Modern.az

Ağ Ev azərbaycanlıların petisiyalarına cavab verdi: "Obama bu haqda danışmayacaq"

Ağ Ev azərbaycanlıların petisiyalarına cavab verdi:

Aktual

26 Fevral 2013, 09:30

Ağ Ev azərbaycanlıların Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı ilə bağlı imzaladığı petisiyalara cavab verib. ANS PRESS-in məlumatına görə, cavab petisiyaları imzalayanların hamısına göndərilib. Cavab məktubunda deyilir ki, Barak Obama petisiyada qeyd olunan məsələ ilə bağlı rəsmi açıqlama ilə çıxış etməyəcək.

“Lakin Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasındakı müharibə zamanı insanların faciəli ölümünə dərindən təəssüflənir. Bu, bir daha onu xatırladır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil. Yalnız möhkəm və dinc nizamlanma bölgədə sabitlik, çiçəklənmə və barışığı təmin edə bilər. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi sülhün əldə olunması üçün bütün tərəflərlə əməkdaşlığa sadiqdir”, - cavab məktubunda deyilir.

Qeyd edək ki, yanvarın 23-də Ağ Evin rəsmi səhifəsində yer alan “Biz xalqıq” (We the People) bölməsində prezident Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə yönəltmək məqsədilə petisiya yerləşdirilib. Petisiyanın əsas məqsədi Dağlıq Qarabağ probleminin həlli, Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinə diqqətin artırılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasıdır. Petisiyanın Ağ ev tərəfindən müzakirəyə çıxarılması üçün nəzərdə tutulan 100 min imza toplanılıb. Petisiyada deyilir: “Dağlıq Qarabağ münaqişəsi 20-ci əsrin tarixində ən dəhşətli faciələrdən birinə çevrilib və milyonlarla Azərbaycanlının taleyinə mənfi təsir göstərib. Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və onun 7 ətraf qəsəbəsi işğal edilib və 1 milyona yaxın azərbaycanlı öz doğma torpağından didərgin düşüb. BMT Təhlükəsizlik Şurası ermənilərin bu torpaqları tərk etməsinə dair 4 qətnamə qəbul edib, lakin bu qətnamələrin heç birinə Ermənistan əməl etməyib. ABŞ Minsk qrupunun həmsədridir və ABŞ bu münaqişənin həll edilməsində aktiv rol oynamalıdır”.

Xocalı soyqırımı ilə bağlı yanvarın 26-da yerləşdirilmiş petisiya isə dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım faktına yönəltməyə, bu həqiqətlərin beynəlxalq aləmdə tanıdılmasına yönəlib. Ağ Evin rəsmi saytındakı petisiyada ABŞ administrasiyasından Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş proklamasiyanın qəbul olunması, həmçinin həmin hadisənin hərbi cinayət kimi tanınması xahiş edilir. Petisiyanı imzalayanlar ABŞ prezidenti Barak Obamanın administrasiyasını Xocalıdakı qanlı qırğınları tanımağa, faciə qurbanlarının xatirəsini anmağa və proklamasiya qəbul etməyə çağırırlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı