Rusiya-Ukrayna münasibətlərində gərginlik hər ötən gün daha da kəskinləşir. Tərəflər qarşılıqlı ittihamlar səsləndirərək, sanki iki ölkə arasında müharibə qığılcımını qəsdən alovlandırırlar. Hazırkı geosiyasi vəziyyət də hərbi əməliyyatların tezliklə başlanacağı barədə iddiaları gündəmə gətirir. Bu mənada ehtimal olunur ki, Rusiya tərəfi hər an Ukraynaya qarşı müharibə başlada bilər.
Bəs Rusiya xalqı müharibə istəyirmi?
Rusiyalı politoloq, Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru, “Arxont” jurnalının baş redaktoru Anton Bredixin Modern.az-a ölkəsinin ata biləcəyi addımları və xalqın düşüncələrini şərh edib.

Politoloqun sözlərinə görə, hazırda Rusiya Ukraynaya qarşı müharibə istəmir:
“Bunu artıq bir neç dəfə Rusiya sübut edib. Digər bir məsələ isə budur ki, problemin həllində bir neçə dövlət maraqlı olmalıdır. Bu vəziyyətdən çıxış yolu Rusiya, ABŞ və Fransanın maraqlı ölkələrin dəvəti ilə keçiriləcək Avropada təhlükəsizlik üzrə qarşıdan gələn konfransda müzakirə olunacaq.
Əslində iki ölkə arasında münasibətlərin korlanmasını, münaqişənin yaranmasını ilk dəfə görmürük. Bu, ilk gün deyil ki, biz "DXR" və "LPR" (qondarma Donetsk və Luqansk Xalq Respublikaları) ərazilərinin atəşə tutulmasını görürük, dinc sakinlər ölür. Ukrayna mərmiləri Rostov vilayətinin Tarasovski rayonu ərazisinə düşüb. Buna mütləq Rusiya olaraq cavab vermək lazımdır.
Bəs çıxış yolu nədədir? Volodimir Zelenskinin çıxışı ilə Münhen Konfransı uğursuz oldu. Qərb dövlətləri onun çıxışlarını dəyərləndirmədilər. Biz isə bunun əksini görürük. Qərb dövlətləri Rusiyaya qarşı birləşib".
Politoloq hesab edir ki, vəziyyətin daha da gərginləşəcəyi və hərbi əməliyyatlar olacağı təqdirdə Rusiyanın cavabı təkcə Ukrayna istiqamətində olmayacaq: “Bizim üçün “qırmızı xətt” var və Rusiya tamamilə asimmetrik cavab verə bilər”.
Ekspert onu da bildirib ki, Rusiya xalqı müharibə istəmir, amma vətəndaşlar öldürülərsə, mütləq cavab veriləcək:
“Təəssüf ki, müharibə artıq rusları da qıcıqlandırır. Donbassın ölən sakinləri bizim vətəndaşlarımız ola bilər. Rusiya ərazisinə mərmilər atılır. Bu halda insanlar nə düşünməlidirlər? Təbii ki, heç kim müharibə istəmir. Amma vətəndaşlarımız öldürülürsə, ərazimiz atəşə tutulursa, o zaman cavab olmalıdır”.