Modern.az

Qazaxıstanla imzalanan sənədlər təhlükəsiz gələcəyə xidmət edir

Qazaxıstanla imzalanan sənədlər təhlükəsiz gələcəyə xidmət edir

Aktual

25 Avqust 2022, 11:04

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində imzalanan sənədlər Azərbaycan və Qazaxıstan arasındakı əlaqələrin yüksək səviyyəyə qaldırılmasına xidmət edir və ikitərəfli münasibətlərin sürətlə inkişafı Prezident İlham Əliyevin türk dövlətlərinin qarşılıqlı əlaqələrinin inkişafı istiqamətində 2011-ci ildən, Naxçıvan Bəyannaməsinin qəbul edildiyi dövrdən həyata keçirdiyi sistemli, ardıcıl siyasətin effektivliyinin bariz nümunəsidir.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 


Millət vəkili qeyd edib ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı münasibətləri ən üst müstəviyə daşıyan Şuşa Bəyannaməsindən,Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamədən sonra, Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev tərəfindən imzalanan və strateji münasibətlərin möhkəmləndirilməsinə, müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə xidmət edən sənəd qısa müddət ərzində ölkəmizin iştirakı ilə imzalanan üçüncü strateji anlaşmadır:


“Azərbaycan bir-birinə ortaq tarix, dil və mədəniyyət kimi mühüm amillərlə bağlı olan ölkələr arasında strateji münasibətlərin inkişafında özünün mühüm tarixi missiyasını uğurla həyata keçirir və bu missiya qardaş ölkələrin liderləri və xalqları tərəfindən də yüksək dəyərləndirilir. Prezident Kasım-Jomart Tokayevin səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif olunması da dövlətimizin başçısının yürütdüyü siyasətə verilən yüksək dəyərin təzahürüdür. Təsadüfi deyil ki, Prezident Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinin Qazaxıstanda görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanındığını, ona ehtiram bəslənildiyini, hörmət edildiyini bildirdi”. 

 

Millət vəkili açıqlamasında mühüm bir məqama da diqqət çəkərək qeyd edib ki, Sumqayıt şəhərindəki küçələrdən birinə qazax xalqının görkəmli nümayəndəsi Əhməd Baytursınovun adı verirlib: “Əhməd Baytursınov 1926-cı ildə məhz burada, Bakı şəhərində keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayının nümayəndəsi olub və onun adının Azərbaycanda əbədiləşdirilməsi, Przeident İlham Əliyevin də qeyd etdiyi kimi əcdadlarımıza, ortaq köklərimizə olan hörməti nümayiş etdirir”. 


Azər Kərimli Prezident Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə Qazaxıstanın mənəvi paytaxtı Türkistanın qardaşlaşmasının ortaq və müasir tariximizin, mədəniyyətimizin, mənəvi dəyərlərimizin hər iki ölkənin liderləri və xalqları tərəfindən nə qədər yüksək tutulduğunu nümayiş etdirir: “İstər bu məqam, istərsə də Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin inşa edilməsi istiqamətində atılan addımlar qardaş Qazax xalqının və dövlətinin tarixi qələbəmizə olan münasibətinin bariz nümunəsidir”. 


Millət vəkili bildirib ki, Qazaxıstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı əlaqələrin strateji müttəfiqlik platforması üzərindən inkişafı üçün geniş imkanlar açır və hər iki qardaş xalqın xoşbəxt, firavan və təhlükəsiz gələcəyinə xidmət edir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?