Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Ankarada Türk Hava Qurumu Universitetində geniş tərkibli konfrans keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə, AR Prezidenti Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, TR mədəniyyət və turizm nazirinin müavini Abdurrahman Arıcı, Türkiyə Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla çox sayda türkiyəli millət vəkili, azərbaycanlı deputatlar Qənirə Paşayeva və Musa Qasımlı, TR Konstitusiya Məhkəməsinin üzvləri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, TR sabiq səhiyyə naziri Halil Şıvqın, Ankaranın Etimesqut Bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, Türk Hava Qurumu Universitetinin professor-müəllim heyəti, tələbələr, diaspor və ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Konfransda şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnləri oxunub. Daha sonra Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən türk dilində hazırlanmış müfəssəl sənədli film tədbir iştirakçılarına nümayiş etdirilib.
Ardından Türk Hava Qurumu Universitetinin rektoru rrof. dr. Ünsal Ban açılış nitqi edib. Daha sonra AR Prezidenti Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, TR mədəniyyət və turizm nazirinin müavini Abdurrahman Arıcı, millət vəkili Qənirə Paşayeva, səfir Faiq Bağırov və Türkiyə Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdet Ünüvar çıxış ediblər. Onlar öz çıxışlarında Xocalı soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs ediblər.
Çıxışların ardından, Necdet Ünüvarın idarəçiliyində, Əli Həsənov, Qənirə Paşayeva, AMEA-dan Rəna Mirzəzadə, Abdurrahman Arıcı, Türkiyə millət vəkili Tülay Selamoğlu, Aviasiya Akademiyasından Aydın Kazımov, millət vəkili Musa Qasımlı və Çingiz Bayramovun çıxış etdikləri Xocalı soyqırımı ilə bağlı elmi-siyasi panel öz işinə başlayıb. Panel çərçivəsində Türk Hava Qurumu Universitetinin tələbələrinə də söz verilib, suriyalı və ukraynalı iki xarici tələbənin Xocalı soyqırımı ilə bağlı şərhləri bütün tədbir iştirakçılarını duyğulandırıb.
Panelin ardından Xocalı soyqırımı ilə bağlı təşkil olunmuş foto-sərgi açıq elan edilib, sərginin gəzilməsinin ardından tədbir başa çatıb. Tədbir zamanı konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı əyani təbliğat materialları və “İrs-Miras” jurnalı təqdim olunub, “Xocalıya Ədalət” Beynəlxalq İmza Kampaniyası çərçivəsində iştirakçılardan imza toplanıb.
Səfirliyimizin təşəbbüsü ilə Türkiyədə keçən ildən etibarən nəşr olunmağa başlayan "İrs-Miras" jurnalının bu ilki Bahar nömrəsində Xocalı soyqırımına və ümumiyyətlə ermənilərin soyqırım siyasətinə geniş yer ayrılıb.
Modern.az