Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Modern.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid Səhər Abbasova ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib:
"Sumqayıtda Kas Veqas restoranını Maqsud almışdı. Sonradan satdı. Ələsgər Ələkbərov küçəsindəki evdə mən yaşamışam. Sonra mən başqa evə köçdüm, Maqsud o evi də satdı. Daha sonra Parlament prospektindəki evdə yaşamışam. Oradan da başqa ünvana köçdüm və Maqsud həmin evi də satdı. Maqsud xaricə köçəndən sonra borc sahibləri gəldi, evdəki əşyaları borc yiyələrinə verdim".
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var.