Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Serbiya təmsilçisi Nemanya Maydovla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Mehdiyev Böyük Dəbilqənin qalibi olub.
100 kiloqram çəki dərəcəsində yarışan Zelim Kotsoyev bürünc medal görüşündə Onise Saneblidze (Gürcüstan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Böyük Dəbilqə” turnirinin ilk iki günündə Azərbaycan təmsilçilərindən 73 kq-da Hidayət Heydərov qızıl, 66 kq-da Yaşar Nəcəfov gümüş medala sahib çıxıb. 60 kiloqramda Kəramət Hüseynov 5-ci, Balabəy Ağayev 7-ci yeri tutub. Yarışda Azərbaycanı, ümumilikdə, 9 cüdoçu təmsil edir.
***
16:30
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
Modern.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Nadav Zuratı (İsrail) məğlub edib.
29 yaşlı idmançı 1/4 finalda Yersultan Muzapparova (Qazaxıstan) qalib gəlib. Mehdiyev yarımfinalda Erlan Şerovu (Qırğızıstan) üstələyib. Eyni çəkidəki Rüfət İsmayılov 1/16 finalda Uşangi Margianiyə (Gürcüstan) yenilib.
Qeyd edək ki, 100 kq-da yarışan Zelim Kotsoyev 1/8 finalda Xanqal Adbatarı (Monqolustan), Elmar Qasımov isə Robert Florentinonu məyus edib (Dominikan Respublikası). Kotsoyev 1/4 finalda Qasımovu məğlubiyyətə uğratsa da, İliya Sulamanidzenin (Gürcüstan) müqavimətini qıra bilməyib. Qasımov isə təsəlliverici görüşdə Eduard Serbana (Rumıniya) uduzub. Kotsoyev bürünc medal uğrunda görüşə çıxacaq.
Bundan əlavə, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Onise Buqadzeyə (Gürcüstan) məğlub olub.