Martın 15-də Milli Məclisdə Nazirlər Kabinetinin 2012-ci ildə gördüyü işlərlə bağlı hesabatı dinlənilib.
Modern.az-ın məlumatına görə, ədliyyə naziri Fikrət Məmmədov iclasda məhkəmələrin işi ilə əlaqədar səslənən iddialara cavab verib. Onun sözlərinə görə, son illər məhkəmə hakimlərinin sayı 2 dəfə artırılıb. Bu da işlərə daha tez baxılmasına təsiri göstərib. Hakimlərin əmək haqları dəfələrlə artırılıb. 2010-2011-ci ildə 20 yeni məhkəmə, o cümlədən 7 regional apelyasiya məhkəməsi, inzibati məhkəmələr yaradılıb. İnzibati məhkəmələr iddiaların 75-80 faizini təmin edib:
“Bu da onu göstərir ki, bu məhkəmələr iş adamlarının, vətəndaşların hüquqlarının keşiyində durur. Ümumilikdə 60 hakim işində yol verdiyi pozuntulara görə vaxtından əvvəl fəaliyyətinə xitam verilib. 148 hakim haqqında intizam tədbirləri görülüb. Bu gün təmizlik işləri ilə yanaşı ən layiqli hüquqşünaslarımızın hakim korpusunda təmin olunması üçün də mühüm işlər görürük. Ən şəffaf və obyektiv seçim qaydaları tətbiq olunur.
Qeyri-cinayət işləri üzər məhkəmələrdə təmin olunan iddiaların sayı 80-90 faiz həddindədir. Əgər biz bu qərarlara diqqət yetirsək, Azərbaycanda qərarların stabilliyi çox yüksəkdir. İşlərin cüzi miqdarı yuxarı məhkəmələr tərəfindən ləğv olunur”.
Nazir onu da bildirib ki, məhkəmə-hüquq sistemində islahatlar başa çatandan sonra Andlı Məhkəməsi də tətbiq olunacaq. Çünki bu, konkret olaraq qanunda nəzərdə tutulub:
“Məhkəmə sistemi tam formalaşandan sonra bu məsələyə münasibət bildiriləcək. Məhkəmə qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunlar qəbul edilib, hər 6 aydan bir icranın vəziyyəti haqqında dövlət başçısına hesabat təqdim edilir. İldə 185 minə qədər icraatda işlər olur”.
Şahanə Rəhimli