Prezident Administrasiyasının İctimai Siyasi Şöbəsinin rəhbəri Əli Həsənov Mətbuat Şurasının yaranmasının 10 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə Türkiyənin Van şəhəri ilə İrəvan arasında Aviareysin açılmasına münasibət bildirib. Modern.az-ın məlumatına görə, Ə.Həsənov işğalçı və separatçı Ermənistanla hər hasısa bir əlaqəyə qısqanclıqla yanaşıldığını bildirib.
“Xüsusilə bu münasibət bizə dost dövlətlər tərəfindən olanda işğalçı dövlətin gücləndirilməsi kimi qəbul edirik. Bu işğal faktorunu uzadır. İşğal altında olan Azərbaycan torpaqlarının azad olunması prosesini ləngidir. Ermənistanla istənilən iqtisadi-siyasi əlaqələrə, sərhədlərin açılmasına, Emənistanla gediş- gəlişin intensivləşdirilməsinə Azərbaycan dövləti və ictimaiyyəti bir mənalı şəkildə mənfi yanaşır. Bu dost dövlətləri, daha doğrusu strateji maraqları Azərbaycanla üst-üstə düşən dövlətlər tərəfindən reallaşanda əlbəttə ki, Azərbaycan tərəfindən qısqanclıqla qarşılanacaq. Eyni zamanda bu Türkiyə ictimaiyyətinin prosesə münasibətidir. Van ilə İrəvan arasında açılmış aviareysi Ermənistana verilmiş dəstək kimi dəyərləndiririk” -deyə Əli Həsənov qeyd edib.
Qeyri Hökumət Təşkilatlarının fəaliyyəti ilə bağlı məsələyə də münasibət bildirən Ə.Həsənov QHT- lərin fəaliyyətinin şəffaflaşdırılması, "Qrant haqqında" qanun, o cümlədən alınmış qrantların xərclənməsi ilə bağlı hesabatların verilməsi Azərbaycan qanunvericiliyinin tələbi olduğunu bildirib.
“Bu tələbi həyata keçirən QHT-lər Azərbaycanda qanun çərçivəsində fəaliyyət göstərsinlər.O cümlədən qeyri- qanuni formada qrantları reallaşdıran təşkilatlarla bağlı müvafiq qaydada ölçülər götürüləcək. Bunun üçün müvafiq orqanlar araşdırma aparır”.
Əli Həsənov həmçinin mətbuatda və KİV-də hakimiyyətə qarşı təzyiqlərlə bağlı məsələ barədə də açıqlama verib.Onun sözlərinə görə, Azərbaycan hakimiyyətinə beynəlxalq qurum- QHT-lər təzyiq göstərə bilməz.
“Əlbəttə cəhdlər olur. Hakimiyyətin bu və ya digər qərarlarına qarşı dövlətimizin Cənubi Qafqazda reallaşdırdığı transmilli layihələrə, təhlükəsizlik və enerji siyasətinə xarici partnyorlarla ikitərəfli və çoxtərfli əlaqələrə qarşı müxalif mövqe nümayiş etdirən təşkilatlar olur.
Biz bu təşkilatlara Azərbaycan xalqının milli maraqları çərçivəsində yanaşırıq. Bizim maraqlarımızla üst -üstə düşənlərlə əməkdaşlıq edirik. Uyğun gəlməyənləri isə qəbul etmirik və bu fikirdə də deyilik”.
Əli Həsənov "Facebook"a 2 milyon dollar ayrılması ilə bağlı mətbuatda gedən məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə mətbuatda QHT- lərin və ABŞ-ın Milli Demokratiya İnstitutu ilə bağlı bəzi faktlar gedib. Bu faktların həqiqətə uyğun olub olmadığı Azərbaycan hakimiyyəti tərəfindən araşdırılacaq və bundan sonra Milli Demokratiya İnstitutun fəaliyyətinə müvafiq qiymət veriləcək.
Aqşin KƏRİMOV