifaqı dağıldıqdan sonra yaranmış çətin iqtisadi-siyasi vəziyyət, digər tərəfdən Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları və dövlətimizə qarşı açıq hərbi təcavüzü müstəqilliyimizi təhlükə qarşısına qoymuşdu.
Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlaması, digər tərəfdən o vaxt hakimiyyətdə olanların səriştəsizliyi, qorxaqlığı, ölkədə gedən hərc-mərclik, vətəndaş qarşıdurması müstəqilliyimizin itirilməsinə doğru aparırdı. Bütün bunlardan çıxış yolunu ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsində görən xalq bunu tələb etdi. Xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, irimiqyaslı iqtisadi islahatlar aparmağa başladı. Ermənistanla atəşkəsə nail olduqdan sonra ulu öndər tərəfindən ölkənin gələcək inkişafını təmin edəcək mühüm addımlar atıldı. Dünyanın nəhəng neft şirkətləri ilə bağlanan müqavilələr Azərbaycanın gələcək inkişafının təməlini qoydu. Ulu öndər hər zaman qeyd edirdi ki, "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir".
Bu gün H.Əliyevin siyasi kursunu, onun qoyduğu irsi prezident cənab İlham Əliyev uğurla və layiqincə davam etdirir.
Cənab İlham Əliyevin ən ali prinsiplərindən biri Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, onu dünyada demokratik, hüquqi dövlətə çevirmək olmuşdur.
Bu gün əminliklə demək olar ki, Azərbaycan dünyada demokratik dəyərlərə söykənən, insan azadlığına dəyər verən bir dövlətdir. Bu gün insanlarımız rifah içində yaşayır, onların gözəl həyat sürmələri üçün hər cür şərait yaradılmışdır.
Müstəqilliyimizin qorunması, suverenliyimizin və ərazi bütövlüyümüzün təmin olunmasında xalqımız böyük mərdlik göstərmişdir. İgid oğullarımız canlarından, qanlarından keçərək ərazi bütövlüyümüzü təmin ediblər.
2021-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 30 ili tamam olur. Bu tarixi xalqımız 30 ildən sonra ilk dəfədir ki, ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi bayram edir. Azərbaycan xalqı 1918 ci ildə öz müstəqil dövlətini qurmuş, 1991-ci ildə isə bu müstəqilliyi bərpa etmişdir. Bugünkü müstəqil Azərbaycan dövləti 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab İlham Əliyev tərəfindən müstəqilliyi daha da möhkəmlənmiş Azərbaycan suveren dövlət kimi əbədi yaşayacaq.
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor