Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordeninə layiq görülüb. Ordeni ötən gün Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan liderinə təqdim edib.
Prezident İlham Əliyev ali ordenlə təltif olunması ilə əlaqədar qazaxıstanlı həmkarına təşəkkür edərək, bildirib ki, bu mükafat Azərbaycan xalqına hörmət əlamətidir.
Dövlət başçısı deyib: “Bizim xalqlarımızı ortaq tarix, ortaq köklər bağlayır. Bu gün Qazaxıstan və Azərbaycan müstəqillik yolunda inamla irəliləyən iki müstəqil dövlət kimi iqtisadiyyatın inkişafında, sosial məsələlərin həllində yüksək sürət nümayiş etdirir, dünya arenasında ölkələrimizin nüfuzu artır. Mən bu mükafatı bütün Azərbaycan xalqına hörmət əlaməti hesab edirəm. Bu mükafatı Siz təqdim etdiyinizə görə xüsusi qürur duyuram”.

Modern.az xəbər verir ki, “Altın kıran” – “Qızıl qartal” ordeni Qazaxıstan Respublikasının ən yüksək dərəcəli dövlət mükfatıdır. Bu orden Qazaxıstan Respublikası qarşısında müstəsna dövlət xidmətlərinə görə verilir.
“Altın kıran” ordeni ilə təltif olunan şəxslər Qazaxıstan Prezidenti tərəfindən müəyyən edilir. Orden fərqləndirici döş nişanı və ulduzdan ibarətdir.
Ordenin ucları yuvarlaq, beşguşəli ulduz formasında qızıldan hazırlanıb, uclarında qızıl haşiyəli elementlər var. Mərkəzi hissəsində dörd almaz yerləşdirilib. Eyni zamanda dairədə mavi fon üzərində qızıl qartal təsvir edilib. Aşağıda isə qırmızı lent fonundakı dairədə qızılı hərflərlə “Altın kıran” sözləri yazılıb. Qartalın üstündə həndəsi naxış fonunda çevrə boyu üç yaqut bərkidilib.
Ordenin döş nişanında Qazaxıstanın dövlət bayrağının elementləri də yer alıb. 1999-cu ildə verilən sərəncamdan sonra ordenin dizaynında müəyyən dəyişiklik edilib.
Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ordeninə layiq görülən yeganə vətəndaşları sabiq prezident Nursultan Nazarbayev və indiki dövlət başçısı Qasım-Jomart Tokayevdir. Bu mükafat onlara qanunla ölkə prezidenti olduqlarına görə verilib.
İndiyədək ali orden ilə mükafatlandırılmış dünya liderləri kimlərdir?
Bu günə qədər sözügedən ordenlə 19 dünya lideri mükafatlandırılıb ki, onların arasında Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, II Yelizaveta və Səudiyyə Ərəbistanı kralı da var.
Ordenlə təltif olunan liderlərin tam siyahını təqdim edirik:
Boris Yeltsin - Rusiya Federasiyasının Prezidenti (1997)
İslam Kərimov - Özbəkistan Prezidenti (1997)
Leonid Kuçma - Ukrayna Prezidenti (7 sentyabr 1999)
Jiang Zemin - Çin Xalq Respublikasının sədri (19 noyabr 1999)
II Yelizaveta - Böyük Britaniya və Şimali İrlandiya Kraliçası (2000)
Gerhard Schroeder - Almaniya kansleri (2003)
Vladimir Putin - Rusiya Federasiyasının Prezidenti (2004)
Hüsnü Mübarək - Misir Prezidenti (2008)
Akihito - Yaponiya İmperatoru (2008)
Xəlifə ibn Zeyd əl-Nəhyan - Şeyx, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti (2009)
Tarya Halonen - Finlandiya Prezidenti (2009)
Li Myung-bak - Koreya Respublikasının Prezidenti (2009)
Nikola Sarkozi - Fransa Prezidenti (2009)
Abdullah Gül - Türkiyə Prezidenti (2012)
Rəcəb Tayyib Ərdoğan - Türkiyənin Baş Naziri (2012)
Xuan Karlos - İspaniya Kralı (2013)
Qurbanqulu Berdiməhəmmədov - Türkmənistan Prezidenti (2022)
Salman bin Əbdüləziz Əl Səud - Səudiyyə Ərəbistanının kralı (2022)
İlham Əliyev - Azərbaycan Prezidenti (2022)