Koronavirus pandemiyası zamanı insanları sakitləşdirən məsələlərdən biri uşaqların bu virusa nadir hallarda yoluxması, yoluxma halında xəstəliyi rahat keçirməsi ilə bağlı idi.
Doğrudan da, yalnız ağır xəstəliyi olan azyaşlılar COVID-19-a yoluxma zamanı fəsadlar yaşadılar. Pandemiya dövründə uşaq və yeniyetmələrin nadir hallarda, lakin ciddi çoxsistemli iltihab sindromuna məruz qalması ilə bağlı məlumatlar yayılırdı ki, mütəxəssislər bunun COVID-19 ilə əlaqəli olduğunu istisna etmirdilər. Çünki bu uşaqların çoxunda COVID-19 testinin nəticəsi pozitiv olmuşdu. Lakin patologiyaya məhz koronavirusun səbəb olub-olmadığı bəlli deyildi.
Koronovirusun rahat keçməsi uşaqlar üçün daha təhlükəli virusların yox olması demək deyil. Uşaqlar arasında yayılan infeksion xəstəliklər adətən çox təhlükəli olur, bəzi hallarda ağır keçərək hətta ölümlə də nəticələnə bilərlər.
İnfeksion agentlər – viruslar, bakteriyalar, göbələk və digər mikroorqanizmlər tərəfindən törəyən xəstəliklər yoluxucu xəstəliklərdir. Belə xəstəliklərin bir neçə ötürülmə mexanizmi var – hava yolu, təmas vasitəsilə, transmissiv (daşıyıcılar) qidalanma və çirklənmiş su yolu ilə cinsi və anadan uşağa.
Uşaqlar arasında əsasən bu yoluxucu xəstəliklərə rast gəlinir:
SUÇİÇƏYİ
Virus mənşəli yoluxucu xəstəlik olan suçiçəyi uşaqlarda tez-tez rast gəlinir və nisbətən yüngül keçir. Xəstəliyi varicella-zoster virusu törədir. Xəstəlik təxminən 14 gün davam edir, bəzən 20 günədək uzanır. Xəstəliyin əsas əlamətləri dəridə əmələ gələn səpkilərdir. Amma bəzən bundan bir gün əvvəl uşaqda yüngül hərarət, halsızlıq, anoreksiya kimi başlanğıc əlamətləri izlənir.
Əvvəlcə dəridə çəhrayı qabarıq şəkilli səpkilər izlənir. Bir neçə saatda qırmızı içi maye dolu şəkil alır. Həmin maddələr asanlıqla partlaya bilir. İçindəki şəffaf maye 12-24 saat ərzində yayğınlaşır və üstü qabıq bağlayaraq qəhvəyi pulcuqlar halında tökülür.
İçi maye dolu kisəcikləri partlatsanız, gələcəkdə onun izləri dəridə qala bilər. İlk çıxan səpkilər 3-4 gündən sonra yoxa çıxsa da, bədəndə yeniləri yaranır. Beləcə, eyni vaxtda bir neçə fərqli formalı səpkilər olur. Səpkilər qaşınırsa, buralarda həm iz qala, həm də yeni bir bakteriyalar yarana bilər.
İmmunitet sistemi normal olan xəstələrdə müalicə olaraq yalnız qaşıntnın və bakteriya infeksiyasının qarşısının alınması üçün tətbiq olunur. Qaşıntısı yüngül olanlar losyon müalicəsi, daha ağır olanlar isə həblərlə müalicə edilir.
Bununla yanaşı, uşaqlarda sanitariya qaydalarına riayət edilir, gündəlik təmizlik aparılır. Temperaturu yüksək olan uşaqlara qızdırma əleyhinə dərman verilir. Lakin heç bir halda “aspirin” dərmanı verilməməlidir. Çünki virus infeksiya keçirən uşaqlara aspirin verilsə, Rey sindromunun ortaya çıxma ehtimalı çox yüksəkdir. Reyə sindromu qaraciyər yağlanması ilə bağlı olaraq inkişaf edən ciddi funksiya itkisidir. Bu itki nəticəsində şüur dəyişikləri ilə özünü göstərən komaya qədər gedən ölümcül bir vəziyyət ortaya çıxa bilər. Yeniyetmələrdə və immunitet sistemi sağlam olmayan suçiçəyi xəstələrində antiviral müalicə tətbiq olunur.
Suçiçəyində yoluxma müddəti səpkilər çıxmadan 1-2 gün əvvəl başlayır. Bütün səpkilər qabıqlanmaya qədər davam edir. Xəstə uşaqla eyni evdə yaşayanların yoluxma ehtimalı çox yüksəkdir. Xəstəlik qışın sonu, yazın əvvəli dövründə tez-tez rast gəlinir.
Suçiçəyi keçirən uşaqlar səpkilərdəki qabıqlar düşənə qədər məktəbə göndərilməməlidir. Təmas zamanı ilk 72 saat ərzində peyvənd olunmaq uşağı xəstəlikdən qoruya bilər.
MƏXMƏRƏK
Məxmərək Rubivirus cinsindən olan RNT tərkibli virus tərəfindən törədilir. Bu virus ətraf mühitin faktorlarına qarşı az dözümlüdür. Ultrabənövşəyi şüaların, dezinfeksiyaedici kimyəvi vasitələrin, istinin təsirindən aktivliyi sönür. Virus otaq temperaturunda bir neçə saat yaşayır. Məxmərək törədicisinin mənbəyi xəstə insandır.
Kəskin virus infeksiyası olan məxmərək virusu insan nəfəs alarkən tənəffüs yollarının selikli qişasından orqanizmə daxil olur. Virusun çoxalması və toplanması regionar limfa düyünlərində baş verir. Törədici qanla yayılaraq, digər limfa düyünlərini zədələyir, dəri örtüklərində çökərək, immun reaksiyalara səbəb olur. Formalaşmış anticisimlər virusla mübarizə aparmaqla, orqanizmi təmizləyir. Postinfeksion immunitet ömürlükdür.
Xəstəliyin başlanğıc mərhələsində həm böyüklərdə, həm də uşaqlarda ənsə və boyun nahiyələrinin limfa düyünlərinin limfadeniti qeydə alınır. Limfa düyünlərinin ölçüləri böyüyür, onlara toxunduqda ağrı yaranır. Limfadenit 2-3 həftəyə qədər davam edə bilər. Kataral dövrdən sonra səpkilər əmələ gəlir. Adətən səpkidən əvvəl qaşınma olur.
İnkubasiya dövrü 10-25 gün davam edir və xarakterik səpkilərlə xarakterizə edilir. Məxmərəyin tipik əlamətləri sayılan səpkilər əvvəlcə üz nahiyəsində yaranır. Onlar qısa zaman ərzində ovuc və ayaqların altı istisna olmaqla, bütün bədənə yayılır.
Xəstəlik həm klinik simptomatika ilə, həm də gizli formada gedə bilir. Virusun ifrazı ekzantemadan 1 həftə əvvəl başlayır, orta hesabla 5-7 gün davam edir. Uşaqlarda anadangəlmə məxmərək zamanı törədici burun-udlağın seliyi, sidik, bəzən isə nəcislə ifraz edilir.
Məxmərək əsasən hava-damcı yolu ilə yayılır. Yoluxma təmas-məişət yolu (oyuncaqlar, qab-qacaq) ilə də baş verə bilər. Hamilələr məxmərəyə tutulduqda infeksiya ciftlə dölə ötürülür. Suçiçəyi, qızılca xəstəliklərinin törədicilərinə nisbətən məxmərək virusu dözümsüz olduğundan infeksiyaya yoluxma ancaq sıx təmas hallarında mümkündür.
Adətən subfebril temperatur (37,6-a kimi) olur, nadirən yüksək hərarət də ola bilir, zəif zökəm əlamətləri-burun axıntısı, başağrısı, xəfif konyuktivit (gözün selikli qişasının iltihabı) müşahidə olunur. Ən xarakterik əlaməti isə limfoadenopatiyalardır.
Səpkilər isə əvvəlcə üzdən başlayıb 24 saat içində sürətlə boyun, qollar, gövdə və bütün ətraflara yayılır. Səpkilər qızılcaya nisbətən seyrək halda olub, basdıqda solan və qaşınmayan xarakterdə olur.
75-90% hallarda səpkilər xəstəliyin ilk günündə meydana çıxır. Onlar əvvəlcə üz, boyun, qulaq arxası və başın tüklü hissəsində formalaşır. 1 sutka ərzində səpki dərinin bütün sahələrini (ovuc və ayaqaltından başqa) bürüyür. Oynaqların açıcı səthləri, kürək və sağrı nahiyəsinin səpkiləri daha qabarıq olur. Nadir hallarda ağzın selikli qişasında kiçik ölçülü enantema (Forheym ləkəsi) aşkarlanır.
Səpkilər xırda olub, dəri səthindən hündürə qalxmır. Ləkələr üçün qırmızı və ya çəhrayı çalar, girdə forma, hamar kənarlar xarakterkdir. Səpki elementlərinin ətrafındakı dəri örtüyü dəyişilmir. Böyüklərdə səpkilər çox zaman öz aralarında birləşir. Uşaqlarda isə bu əlamətə təsadüf olunmur. Səpmə dövründə bədən temperaturu norma həddində olur və ya sübfebril rəqəmlərə qədər yüksəlir. Səpki təxminən 4 gün ərzində qalır, sonra isə heç bir iz qoymadan sürətlə itir.
Məxmərək yalnız prosesə bakterial infeksiya qoşulduqda fəsadlaşır. Onlara ikincili pnevmoniya, angina, otit aiddir. Bəzən artir, trombositopenik purpura məxmərəyin ağırlaşmasına səbəb olur. Böyüklərdə nadir hallarda sinir sistemi tərəfdən fəsadlaşma: ensefalit, meninqoensefalit, ensefalomielit qeydə alınır.
Məxmərək adətən ambulator şəraitdə müalicə edilir. Təhlükəli ağırlaşmalar baş verdikdə xəstə hospitalizasiya edilir. Əksər hallarda formalaşmış immun cavabla əlaqədar virusun eliminasiyası nəticəsində öz-özünə sağalma baş verir. Əksər hallarda xəstəlik tam sağalma ilə nəticələnir. Xəstəlik ensefalitlə ağırlaşdıqda proqnoz pisləşir.
İnkişaf etmiş ölkələrdə məxmərəyin spesifik profilaktikası peyvəndlə həyata keçirilir. Vaksinasiya 2 dəfə aparılır: ilk dəfə – uşaq 12-16 aylıq olduqda, revaksinasiya – 6 yaşda. Ehtiyac yarandıqda yeniyetmə qızlar və gənc qadınlar təkrarən peyvənd oluna bilər.
Məxmərəyə tutulan şəxslər səpkilər əmələ gəldikdən sonra 5 gün ərzində izolyasiya olunur. Xəstələrə və təmasa girən insanlara görə xüsusi karantin tədbirləri yoxdur. Məxmərək adətən uşaqlarda fəsadsız keçir.
QIZILCA
Uşaqlar arasında çox rast gəlinən digər bir xəstəlik - qızılcadır. Xəstəlik ən irəliləmiş vəziyyətlərində sətəlcəm və beyin iltihabı kimi durumlara yol aça bilər. 6 aydan əvvəlki körpələrdə nadir olaraq görülür. Çünki anadan alınan anticisimlər körpəni bu xəstəlikdən qarşı qoruyur. Xəstəlik uşağa yaxın təmas və hava-damcı yolu ilə keçir. Virus bədənə yoluxduqdan təxminən 10 gün sonra əlamətlərini göstərməyə başlayır.
Qızılca xəstəliyinin yayılması xəstəliyə qarşı peyvəndinin kəşfindən sonra azalıb. Hazırda bu xəstəlik məktəbəqədər yaşda olan uşaqlarda müşahidə olunur. Bir dəfə qızılca keçirən orqanizmdə artıq xəstəliyə qarşı immunitet qazanılır və daha yoluxma baş vermir.
Qızılcanın əlamətləri ilk 2 gündə burun axıntısı, qızdırma, gözlərdə sulanma və qızarma, gözdə ağrıma, öskürək kimi özünü büruzə verir. Xəstədə işığa qarşı həssaslıq da yaranır. 3-cü gün ağız içində ağ nöqtə şəklində ləkələr görünür. 4-cü gün isə bu əlamətlərdən sonra dəridə səpgilər meydana gəlməyə başlayır. Səpgilər alın və boyun bölgəsində başlayır, sonra isə bədənə yayılır. Səpgilər yüngül qabarıq və qırmızı olur. Bəzən xəstəlik fəsadlar da verə bilər. Qızılca keçirən körpə uşaqlarda orta qulaq iltihabı görülə bilər. Sətəlcəm də xüsusilə yaxşı bir baxım təmin edilə, qidalanmasına diqqət edilməyən uşaqlarda öldürücü ola bilməkdədir.
Bədəndəki səpgilər adətən 1 həftəyə qədər davam edir və sonra öz-özünə itməyə başlayır. Uşağın qızdırmasını salmaq üçün ona bol maye verilməlidir. Uşağın yaxşıca istirahət etməsi də əhəmiyyətlidir. Həmçinin xəstəliyin müalicəsində A vitamini təşkil edən qidaların, yaxud A vitamini qəbul edilməsinin də əhəmiyyəti var. Uşağın işığa qarşı həssaslıq göstərmə ehtimalına qarşı işığın olmadığı yüngül qaranlıq bir otaqda dayanması daha rahat hiss etməsini təmin edə bilər.
Körpəni qızılca xəstəliyinə qarşı qorumaq üçün ən təsirli vasitə peyvəndlərin zamanında vurulmasıdır. Peyvənd uşaq üçün 95%-ə qədər qorumanı təmin edir.
İnfeksiyalara qarşı peyvəndlərin əhəmiyyəti
Bəzi infeksion xəstəliklər var ki, peyvəndləmə sayəsində onlara qalib gəlmək mümkün olub. Düzdür, bəzi peyvəndin əks təsirləri də olur. Məsələn, vaksindən sonra uşaqda qızdırma, ola bilər. Bu, adətən peyvənd olunan uşaqların təxminən 10%-də müşahidə edilir.
YOXA ÇIXAN YOLUXUCU XƏSTƏLİKLƏR
Peyvəndin köməyilə ram edilən xəstəliklərdən biri də öldürücü xəstəlik olan poliomielitdir. Respublikamızda milli peyvənd təqvimi ilə bir sıra yoluxucu xəstəliklərə qarşı peyvənd aparılır. Bu peyvəndlərin vurulması sayəsində kiçikyaşlı uşaqların çox vaxt ölümünə səbəb olan yoluxucu xəstəliklərin bir çoxu demək olar yox olub. Belə xəstəliklərdən biri də uşaqlar üçün həyati təhlükə olan poliomielit xəstəliyidir.
Azərbaycanda bu xəstəliyə son illər demək olar rast gəlinmir. Poliomielit xəstəliyi viruslar tərəfindən törədilən, beynin boz maddəsinin iltihabıdır. Əsas infeksiya mənbəyi xəstə və virusgəzdirən insanlardır. Poliomielitə, adətən, 15 yaşına qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ancaq, əsasən, 5 yaşına qədər uşaqlar xəstələnirlər.
Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. Xəstəlik, adətən, başağrısı, qusma, iştahasızlıq, yuxunun pozulması, hərarətin yüksəlməsi kimi soyuqdəymə simptomları ilə başlayır. Bir qədər sonra xəstənin ətraflarında möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir, təngnəfəslik artır.
Xəstəliyin ilk günlərindən eyni zamanda qarında ağrılar, bəzən ishal və ya qəbizlik olur. Ağrı hissiyyatının çox olması ilə əlaqədar məcburi vəziyyət yaranır, meninqeal əlamətlər inkişaf edir, əzələlərdə süst ifliclər daimi xarakter daşıyır və ətrafların kontrakturası ilə nəticələnir. Poliomielit əleyhinə xüsusi müalicə yoxdur. Xəstənin müalicəsi yalnız xəstəliyin simptomlarının (yüksək hərarətin, iştahasızlıq, əzələ, baş ağrıları və sair) yüngülləşdirilməsindən ibarətdir.
Poliomielit keçirmiş xəstələrin çoxu ciddi iflic qalıqları ilə üzləşir. Adekvat fizioterapiya müalicəsi olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur. Ona görə poliomielitin müalicəsində əsas yeri kontrakturaların profilaktikası tutur – masaj, müalicə bədən tərbiyəsi, ortopedik tədbirlər.
Poliomielitin yeganə profilaktikası peyvənd yoludur. Bu gün respublikamızda poliomielitə qarşı peyvənd uşağın 4-5 günlüyündə, 2, 3, 4 aylığında və 18 aylığında (1 yaş 6 aylıq) aparılır.
Poliomielitin ilk epidemiyası 1887-ci ildə İsveçdə baş verib. Xəstəlik 1905-ci illərdə Rusiyada şiddətlənib. 1954-cü ildən etibarən polimelit epidemiyaları dövrü olaraq artıq dünyanın 61 ölkəsində baş vermişdir. Sinir sistemini zədələyən, əzələlərin iflicinə gətirib çıxaran və ölümlə nəticələnə bilən bu xəstəlik Azərbaycanda da qeydə alınmışdır.
Qeyd etmək lazımdır ki, xəstələrin daha çoxunu 11 yaşdan 16 yaşadək uşaqlar (276 xəstə) təşkil etmişdir (40,3%). Stasionar müalicədən ötrü daxil olmuş 684 xəstədən 41 nəfəri “iməkləyənlər” olmuşdur (onlardan 26 nəfəri əl və ayaqları ilə hərəkət edirdi). Qalan 15 uşaqdan yarıdan çoxu qoltuq ağacı və ya çəliklə güclə gəzə bilir, bəzi uşaqlar isə əllərini budlarına dayaq verməklə gəzirdilər. Stasionara daxil olan digər xəstələr isə müxtəlif deformasiyalarla qeydə alınmışdır. Xəstəliyin ən ağır formasını keçirənlər “iməkləyənlərdən” ibarət olmuşdur ki, bunlar da mövcud deformasiyanı tamamilə aradan qaldırmaq üçün dəfələrlə instituta daxil olmuşlar. Deformasiyaları aradan qaldırmaq üçün əməliyyatlar tətbiq edilmişdir. Həmin xəstələr ayağa qaldırılmış, uzun müddət müstəqil yeriməyə öyrədilmişlər. Əməliyyatların çoxu sümükiçi keyitmə ilə tətbiq olunmuşdur. Əməliyyatlar nadir hallarda ümumi və ya qarışıq narkoz altında həyata keçirilmişdir.
UŞAQLAR ÜÇÜN PEYVƏNDLƏRİN VACİBLİYİ
Uşaq infeksion xəstəliklərinin profilaktikasında əsas məsələlərdən biri peyvəndlərin vaxtında aparılmasıdır. Bu məqsədlə dövlət tərəfindən xüsusi peyvənd təqvimi hazırlanıb. Vaksinasiyadan əvvəl sahə həkimi mütləq uşağı müayinə edir. Həmçinin, peyvənddən sonra uşağın davranışlarına diqqətli yanaşmaq, onları bir müddət digər uşaqlar və böyüklərlə ünsiyyətini məhdudlaşdırmaq, qida rasionundan allergiya verə biləcək maddələri çıxarmaq lazımdır.
Həkimin göstərişi ilə peyvəndlərin vurulması uşaqları ölümcül və infeksion xəstəliklərdən qoruyur.
Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəlikləri kafedrasının müdiri, T.ü.f.d. dosent Cəlal İsayev bildirir ki, yay aylarında uşaqlar arasında enterovirusların, rotavirusların yayılma ehtimalı var. Bunlar uşağın həyatı üçün adətən təhlükə təşkil eləmir. Yüngül infeksiyalar olur, 3-4 gün müddətində uşaqda qızdırma və ya digər simptomlar müşahidə edilir, sonra isə müalicə tələb etmədən çıxıb gedir. Onun sözlərinə görə, epidemioloji situasiya gərgin olmadığı hallarda, kütləvi yoluxmalar olmadığı halda bahalı müayinələr aparmağa ehtiyac qalmır.
İNFEKSİYALARA YOLUXMAMAQ ÜÇÜN NƏ ETMƏLİ?
Mütəxəssisin sözlərinə görə, yoluxucu infeksiyaların profilaktikası üçün uşaqlar sanitar-gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Uşaq tərbiyə müəssisələrində yeməklərin bişirilməsi və oyuncaqların təmizliyinə sanitar nəzarət, həmçinin məktəbəqədər və məktəbyaşlı uşaqların şəxsi gigiyena qaydalarının öyrədilməsi vacibdir.
Uşaqların immunitetinin gücləndirilməsi üçün yay - ən ideal dövrdür. Qışda uşaqların yoluxucu xəstəliklərə daha dözümlü olması üçün mütləq yay fəslində çimərlik prosedurları qəbul edilməlidir. Uşaqlar müəyyən edilmiş vaxtda dənizdə olmalı, mütəmadi gəzməyə çıxarılmalıdır. Mövsümi meyvələr çoxlu qəbul edilməlidir, çünki təzə qidanın tərkibində vitaminlər çox olur. Uşağın iştahsızlığından şikayətlənən valideynlər mütəmadi olaraq onları gəzintiyə çıxarmalıdır. Uşaq xəstə deyilsə, iştahsızlığın səbəbi hərəkətsizlikdir. Ən əsası uşaqların yuxu rejiminə diqqət yetirilməlidir. Tətil olduğundan uşaqlar istədikləri vaxt yuxudan oyana bilərlər. Çünki hər bir uşağın öz bədən bioritmi var. Yuxusu normal olmayan uşaq əsəbi, iştahsız və yorğun olur.
Uşaqda əl yuma vərdişinin formalaşması infeksion xəstəliklərlə mübarizədə ən sadə üsullardan biridir. Uşağa gün ərzində əllərini üzə, ağız çevrəsinə və gözlərinə sürtməməsi, xüsusilə tualetdən sonra və yeməkdən qabaq mütləq şəkildə əllərini yumağı öyrədin. Su və sabunun olmadığı yerlərdə istifadə üçün çantalarına əl üçün dezinfeksiya edici salfetlər və maye qoyun.
Uşaqların ev yeməkləri ilə nizamlı bəslənməsi, yaşa uyğun və nizamlı olaraq protein, vitamin və mineral ehtiyaclarının qarşılanması infeksiya qarşısında tab gətirməyə kömək edir. Portağal, kivi kimi meyvələr və yaşıl yarpaqlı tərəvəzlərdə bol miqdarda A və C vitaminləri vardır. Qan azlığından əziyyət çəkən uşaqlarda infeksion xəstəliklərə tez-tez rast gəlinir.
Uşaqları soyuq havadan çox insanların kütləvi olduğu məkanlar xəstələndirir. Qapalı məkanlarda mikroblar sürətlə çoxalır. Ona görə də uşaqların olduğu məkanlarda havalandırmaya diqqət etmək lazımdır.
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır. Məqalənin məzmunu İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin cavabdehliyindədir, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirmir.