Modern.az

Sədaqət faktoru - Deputat yazır

Sədaqət faktoru - Deputat yazır

Aktual

21 Fevral 2022, 17:03

Düz 5 il bundan öncə, 2017-ci ilin 21 fevralında ölkənin Birinci vitse-prezidenti təyin edilərkən Mehriban xanım Əliyeva bildirmişdi ki, tutduğu vəzifədən asılı olmayaraq, insan işinə  vicdanla yanaşmalı, söz və əməlində bütöv olmalıdır.  Heç kimə sirr deyil ki,  bütün fəaliyyəti boyu o özü məhz bu prinsiplərdən çıxış edib. 

 

Əlbəttə, vəzifə böyüdükcə, yük artdıqca, sözlə əməlinin üst-üstə düşməsində vicdanlılıq azlıq edir. Onun üçün yüksək peşəkarlıq, bir çox hallarda isə qarışqa çalışqanlığı və fədakarlığı tələb olunur ki, beynəlxalq tədbirlərin təşkilindən, yüksək səviyyəli görüşlərdə Azərbaycanı yüksək səviyyədə  təmsil etməkdən tutmuş,  qayğıya ehtiyacı olanların az qala hər birinə yardım göstərilməsinə, onlara baş çəkilməsinə, ekologiyaya diqqət yetirilməsinə, ağac əkilməsinədək  hörmətli Mehiban xanımın atdığı bütün  addımlarda biz bunu görmüşük, görürük.

 

Onu da görürük ki, bu beş ildə Birinci vitse-prezidentin ən çox diqqət yetirdiyi təbəqə  qayğıya ehtiyacı olanlar, buna əşhədu haqqı çatanlar və bir də uşaqlarımızla gənclərimizdir. Rəhbərlik etdiyi fondun xəttiylə tikilən məktəblər, sağlamlıq kompleksləri, uşaq evləri, bağçaları,  şəhid doğmalarına, qazilərimizə, yurdundan didərgin salınanlara, ağır xəstəliklə üzləşənlərə göstərilən qayğı belə deməyə əsas verir.

 

Gənclərimizə gəldikdə,  bəli, onların   işsizlik problemi tam aradan qalxmayıb. Amma yəqin siz də mənimlə razılaşarsınız ki, sosial lift Azərbaycanda heç vaxt indiki qədər dürüst işləməyib. Yüksək savadı, intellekti olan, vətənpərvər, zəhmətkeş gənсlərimizin hər biri üçün dövlətin qapıları tam açıqdır. 

 

Onlardan kim məmurluğa məhz  xalqa xidmət  məntiqyilə yanaşır, Prezident İlham Əliyevin təbirincə desək, böyük vəzifənin,  böyük imtiyaz yox, böyük məsuliyyət olduğunu dərk edirsə, uğur qazanması üçün heç bir maneə yoxdur. Ancaq vaxt vardı Azərbaycanda gənc kadrların yüksək peşəkarlığı bu və ya digər səbəbdən əleyhlərinə də işləyə bilirdi.  Məhz Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən sonra belə halların aradan qaldırılması yönündə önəmli addımlar atıldı.

 

Ölkədə idarəçilikdə şəffaflığın təmin edilməsinə yönəlmiş geniş islahatlara da o, Birinci vitse-prezident təyin olunandan sonra start verildi. Orasını da deyək ki, bu proses heç də maneəsiz getmirdi.  Elə yüksək vəzifəlilərin içərisində  onun qarşısını almağa çalışanlar, bunun üçün dondan-dona girənlər az deyildi. Keçirdiyi toplantılardan birində dövlət başçımız özü də belələrinin varlığını dilə gətirərək onlara həddlərini göstərmişdi. Ardınca da nə baş verməliydisə, o da baş verdi.

 

Dövlətimizin  yumşaq güc potensialının formalaşdırılmasında, artırılmasında da Birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri və Birinci vitse-prezident olaraq hörmətli Mehriban Əliyevanın gördüyü işlər müstəsna xarakter daşıyır. Azərbaycanla Ermənsitan arasında ikincinin təcavüzkarlığından qaynaqlanan  savaşa sivilizasiyalararası qarşıdurma prizmasından yanaşan çevrələrin, burada din faktorunu önəmsəyənlərin səfinin pozulmasında, cənab İlham Əliyevin yaratdığı yeni reallığın onlara hələ tam da olmasa, həzm etdirilməsində, ölkəmizdə keçirilən bir sıra beynəlxalq tədbir və forumlar, buradakı multikultural mühitin sərgilənməsi,  Heydər Əliyev Fondunun  xristian abidələrinin bərpasıyla bağlı gördüyü işlər, bir sözlə, yumşaq güc potensialı az rol oynamadı.

 

Əminəm ki, dost Pakistanın 44 günlük savaş zamanı ortaya qoyduğu qətiyyətli mövqedə də yumşaq güc faktorunun təsiri vardı.  Həmən ölkənin qəzetlərində Heydər Əliyev Fondunun 2005-ci ildə Kəşmirin Müzəffərabad şəhərində qızlar üçün tikdirdiyi məktəb,  hörmətli Mehriban xanımın oradakı kimsəsiz uşaqlara, talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə  göstərdiyi qayğıyla bağlı onlarla yazıya rast gəlmək olar. 

 

Ümumiyyətlə, Birinci vitse-prezidentimizin timsalında Azərbaycan qadınları arasında da əsl dövlət adamının yetişdiyini görməmək və buna sevinməmək mümkünsüzdür.  Burada təəssüflə onu da xatırladaq ki, bir sıra yüksək vəzifə tutanlarımız dövlətin adamı təyin edilsələr də, heç də dövlət adamı olmağı bacarmadılar. Fikrimcə, buna ilk növbədə sədaqətləri çatmadı.

 

Bilmirəm hansı sərkərdədir, onun cəsur, yoxsa sədaqətli əsgərə üstünlük verərdin sualına cavabı bu olmuşdu ki, əgər əsgər sədaqətlidirsə, o cəsur olmaya bilməz. Dövlət başçısına sədaqət, dövlətə sədəqət,  yola sədaqət-yüksək vəzifə onu tutandan birinci bunu tələb edir.  Yəni əslində sədaqətlilik liderlik keyfiyyətidir. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın uğrurlarının kökündə də zənnimcə, ilk növbədə məhz bu durur-Sədaqət faktoru!

 

Sahib Alıyev

Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı