“Əgər ermənilər revanşist fikirlərə düşsələr, güclü Azərbaycan dövləti o qüvvələrə həm bu gün, həm də gələcəkdə lazımi cavab verməyə hazır olacaq!"
Modern.az xəbər verir ki, bunu Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında geopolitik təhlükəsizliklə bağlı mövzuda çıxışında bildirib.
Onun sözlərinə görə, münaqişə gələcək deyil, artıq keçmişdir.
"Biz gələcəkdə nələr istəyirik, bu barədə danışaq. Sülh müqaviləsinə nail olunması xalqlarımız, regionun inkişafı üçün çox yaxşı şans olardı”, - deyə komitə sədri vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları başlayıb. Tədbirdə ölkəmizi Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov təmsil edir.