Modern.az

DİN-də Xocalıda şəhid olmuş polis əməkdaşları anılıb

DİN-də Xocalıda şəhid olmuş polis əməkdaşları anılıb

Aktual

25 Fevral 2013, 19:09

Fevralın 25-də Daxili İşlər Nazirliyində Xocalıda şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.
Tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov çıxış edib. O bildirib ki,  1992-ci il fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək silahlanmış erməni silahlı dəstələri 366-cı motoatıcı alayın şəxsi heyətinin və ağır texnikasının köməyi ilə mühasirədə olan Xocalını işğal edib. Həmin gecə şəhər əhalisindən 613 nəfər öldürülüb, 487 nəfər şikəst olub, 1275 nəfər - qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmlərə, təhqir və həqarətlərə məruz qalıb. 150 nəfərin taleyi hələ də məlum deyil.
Xocalının müdafiəsi zamanı düşmənlə qeyri-bərabər döyüşlərdə 17 polis əməkdaşının da qəhrəmancasına həlak olduğunu xatırladan nazir müavininin təklifi ilə soyqırıma məruz qalmış  xocalıların, eləcə də ərazi  bütövlüyümüz və suverenliyimiz uğurunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu deyən Ə.Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, işğaldan sonra bütün maddi mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılması bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayətdir.

Nazir müavini Əsgər Ələkbərov vurğulayıb ki, artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü ifşa olunub və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. Pakistan, Meksika, Kolumbiya, Rumıniya və digər ölkələrin parlamentləri tərəfindən Xocalıda baş verən kütləvi qətliam soyqrımı kimi tanınıb, ABŞ-ın 6 ştatının qaninverici orqanları da anoloji addımı atıb. 

Polis general-leytenantı Əsgər Ələkbərov nazir, general-polkovnik Ramil Usubovun adından bu qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.   

Xocalının müdafiəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailələri adından danışan Vərziyar Əliyeva və Tacirə Xəlilova onlara göstərilən diqqət, qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı