Modern.az

Təhsilə diqqət ölkənin gələcəyinin təminatıdır

Təhsilə diqqət ölkənin gələcəyinin təminatıdır

Aktual

8 Fevral 2013, 11:33

Təsəvvür edin ki, labirintdəsiniz. Çoxsaylı dəhlizlərin hara apardığını, sağa yoxsa sola dönərək çıxış tapacağınızı bilmirsiniz. Divarlarda işarə yox, üstəlik, əlinizdə yolunuzu işıqlandıracaq nə bir məşəl, nə də çıraq var. Aqibətinizin necə olacağı bəribaşdan bəllidir.

Çağdaş zamanda elm və təhsildən məhrum olma da eyni mənanı verir - çıxılmazlıq, heçliyə səfər.

Dünya həmişə bir yarış olub. Zəfər təkcə silahlarla qazanılmır. Amma bu silahları icad eləmək üçün də elmi biliklər gərəkdir. Lazım gəldikdə sistemli təhsillə əldə edilən biliklər qan tökmədən belə, zəfərin müjdəsini verə bilər. Dünyanın bugünkü mənzərəsi də buna oxşardır: fövqəlqüdrətlər sayılan bir qrup ölkə bəşəriyyəti nüvə dəyəniyi ilə təhdid edir, digər qrup qabaqcıl texnologiyaları ilə həm də elə həmin fövqəlqüdrətlərə meydan oxuyur. Hər iki halda təhsil və elmin üstünlük amili danılmazdır. Çünki xalqların yarışında əsas lokomotiv məhz onlardır.

Təhsilin milli tərəqqinin açarı olması bütün dövrlərdə dərk olunub. İki əsr əvvəl isə elmi-texniki inkişafın ilk rüşeymləri peyda olduqda Azərbaycanda da maarifçi hərəkat baş qaldırıb. Öz puiblisist yazılarında, ədəbi əsərlərində xalqı elmə, təhsilə sarılmağa, milli nicatın məhz onda olduğu barədə çağırışlar edən maarifçiliyin ilk töhfələri XX əsrdə əyani müstəviyə keçib. XX əsrin əvvəlində neft maqnatları Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev qızlar üçün ilk dünyəvi məktəb tikir, azərbaycanlı gənclərin Avropada təhsil almasına yardım edirdilər.

Əlbəttə, o uzaq zamanlarda çətinliklər çox idi. Bakıda qız məktəbi açmış Hacı Zeynalabdin Tağıyev kimi böyük xeyirxahlar böyük çətinlikləri adlamalı olublar. Onlar din xadimlərindən imza və möhürü ilə sənəd gətirirlər ki, Qurani-Kərimdə qız uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. İndi bu sayaq faktlar bizə, müasir çağın texnoloji yeniliklərinə alışmış və yeni nanotexnoloji kəşflərə təşnəsi azalmayan insanlara gülməli görünə bilər. Amma hər bir dövrün nəbzi bir cür vurur və dünən, yəni arxada qalmış yaxın yüzillikdə daşlaşmış təsəvvürləri dağıtmaq asan deyildi. Eləcə də indi dünyanın bəzi ölkələrində milli tərəqqiyə doğru təhsilin açdığı üfüqlər barədə hələ hamını inandırmaq bəzən asan olmur.

2012-ci ildə Pakistanın Müzəffərabad şəhərində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva adına qızlar məktəbinin açılış mərasimi keçirildi. Heydər Əliyev Fondu tərəfindən 2007-ci ildə tikilmiş, 2012-ci ildə isə yenidən əsaslı təmir olunmuş bu məktəb ilk növbədə İslam ənənələrinə sədaqət və həmrəylik əlaməti idi. Layihəyə dəstəyin ikinci anlamı xalqımızın maarifpərvər və xeyriyyəçilik əməllərini davam etdirməkdi. 2005-ci ildə Pakistanda baş vermiş zəlzələdən sonra Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva adına 500 yerlik müasir məktəbin inşası ilə Fondun təhsil sahəsində gördüyü işlərin bütün layihə və proqramlarının təsnifatını vermək çətindir.

Doqquzuncu ilə keçən fəaliyyəti dövründə Heydər Əliyev Fondu Azərbaycanın təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək üçün yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikdirib, təmir etdirib, bu müəssisələr yüksək standartlar səviyyəsində təchiz olunub. Fondun təşəbbüsü ilə təkcə Azərbaycanda deyil, dünyanın bir neçə ölkəsində məktəblər yaradılıb. “Yeniləşən Azərbaycan – yeni məktəb” proqramı çərçivəsində istər daimi yaşayış yerlərinə malik uşaqlar, istərsə də qaçqın və məcburi köçkün ailələri, müxtəlif aztəminatlı sosial qruplar, habelə diaspor nümayəndələrinin övladları üçün inşa edilən və müasir avadanlıqla təchiz olunan məktəblər Fondun gördüyü əzəmətli işin yalnız bir hissəsidir. Belə ki, məktəb sadəcə təhsil, elm məbədidir. Amma bu məbədin müasir bəzək ornamenti informasiya-kommunikasiya texnologiyalarıdır. Gənc nəsil İKT yeniliklərini əxz etmədən elmi-texnoloji tərəqqinin doğurduğu ümumi bilik yükünü dərk etməkdə acizdir. Fond bu məsələyə diqqətlə yanaşaraq, bir sıra beynəlxalq miqyaslı şirkətlərlə birgə layihələr həyata keçirib. Bu sıraya yeni dərsliklərin və dərs vəsaitlərinin çoxsaylı nəşrlərini də əlavə etmək gərəkdir.

Əgər sadalamaya əl atsaydıq, Heydər Əliyev Fondunun təhsil sahəsində gördüyü misilsiz işlər haqqında bu yazının işarə sayı xeyli böyük olardı. Odur ki, bu niyyətdən vaz keçib ümumi strategiyanın hədəfləri barədə yalnız bunu deməklə kifayətlənirik: bu gün Azərbaycanda təhsilin inkişafı – Vətənin etibarlı əllərdə müdafiəsi və işğal olunmuş torpaqların azad edilməsi üçün yeni hərbi texnikanın ixtirası deməkdir; bu gün Azərbaycanda təhsilin inkişafı – elmi uğurların iqtisadiyyata köçürülməsi, rəqabət qabiliyyətli əmtəələrin yaradılması, dünya bazarında möhkəm dayaqlar deməkdir; bu gün Azərbaycanda elmin inkişafı – xalqın maddi rifahı və firavanlığın deməkdir... Və ən nəhayət, zora deyil, zorla deyil, bəşəri meyarlara, ilk növbədə, sülhə, dinc yanaşı yaşamaya, hərb meydanında yox, elm cəngində yarışa çağırışdır. Təhsilə isti münasibət ölkənin gələcəyinin təminatı deməkdir.

Pərvin ARZUQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı