Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Aksiya AVRONEST-in iclasının keçirildiyi binanın qarşısında başlayıb. Azərbaycanlı deputatların İrəvana gəlməsini qəbullana bilməyən erməni radikallar Avropa nümayəndələrinə də öz etirazlarını bildiriblər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Etirazçılar müxtəlif şüarlar səsləndiriblər, lakin polis onlara müdaxilə etməyib. Aksiyaya Ermənistan parlamentinin sabiq deputatı Naira Zohrabyan da qatılıb. O, çıxışı zamanı təxribatçı fikirlər səsləndirib.
“Mənə dejavu kimi görünür. İllər əvvəl biz Avronestin Bakıda keçirilən sessiyasında iştirak etmişdik, amma başımız dik qatılmışdıq. İndi isə onlar bizə həmin hissi yaşadırlar”, - Zohrabyan deyib.
Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçirilir. Tədbirdə ölkəmizi Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov təmsil edir.