Modern.az

Güclü elm çiçəklənən dövlət deməkdir

Güclü elm çiçəklənən dövlət deməkdir

Aktual

4 May 2022, 19:01

Elmin inkişafı yolları bəşəriyyəti və dövlət xadimlərini qədim zamanlardan maraqlandırmışdır. Məhz, antik dövrün elmi nailiyyətləri qədim Misirdə və Elladada kənd təsərrüfatının inkişafının əsaslarını təşkil etmiş, sonralar isə elmi nailiyyətlər əsasında İngiltərədə sənaye inqilabı baş vermiş və bu inqilab Avropa ölkələrinə və ABŞa yayılmışdır. Məhz sənaye inqilabı bu ölkələrin iqtisadiyyatına böyük təkan verərək  onları ən ön plana çıxarmışdır. Müasir elm bəşəriyyətin bir çox problemlərini həll etdi, dəhşətli xəstəliklərə qalib gəldi, insanın genetik kodunu açdı, Aya enməsinə imkan verdi, dövlətlərin iqtisadi qüdrətinin güclənməsinə töhfə verdi.

 

Güclü iqtisadiyyatı olan bütün dövlətlərin inkişaf etmiş elmi var. Dünyanın beş aparıcı iqtisadiyyatına nəzər salaq - ABŞ, Çin, Hindistan, Yaponiya, Almaniya - onların hamısının yüksək inkişaf etmiş elmi var. Son illərdə Asiya ölkələrində, Çində, Sinqapurda, Cənubi Koreyada və başqalarında iqtisadi yüksəliş məhz, bu ölkələrin iqtisadiyyatında elm və informasiya texnologiyalarının yüksək inkişafı və səmərəli istifadəsi ilə bağlıdır.

 

Azərbaycan enerji ehtiyatları ilə zəngin ölkədir və neft, qaz hasilatı və emalının səmərəli təşkilinə, kənd təsərrüfatının və digər sənaye sahələrinin inkişafına kömək edən qabaqcıl elmi texnologiyalara ehtiyacı var. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının ölkəmizin iqtisadiyyatı üçün elmi texnologiyaların inkişafı və səmərəli istifadəsi onun əsas vəzifəsi olmalıdır. Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının İllik Yığıncağı öz işini başa çatdırdı, 2021-ci ilin yekunları, növbəti il ​​üçün planlar və AMEA-nın işində olan çatışmazlıqlar müzakirə olundu.

 

Elmlər Akademiyasının üzvlərini narahat edən əsas məsələ Akademiyanın gələcəyi idi. Cəmiyyətdə, mətbuatda Elmlər Akademiyasında islahatların aparılması ilə bağlı müxtəlif fikirlər səslənirdi. Elmlər Akademiyasının institutlarının ölkənin ali təhsil müəssisələri arasında bölüşdürülməsi və Akademiyanın elmi tədqiqatlara nəzarət edən orqan kimi fəaliyyət göstərməsi təklif edilirdi.

 

Qeyd edək ki, bəzi postsovet ölkələri bu istiqamətdə müəyyən addımlar atıb və problemdən başqa heç nəyə nail olmamışlar. Məsələn, Gürcüstanda Elmlər Akademiyasının praktiki olaraq ləğv edilməsinə hələ də təəssüflənirlər, hətta sonradan Elmlər Akademiyasını əvvəlki vəziyyətə qaytarmağa cəhdlər edilirdi, lakin təəssüf ki, bu cəhdlər uğursuzluqla nəticələndi, çünki institutların bütün əmlakı satılıb və ya özəlləşdirilmişdir. Elmi işçilərin isə ali məktəb sisteminə keçirilməsi başağrısından başqa bir şey gətirməmiş, üstəlik, Gürcüstanın SSRİ zamanında malik olduğu ciddi elmi potensialda itirilmişdir. Türkmənistanda Elmlər Akademiyası ləğv olundu, amma bu yanlış yolu anladıq sonra Akademiyanı yenidən canlandırdılar. Özbəkistanda akademik institutlar universitetlərə verildi, amma həm elmin, həm də təhsilin hansı problemlə üzləşdiyini görəndə onları təcili geri qaytardılar və hazırda Özbəkistan Elmlər Akademiyası uğurla fəaliyyət göstərir. Rusiyada qərar qəbul edildi ki, Rusiya Elmlər Akademiyasının daşınmaz əmlakı, o cümlədən elmi avadanlıqların alınması satılması və idarə edilməsi başqa bir struktura verildi, lakin yenidən böyük problemlərlə üzləşərək bu prosesi faktiki olaraq dayandırdılar. Düşünürəm ki, qonşularımızın buraxdığı səhvlər bizə imkan verəcək ki, bu ideyadan əl çəkib, islahatın başqa formalarına diqqət yetirək. Bir şey aydındır ki, AMEA indiki formada səmərəli fəaliyyət göstərə bilməz və ona görə də AMEA-nın fəaliyyətini kökündən dəyişməyə, ölkəmizin rifahına yönəltməyə aparan islahatlara böyük ehtiyac var.

 

Elmlər Akademiyasının dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi də cəmiyyətdə mübahisələrə səbəb olur. Bəzi məlumatsız şəxslər səhv olaraq iddia edirlər ki, Elmlər Akademiyası ABŞ-dakı kimi alimlər klubu olmalıdır. Qeyd edim ki, Amerika Milli Elmlər Akademiyası heç bir zaman və heç bir halda alimlər klubu olmamış və gün də deyil. Üstəlik, Amerika Milli Elmlər Akademiyası dünyanın ən nüfuzlu Elmlər Akademiyasından biridir. Dünyada bir sıra nüfuzlu Elmlər Akademiyaları var. Bu, ilk növbədə, Amerika Milli Elmlər Akademiyası, Çin Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyası və Almaniyadakı Maks Plank İnstitutları adlanan və Elmlər Akademiyası kimi fəaliyyət göstərən və 80 elmi-tədqiqat institutu və mərkəzləri özündə birləşdirən qurumdur.

 

Dünyanın iki aparıcı iqtisadiyyatları olan ABŞ və Çin - dünyanın ən nüfuzlu və güclü Elmlər Akademiyalarına malikdirlər. Onların fəaliyyəti bu ölkələrin iqtisadiyyatının artmasına kömək edir, çünki bu Akademiyalar dövlət sifarişlərini uğurla yerinə yetirir, elmlə dövlətin qarşılıqlı əlaqələrini əks etdirirlər. Çin, Rusiya Elmlər Akademiyaları və Maks Plank İnstitutları tamamilə dövlət büdcəsindən maliyyələşirlər. Amerika Birləşmiş Ştatlarında Amerika Milli Elmlər Akademiyası, Milli Mühəndislik Akademiyası və Milli Tibb Elmləri Akademiyası heç bir halda alimlər klubu deyillər və burada hər il elmi tədqiqatlara 500 milyard dollardan çox vəsait ayırırlar. Bunun təxminən yarısı federal büdcədən, digər yarısı isə xüsusi sifarişlər üçün özəl şirkətlərdən gəlir. Hazırda Amerika Milli Elmlər Akademiyasının üzvləri arasında 190 Nobel mükafatı laureatı və adları müxtəlif elmi sahələrin inkişafı ilə bağlı olan dünyanın ən məşhur alimləri vardır. Bu da onun yüksək elmi nüfuzundan xəbər verir. Eyni zamanda Amerika Milli Elmlər Akademiyası, ABŞ-ın iqtisadiyyatının inkişafında mühüm rol oynayan və “elm, texnologiya və tibb məsələlərində millətin müşaviri” adlandırılır. Amerika Milli Elmlər Akademiyasına postsovet respublikalarından yalnız rus alimləri seçilib.

 

Qarşıya sual çıxır – Azərbaycanda elm sahəsində hansı islahatlar aparılmalıdır ki, AMEA gənc dövlətimizin inkişafına töhfə verən səmərəli elmi quruma çevrilsin?

 

Birinci. AMEA-nın institutlarında attestasiyada keçirmək, elmin inkişafına mane olan amillər aradan qaldırılmalıdır. Hər bir qurumun nəşrlərini təhlil edib və onları qiymətləndirmək lazımdır. Təhlil göstərir ki, Elmlər Akademiyasının İnstitutlarında bu gün təxminən 300-600 işçi çalışır və bu qurumlar Web of Science məlumat bazasına daxil olan jurnallarda ildə 70-150 məqalə dərc edirlər. Bu nəşrlərin hazırlanmasında 30-50 nəfər iştirak edir və bu qrup ildən-ilə çox az dəyişir. Belə çıxır ki, 300-600 işçisi olan institutda əsas işi cəmi 30-50 nəfər görür. Mən işçilərin dərhal ixtisar edilməsinin qəti əleyhinəyəm, cünki bu ağır sosial nəticələr verə bilər. Bununla belə, məsələn, növbəti 3-5 il üçün plan tərtib edib hər bir işçinin və bütövlükdə institutların işini qiymətləndirib müvafiq islahatlar həyata keçirmək olardı. Attestasiya nəticəsində elmi işçilərin və instutların sayı optimallaşdırılmalıdır, amma əldə edilən vəsaitlər məhz Akademiyada qalmalıdır. Bu vəsaitlər dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə və alimlərin maaşlarının artırılmasına istifadə oluna bilər.

 

İkinci. Elmi qurumlar tərəfindən dövlət sifarişlərinin yerinə yetirilməsinə diqqət yetirib və gələcəkdə fundamental elmin inkişafını unutmayaraq (fundamental elm olmadan nə tətbiqi elmin inkişafı və ümumiyyətcə elmin inkişafından danışmaq mümkün deyil), əsasən dövlət sifarişləri üçün vəsait ayrılmalıdır.

 

Üçüncü. 44 günlük qələbə ilə başa çatan Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağın dirçəlişi üçün həm fundamental, həm də humanitar elmlər qarşısında konkret vəzifələr qoydu. Bunlar ağıllı şəhər və kəndlərin yaradılması (fundamental və tətbiqi elm) və Qarabağda mənəvi həyatın dirçəldilməsidir (humanitar elmlər). Burada dövlət sifarişləri olmalı və bu sifarişlər AMEA-nın himayəsi ilə həyata keçirilməlidir. Ağıllı şəhər və kəndlərin yaradılması məsələlərində Azərbaycanın böyük təcrübəsi yoxdur. Bunun üçün İsrail, Danimarka, Finlandiya, Türkiyə və s. kimi qabaqcıl ölkələrin bu istiqamətdə təcrübələrindən yararlanmaq və onları belə sifarişləri yerinə yetirməyə dəvət etmək lazımdır. Lakin zəruridir ki, azərbaycanlı mütəxəssislər də bu prosesdə iştirak etsinlər, çünki bu da onlara təcrübə toplamaq və gələcəkdə bu məsələləri təkbaşına həll etmək imkanı verərdi. Üstəlik, hesab edirəm ki, Azərbaycanda bu cür layihələrin həyata keçirilməsində fəal iştirak edə biləcək kifayət qədər yüksək ixtisaslı proqramçılar və İT mütəxəssisləri var. Təəssüflər olsun ki, Akademiyada maaş az olduğu üçün belə mütəxəssislər özəl şirkətlərdə çalışır və orada ayda bir neçə min manata qədər qazana bilirlər. Belə dövlət layihələrinin həyata keçirilməsi Elmlər Akademiyasına əlavə vəsaitlər gətirəcək, və mütəxəssislərin AMEA-ya cəlb edilməsinə və gələcəkdə dövlətimiz üçün zəruri olan müxtəlif layihələri öz gücümüzlə həyata keçirməyə imkan verəcək.

 

Dördüncü. Kadr hazırlığının keyfiyyətinə, elmin və ən əsası dövlətin tələblərinə cavab verən layihələrin həyata keçirilməsinə diqqət yetirmək məqsədə uyğun olardı. Əgər institut nüfuzlu jurnallarda məqalələr dərc etmirsə, lazımı kadrlar hazırlamırsa, dövlət sifarişlərinin icrasında iştirak etmirsə, belə elmi müəssisələrə nə ehtiyac var.

 

Beşinci. “Elm haqqında” qanuna aşağıdakı əlavələr etmək məqsədə uyğun olardı:

 

a) Azərbaycana gətirilən elmi avadanlıqlar vergidən azad edilməlidir. Bu prinsip demək olar ki, bütün ölkələrdə tətbiq olunur. Azərbaycanda 2015-ci ilə kimi bu prinsip həyata keçirilirdi, lakin sonralar məlum olmayan səbəblərdən dayandırılmışdır.

 

b) elmi ekspertiza və ya elmi məhsulların alınması üçün Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir təşkilat ilk növbədə AMEA-ya müraciət etməlidir və Elmlər Akademiyası bu məsələni həll edə bilməzsə, o zaman digər xarici təşkilatlara müraciət edə bilərlər. Belə yanaşma AMEA-ya əlavə vəsaitlər gətirə bilərdi.

 

c) Elmlər Akademiyasının üzvü vəfat edərsə, onun pensiyada olan həyat yoldaşı onun akademik müavinətini ala bilər. Məsələ burasındadır ki, elə ailələr var ki, həyat yoldaşı praktiki olaraq həyatını ailəyə həsr edib, onun elmi fəaliyyəti üçün lazımi şərait yaradıb. Akademiya üzvünün vəfatı bu ailəni böyük ehtiyac içində qoyur. Bu addım dövlətimizə elmə, elmi xadimlərə olan diqqətli münasibətini nümayiş etdirməyə imkan verərdi. Belə ailələrin sayı cüzidir və bunun üçün ildə 50-70 min manat lazım olduğundan, əminəm ki, dövlətimiz bunu edə bilər.

 

Altıncı. Akademiyanın, eləcə də alimlərin maliyyələşdirilməsi məsələsi kökündən dəyişdirilməlidir. Hazırda Elmlər Akademiyası sistemində çalışan alimlərin maaşları ali məktəblərdə eyni vəzifələrdə çalışan şəxslərlə müqaisədə az qala iki dəfə azdır. Akademik institutlar ali məktəblərə keçirilərsə, o zaman onlara universitet maaşlarının hansı mənbələrdən veriləcəyi bəlli deyil, çünki qeyd olunduğu kimi, ali təhsil müəssisələrində çalışan işçilərin maaşları Akademiyanın elmi işçilərinin maaşından təxminən iki dəfə çoxdur. Əgər bu əlavələr Dövlət büdcəsindən ödəniləcəkdirsə, o zaman institutları universitetlərə vermədən də bunu etmək olardı.

 

AMEA-da aparılan islahatlar sayəsində alimlərin əmək haqqı məsələsini həll etmək mümkündür. Hazırda Elmlər Akademiyasının Rəyasət Heyətinin əməkdaşlarının maaşları elmlər doktorlarının maaşından yüksəkdir. Mən ümumiyyətlə işçilərin maaşlarının azaldılmasının tam əleyhinəyəm, lakin AMEA-da çalışan elmi işçilərinin maaşı məsələsi də öz həllini tapmalıdır. Ona görə Elmlər Akademiyası sistemində islahatların aparılması bu problemləri aradan qaldırmağa imkan verərdi. Sədalanan prinsiplər institutların attestasiyasının əsasını təşkil edə bilərdi. Bu bir tərəfdən Elmlər Akademiyasının işini daha da mobilləşdirəcək, həm də institutlarda səmərəli elmi fəaliyyətə şərait yaradan özəyini qoruyacaqdır. Digər tərəfdən, bu, həm də (dərhal deyil) elmi qurumların işçilərinin sayını optimal səviyyəyə endirməyə və ola bilsin ki, bəzi qurumları birləşdirməyə imkan verəcək. Bununla belə, qənaət edilən vəsait, AMEA-nın ixtiyarına verilməlidir ki, bu da işçilərin maaşlarına əlavə oluna və ya konkret dövlət sifarişlərinin yerinə yetirilməsinə yönəldilə bilər.

 

AMEA-nın illik iclasında vitse-prezidentlərin məruzələrində Elmlər Akademiyasının 2021-ci ildə əldə etdiyi uğurlar, məsələn, Web of Science məlumat bazasına daxil olan jurnallarda dərc olunan məqalələrin sayının artması vurğulanmışdır. Sual yaranır ki, Akademiyanın kollektivi hər il belə işlərin sayını artıracaqsa, bundan sonra Akademiya və ölkəmiz üçün nə baş verəcək və bunun nə faydası olacaq? Fəlsəfənin kəmiyyətin keyfiyyətə çevrildiyi adlı məşhur qanunu var. Burada keyfiyyət dedikdə jurnalların sifarişi ilə məqalələrin dərci (dəvət olunmuş məqalə), beynəlxalq konfranslara plenar məruzələrlə dəvətlər, çıxışlar üçün dəvətlər və beynəlxalq elm və təhsil mərkəzlərində birgə iş nəzərdə tutulur. Nədən belə yanaşma elmi işin keyfiyyətidir və nə üçün bu qədər vacibdir? Məsələ burasındadır ki, məqalələr sifariş edilərkən və ya alimləri plenar məruzə və ya çıxışlara dəvət edərkən, birgə tədqiqatlar apararkən dəvət edən tərəf müvafiq vəsait ayırır ki, bu da bu alimin apardığı tədqiqatın əhəmiyyətini təsdiqləyir, çünki bu gün dünyada heç kim lazımsız araşdırmalara pul xərcləməyəcək. AMEA-da bu məsələdə böyük boşluq var və onu doldurmaq lazımdır. Beynəlxalq konfranslara və ya elmi mərkəzlərə dəvət alanların və elmi araşdırmalar üçün plenar məruzəçi qismində bu gün AMEA-nın az sayda alimləri vardır. Bunun üçün nə etmək lazımdır? Azərbaycanda elmi kadrların hazırlanması məsələsinə nəzər salaq. Bu gün namizədlik dissertasiyasını müdafiə etmək üçün namizədlik minimumu deyilən ixtisas üzrə bir imtahan tələb olunur. Bu yanaşma 19-cu əsrdə Almaniyada yaranıb, sonralar Rusiya, sonra isə SSRİ tərəfindən qəbul olunub. XX-ci əsrin ikinci yarısında məlum oldu ki, müxtəlif bilik sahələrinin bir-birinə inteqrasiya olunması, müasir elm üçün güclü mütəxəssis hazırlamaq üçün bir imtahan kifayət etmir. Ona görə də 1950-ci illərdə Almaniya bu sistemdən tamamilə imtina edərək, fəlsəfə doktoru dərəcəsi almaq üçün müxtəlif elm sahələri üzrə xüsusi kurslarda iştirak etmək və imtahanlardan keçmək lazım olan sistemə keçdi. Belə bir sistem indi bəzi postsovet ölkələri istisna olmaqla, demək olar ki, dünyanın bütün ölkələrində qəbul olunub.SSRİ-də namizədlik dissertasiyası üçün iddiaçılar üçün aparıcı elm və təhsil müəssisələrində, məsələn, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ Elmlər Akademiyasının bir çox institutlarında və digər aparıcı elm və təhsil müəssisələrində bir neçə imtahan tələb olunurdu.

 

Bu gün Rusiyada demək olar ki, bütün aparıcı elmi qurumlar bu prinsipdən istifadə edirlər və bizim nəyi gözlədiyimiz bəlli deyil. Azərbaycanda da belə bir sistemə keçmək məqsədəuyğun olardı. Belə sistemə keçid həm Akademiyanın, həmdə müəllimlərin və əməkdaşların dərs yükünü artırardı və onların əməkhaqlarınada müsbət təsir göstərərdi. Üstəlik, bunun üçün dövlət büdcəsindən əlavə vəsait cəlb etməyə ehtiyac qalmazdı. Bunun üçün bütün ixtisaslar üzrə alimlərimiz elmi fənlər üzrə müxtəlif dərslərin verilməsini təklif etmələri zəruridir. Doktorantlar bu dərsləri dinləyib müvafiq imtahanlardan keçməlidirlər.

 

Biz bakalavr-magistr-doktor sisteminə keçmişik, və burada hər mərhələdə bütün şərtlərə əməl etmək lazımdır. Belə bir sistem uzun illərdir ki, qardaş Türkiyədə uğurla tətbiq olunur.

 

Doktorantların yüksək keyfiyyətli hazırlanması üçün 2+3 sisteminə keçmək lazımdır. Bu o deməkdir ki, magistraturaya qəbul imtahanını verdikdən sonra elmi şuranın tövsiyəsi ilə şəxs dərhal 2+3 sistemini seçə bilər, yəni, magistraturadan dərhal sonra təhsil doktoranturada davam etdiriləcək. Bunun üçün universitetin müvafiq kafedrasında və ya fakültəsində və ya Akademik İnstitutunda müsahibədən keçmək lazımdır. Bu, elmi kadrların daha səmərəli hazırlanmasına imkan verəcək. Yuxarıda qeyd olunanlar uzun illərdir ki, dünyanın bir çox ölkələrində uğurla istifadə olunur və bakalavr-magistr-doktorantura sisteminin tərkib hissəsidir.

 

Vacib məsələ beynəlxalq elmi əməkdaşlıqdır. Müasir elm kollektiv anlayışdır. Riyaziyyat kimi zahirən fərdi görünən bilik sahəsi belə indiki mərhələdə kollektiv anlayışdır. Bütün mühüm müasir elmi nailiyyətlər, hətta riyaziyyatda belə, kollektiv əməklə əldə edilib. Heç bir onlayn imkanlar üz-üzə ünsiyyəti əvəz edə bilməsə də, bununla belə, informasiya texnologiyalarının imkanları pandemiya zamanı müxtəlif qitələrdən olan alimlərə müəyyən dərəcədə birgə işləməyə imkanı verir. Aydındır ki, bu gün ingilis dilini bilmədən beynəlxalq əlaqələri inkişaf etdirmək mümkün deyil. Müasir elmi tədqiqatları ingilis dilindən istifadə etmədən təsəvvür etmək çətindir, çünki demək olar ki, bütün aparıcı elmi jurnallar ingilis dilində nəşr olunur. Ona görə də müvafiq elmi ədəbiyyatı oxumadan elmi araşdırma aparmaq çətindir. 1970-ci illərdən əvvəl doğulmuş, xarici dil bilməyən alimləri başa düşmək olar, çünki onlar başqa bir dövrdə yaşayıblar və sovet dövründə bir çox elmi jurnallar rus dilinə tərcümə olunurdu. Halbuki 1970-ci illərdən sonra doğulan tədqiqatçılar müstəqilliyimizin 30 ili ərzində ən azı ingilis dilində nəşr olunan elmi məqalələri, kitabları oxumağı öyrənməli idilər. Gənclərimiz həmçinin inkişaf etməkdə olan ölkələrin gənc alimlərinə kömək məqsədi daşıyan elmi təqaüdlər verən müxtəlif beynəlxalq təşkilatların, məsələn, Ford, Volkswagen, Humboldt və digərlərinin imkanlarından istifadə etməlidirlər. Çox vaxt biz mükafatlar və təqaüd anlayışlarını, məsələn, Humboldt Təqaüdü ilə Humboldt Mükafatını qarışdırırıq. Bunlar tamamilə fərqli anlayışlardır. Humboldt Təqaüdü elmi kadrların hazırlanmasında kömək etmək üçün əsasən inkişaf etməkdə olan ölkələrin nümayəndələrinə verilir. Bu gün dünyanın 130 ölkəsindən 35 000-dən çox Humboldt təqaüdçüsü var ki, bu da Aleksandr Humboldt Fondunun və ümumilikdə Almaniyanın gənc mütəxəssislərin hazırlanmasında mühüm töhfəsini təsdiqləyir. Humboldt Mükafatına gəldikdə onun laureatlarının sayı 5000-nə yaxındir. Bu, elm sahəsində çox mötəbər mükafatdır və elm adamlarına görkəmli nailiyyətlərə və dünya elminə verdiyi töhfələrə görə verilir. Təəssüflər olsun ki, bütün elm tariximizdə bir nəfər də olsun Azərbaycan alimi bu yüksək mükafata layiq görülməyib. Bu illər ərzində gənc tədqiqatçılarımız Almaniyada işləmək və ixtisaslarını artırmaq imkanı verən Humboldt təqaüdü alıblar. Hesab edirəm ki, AMEA-nın elmi kadrlarının (magistrlərin, doktorların) hazırlanması üçün geniş proqramlara malik olan Almaniyanın tanınmış DAAD təşkilatı (Deutscher Akademischer Austauschdienst, Alman Akademik Mübadilə Proqramları Fondu) ilə də əlaqələr qurması məqsədəuyğun olardı. Həmçinin Ümumdünya Elmlər Akademiyası (TWAS), Beynəlxalq Nəzəri Fizika Mərkəzi (ICTP) və digər beynəlxalq təşkilatlar tərəfindən ayrılan və verilən təqaüdlərdən və mükafatlardan yararlanmaq lazımdır. Dünya Elmlər Akademiyası nəzdində Beynəlxalq Akademiyalar Assosiasiyası yaradılıb və AMEA bu ​​quruma qoşulmalıdır. Bunun üçün Elmlər Akademiyamızın Nizamnaməsini ingilis dilinə tərcümə edib Akademiyanın saytında yerləşdirmək və TWAS ilə əlaqə saxlamaq lazımdır. Bu, bizə beynəlxalq elmi mühitə inteqrasiya etməyə imkan verəcək, bunsuz müasir elmin inkişafını təsəvvür etmək çətindir.

 

İslahatlara tələsmək lazımdır, çünki dünyada mövcud vəziyyət hər bir ölkədən elmi texnologiyaları ölkənin inkişafına, iqtisadiyyatına uğurla tətbiq etməyi tələb edir və Elmlər Akademiyaları olmadan bunu etmək çətindir.

 

Fransız bioloqu Jan Rostinin məşhur kəlamını xatırlatmaq istəyirəm: “İnsanlar insan olmadan öncə Elm onlara İlahi güc verdi”. Bu, elmin ilahi qüdrətindən xəbər verir, və elm və müasir texnologiyalar dövlətimizin inkişafına yönəldilməlidir. Bu prosesdə Azərbaycan Milli Elmlər Akademiyası böyük rol oynamalıdır, çünki bizim əsas məqsədimiz elmin bütün gücünü dövlətimizin möhkəmlənməsinə və inkişafına yönəltməkdir.

 

Asəf Hacıyev

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının

Parlament Assambleyasının baş katibi,

AMEA-nın akademiki, Dünya Elmlər Akademiyasının üzvü

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı