Avqustun 22-də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına baxış keçirib. Məqsəd Sərsəng su anbarında texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq olub.
Görüşdə əsasən iki məsələ - Su bölgüsünün aparılması və Sərsəng su anbarının alt suvarma ərazisində olan rayonlarına su verilməsinin bərpası müzakirə olunub. Danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitində baş tutub. Həmçinin belə görüşlərin və əraziyə baxışın mütəmadi olaraq gələcəkdə də davam etdirilməsi razılaşdırılıb.
Görüşdə iştirak edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Qafarlı mediaya açıqlamasında səfərin məqsədi və nəticələri haqqında danışıb. Adil Qafarlı deyib ki, bu, Sərsəng su anbarına ilk səfər olmayıb. Lakin əvvəlkindən fərqli olaraq bu dəfə daha səmimi və məhsuldar görüş keçib.
Suvarma üzrə mütəxəssis bildirib ki, razılaşmaya əsasən, bundan sonra hər 15 gündən bir Azərbaycan tərəfindən ekspertlər Sərsəngə səfər edəcək və onun işləməsində su anbarının erməni istismarçıları ilə əməkdaşlıq edəcəklər.
Azərbaycan və erməni təmsilçilərin Sənsəng su anbarı ətrafında görüşü siyasi müzakirələrdə sülhün əlaməti kimi qiymətləndirilir. Hesab olunur ki, belə görüşlərin keçirilməsi xalqlar arasında barışıq və sülh istiqamətində atılan uğurlu addımdır.
Mövzu barədə Modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə Sərsəng su anbarının bütün region üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və ermənilərin Sərsənglə bağlı bir araya gəlməsi müsbət hadisədir.

Deputat hesab edir ki, belə görüş müsbət qiymətləndirilsə də, su sülh demək deyil. Sülh üçün Ermənistanın hikkəsinə son qoyulmalıdır:
"Sülh istiqamətində yol qət edilməlidir. Bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Ermənistan sülh istədiyini əməli şəkildə göstərməli və buna can atmalıdır. Məncə, ermənilər sülh üçün ərazi iddialarına son qoyub sülh sazişini imzalamalı və kommunikasiya əlaqələrinin qurulmasına başlamalıdır".
A.Mollazadənin fikrincə, Ermənistanı yalnız sülh xilas edə bilər.
"Ermənistan bir gün anlayacaq ki, bu ölkənin ümumiyyətlə mövcudluğu, inkişafı ancaq ərazi iddialarından əl çəkib, qonşularla normal siyasət qurmaqla mümkün olacaq. Ermənistan bu istiqamətdə irəliyə doğru addımlar atsa, kommunikasiyaları açsa, sülh sazişi üzrə işə başlasa, İrəvan bizim bölgədə normal tərəfdaşlıq sisteminə qoşula bilər. Göründüyü kimi, Ermənistanı düşdüyü durumdan yalnız sülh xilas edə bilər".