“Mən istintaqa aid son dərəcə maraqlı məqamlara cavab almaq istəyirdim”
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu günlərdə istefada olan general, vaxtilə mərhum eks-prezident Əbülfəz Elçibəyi mühakimə etmiş sabiq prokuror Yamən Yusifovla görüşüb. Görüşün detalları Modern.az-a deputat özü danışıb. Fəzail Ağamalı bildirib ki, prokurordan maraqlandığı suallara yetərli cavab ala bilməsə də, görüş xoş təəssüratla yadında qalıb. İkilikdə aparılan söhbət əsasən Əbülfəz Elçibəyin SSRİ əleyhinə çıxışlarına görə mühakimə olunduğu 1975-ci ildəki hadisələrlə, o zaman açılan cinayət işi ilə bağlı olub.
“Yamən Yusifovla görüşümüz mənim üçün son dərəcə maraqlı idi. Biz haradasa onunla iki saata yaxın müxtəlif səpkili söhbətlər etdik. Ancaq etiraf edim ki, mən istədiyimi Yamən müəllimdən ala bilmədim. Elə şeylər var idi ki, həmin dövrün müəyyən məqamlarını, sirlərini bilmək istəyirdim. Amma uzun illər DTK-nın prokuroru kimi fəaliyyət göstərmiş bir adamdan sirr almaq, mənə maraqlı informasiyaları əldə etmək çətin idi və mən bunun fərqində idim. Ancaq hər halda söhbətimiz maraqlı keçdi. Çox müsbət aurası olan bir insandır. O söylədi ki, bizim hər birimiz 70-80-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini istəyirdik. Çünki biz azərbaycanlı kimi özümüzün sahibimiz olmağı arzu edirdik. İstəməzdik ki, Moskvadan asılı vəziyyətdə qalaq, onların göstərişlərini yerinə yetirək. Və biz milli hislərdən heç də uzaqda deyildik. Eyni zamanda söylədi ki, Əbülfəz Elçibəyin həbsi ilə bağlı müxtəlif rəylər var idi. Xüsusi olaraq DTK sədri Krasilnikov, Moskva istəyirdi ki, onun istintaqını uzun müddətli həbs və sürgünlə başa çatdırsın. Həm də buna kütləvilik vermək istəyirdilər. Şübhəsiz ki, bu zaman mən də gedəcəkdim. Mənim kimi tələbələrin o zaman həbs olunması qaçılmaz idi. Və ulu öndərimiz Heydər Əliyevin məsələyə o zaman böyük köməyi dəyib. Yamən müəllimin söylədiyinə görə, özü, eyni zamanda Səlimzadə ümumi rəy əsasında Elçibəyin haqqında açılan cinayət işini Cinayət Məcəlləsindəki başqa maddə ilə əvəz ediblər ki, ona maksimum 3 ilə qədər həbs cəzası versinlər. Bunları söylədi. Ondan soruşdum ki, o dövrin materialları sizdə varmı? O, dedi “bəli”, əlavə etdi ki, o zamana aid sənədlər ki içərisində mənimlə bağlı olan materiallar da var. Ancaq eyni zamanda söylədi ki, elə məsələlər var ki, heç zaman heç yerdə dilinə gətirməyəcək. Bu sölərdən sonra mən də çox dərinə getmədim”.
Fəzail Ağamalı deyir ki, 1974-cü ildə Əbülfəz Elçibəylə bağlı aparılan istintaq barədə elə şeylər var ki, onlar xırda detalları ilə deputata bəlli deyil.
“Daha çox kimlərin, hansı şəkildə və necə izahat vermələri, o izahatda kimlərin ad çəkdikləri, verilmiş izahatda bütün detalları bilmək istəyərdim. Bu mənim üçün son dərəcə maraqlı idi. İstintaqa kimlərin cəlb olunduğu, hansı ifadələrin verildiyi ona görə maraqlı idi ki, mən bununla bağlı bir kitab və ya məqalə hazırlamaq istəyirəm. Bunun üçün Yamən Yusifov ilk mənbələrdən biridir.
Mən bilirdim ki, Yamən müəllimdən suallarıma cavab tapmaq çətin olacaq. Amma mən buna anlayışlı yanaşdım. Haradasa iki saata yaxın söhbət etdik, hətta məni şam yeməyinə də qonaq etdi və balıq qızartması ilə bir tikə çörək də kəsdim. Axşam saatlarında ayrıldım. Vaxt olan zaman Yamən müəllimlə yenidən görüşə bilərik”.
Xatırladaq ki, 1975-ci ildə Əbülfəz Elçibəy SSRİ əleyhinə çıxışlarına görə Ali Məhkəmədə mühakimə olunanda onun tələbələri buna etiraz ediblər. Həmin tələbələrən biri də Fəzail Ağamalı olub.
Şahanə RƏHİMLİ