Modern.az

İnsan amili bütün digər amillərdən öndə dayanmalıdır

İnsan amili bütün digər amillərdən öndə dayanmalıdır

Aktual

19 Fevral 2022, 11:38

Prezident İlham Əliyevin dövlət qulluqçuları qarşısında qoyduğu tələblər ölkədə həyata keçirilən kadr islahatlarının mahiyyətini əks etdirir. Dövlət başçısı kadrların seçilməsində iş qabiliyyətinin, vətənpərvərliyin, dövlətçi təfəkkürün, Vətənə sədaqətin, qanunlara və onların aliliyinə hörmətin başlıca prinsiplər olduğunu bəyan etməklə müasir Azərbaycan məmurunun obrazının əsas portret cizgilərini müəyyənləşdirir. 

 

Bu sözləri Modern.az saytına açıqlamasında Prezident İlham Əliyevin yeni təyin olunan icra başçılarını videoformatda qəbulu zamanı səsləndirdiyi fikirləri şərh edən millət vəkili Azər Kərimli deyib. 

 

Deputat Azərbaycan Prezidenti üçün insan amilinin, vətəndaş məmnunluğunun bütün digər amillərdən öndə dayandığını bildirib: “Yeni təyin olunan icra başçıları qarşısında qoyulan əsas vəzifələr ölkədə həyata keçirilən islahatların dərinləşdirilməsi və vətəndaşların rəğbətinin qazanılmasıdır. Bu yanaşma islahatların ilk növbədə vətəndaşların rifahının təmin edilməsinə xidmət etməli olduğunu önə çəkir. Yəni görülən işlərin, həyata keçirilən tədbirlərin əsas məqsədi Azərbaycan vətəndaşlarının daha yaxşı yaşamasını təmin etməkdən ibarət olmalıdır. Bunun üçün isə, hər bir dövlət qulluqçusu ona göstərilən yüksək etimadı yüksək məsuliyyət kimi qəbul etməli, xalqın xidmətçisi olduğunu unutmamalıdır. Azərbaycan Prezidenti dövlət qulluğuna, vəzifəyə yüksək səlahiyyət kimi deyil, böyük məsuliyyət kimi yanaşılmasını zəruri sayır və kimliyindən asılı olmayaraq, hər bir vəzifəli şəxsin bu ali prinsipə sadiq qalmasını tələb edir. Düşünürəm ki, Prezident İlham Əliyevin “Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir” sözləri hər bir dövlət qulluqçusunun həyatının və fəaliyyətinin fəlsəfəsini təşkil etməlidir”. 


Azər Kərimli qeyd edib ki, Azərbaycan Prezidentinin yüksək dövlət vəzifələrinə yeni təyinat alan şəxslərdən, bütövlükdə isə bütün məmurlardan xalqla daim ünsiyyətdə olmalarını tələb etməsi, əslində yerlərdə və ayrı-ayrı sahələrdə mövcud olan problemlərin tez bir zamanda aşkarlanaraq aradan qaldırılmasının yeganə yoludur: “Dövlət başçısı çatışmazlıqlarla, problemlərlə, yaxud bu və ya digər yerdəki, sahədəki vəziyyətlə bağlı reallıqları ilkin mənbədən öyrənilməsinin zəruriliyini qeyd edir. Çünki yalnız bu halda real vəziyyəti müəyən etmək üçün dəqiq, təhrif edilməmiş, süzgəcdən keçməmiş informasiya almaq mümkündür. Reallığı əks etdirən məlumatlar vəziyyətin hərtərəfli təhlil edilməsi, obyektiv nəticə çıxarılması üçün əsas şərtdir. Obyektiv, hərtərəfli təhlildən doğan nəticə isə bu və ya digər problemin, çatışmazlığın tez bir zamanda aradan qaldırılmasına xidmət edən ən döğru, ən praqmatik vasitədir. Cənab Prezidentin qeyd etdiyi kimi, əgər yerlərdə işlər düzgün təşkil olunarsa, o zaman problemlər də öz həllini tapacaq. Hesab edirəm ki, Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yol xəritəsi üzrə həyata keçirilən kadr dəyişiklikləri və struktur islahatları, son nəticədə islahatların dərinləşdirilməsinin və nəticəyönümlü olmasının zəmanəti kimi qəbul olunmalıdır”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı