Kamran Məhərrəmli,
Qafqaz Xəbər Agentliyinin baş redaktoru
Liderin əsas vəzifəsi ölkəni son nəticəni görməyə aparmaqdır...
Bu gün Ukraynada baş verənlər demək olar ki, bütün sivil dünyanın diqqət mərkəzindədir. Bəzi yerli politoloqlar baş verənlərin guya ölkəmizə dəxli olmadığını israr etsələr də, əslində Ukraynadakı hadislərdən bütün dünya, əsasən də Azərbaycan kimi dövlətlər ciddi nəticə çıxarmalıdır. Bunu nəzərə alaraq ölkəmizin yaxın tarixi ilə hazırda Ukraynada baş verənlər arasında müqayisə aparmaq yerinə düşər.
Ukraynada ötən ilin axırında başlayıb bu günədək davam edən və hələ də bitməyən (qanlı) siyasi proseslər müəyyən mənada 1993-cü ilin Azərbaycanını yada salır. Bir-birindən 20 il məsafədə olan bu iki ağır dövr arasında xeyli oxşarlıqlar var.
Gəlin, 1993-cü ildə Azərbaycanda və bu gün Ukraynada baş verən proseslərin qısa xronologiyasına nəzər salaq.
1993-cü ildə Azərbaycanda hərbi birləşmənin hökumətə tabe olmaması səbəbindən ölkədə siyasi böhran yarandı və nəticədə prezident Əbülfəz Elçibəy və onun komandası hakimiyyətdən getməyə məcbur oldu. Hakimiyyətə Heydər Əliyev gəldi.
Ukraynada isə ötən ilin axırında oxşar proseslər başladı. Ölkə başçısı Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina etməsi prosesin başlanması üçün bir qığılcım oldu. Və bu ölkədə də siyasi böhran baş verdi. Dövlət başçısı Viktor Yanukoviç ölkədən qaçmağa məcbur oldu. Hakimiyyətə yeni qüvvələr gəldi.
(Yeri gəlmişkən, onu da qeyd edək ki, əslində “hərbi hissə” məsələsi də, “assosiasiya sazişi” də əsas səbəb deyildi, yəni problemin görünən tərəfi idi...)
İndi isə hər iki ölkədə hakimiyyət dəyişikliyindən sonrakı mənzərəyə qısa nəzər salaq.
-1993-cü ildə Azərbaycanda yenicə (yenidən yox, çünki o vaxtadək H.Əliyev müstəqi Azərbaycanın başçısı deyil, SSRİ-nin tərkibindəki Az.SSR-in birinci katibi olub, yəni müstəqil dövləti idarə etmək təcrübəsi yox idi) hakimiyyətə gələn H.Əliyev işğal olunmuş Dağlıq Qarabağ və hər gün az qala bir rayonun işğal olunması, vahid ordunun olmaması, müxtəlif silahlı birləşmələr problemi ilə üz-üzə qaldı...
- Müharibə edən ölkədə hərbi sursat, təcrübəli hərbçilər yox dərəcəsində idi...
- Elçibəy hakimiyyətinə tabe olmayan hərbçilər bir çox bölgələrdə yerli hakimiyyət strukturlarını devirərək öz nümayəndələrini rayonlara başçı təyin etmişdilər...
- Bu gün-sabah ermənilərin ölkənin ikinci paytaxtı Gəncəyə girəcəyi barədə fikirlər səslənirdi...
- Digər tərəfdən ölkənin cənubunda separatçılar Talış-Muğan Respublikasının müstəqilliyini elan edərək, referenduma hazırlaşırdılar, şimal istiqamətdən isə Sadval kartı işə salınmışdı...
- Ölkənin xəzinəsi demək olar ki, boş idi.
- Rusiya sərhədləri bağlayıb iqtisadi sanksiyalar tətbiq edirdi, ölkədə taxıl qıtlığı yaranmışdı...
- Qonşu İran İslam Respublikası isə demək olar ki, hər gün dövlət sərhədlərimizi açıq-aşkar pozurdu, təxribatçılıq işləri ilə məşğul olurdu. Qardaş Türkiyə isə daha çox gözləmə mövqeyində idi. Qərbin, ABŞ-ın isə heç vecinə deyildi. Əksinə ölkənin daha pis duruma düşməsində maraqlı idilər...

- ƏN ƏSASI, bu günkü Ukraynadan fərqli olaraq 1993-cü ildə Azərbaycanın faktiki olaraq müttəfiqi yox idi, heç bir beynəlxalq qurum siyasi, hərbi, maliyyə, iqtisadi yardım etmirdi. Belə demək mümkündürsə, Azərbaycan çox faciəli durumda təkbaşına qalmışdı.
Ancaq bütün bunlara və digər problemlərə baxmayaraq Azərbaycan 1993-cü ildə heç bir beynəlxalq siyasi dəstək və maliyyə yardımı olmadan az vaxtda, təxminən 4-5 aydan sonra çox mürəkkəb və qəliz situasiyadan çıxa bildi və ölkədə uzunmüddətli sabitlik yarandı.
Sabitlik olmadan isə inkişafdan danışmaq tam mənasızdır.
Ukraynada da siyasi böhrandan sonra hakimiyyətə yeni qüvvələr gəldi. Ancaq onların vəziyyəti 1993-cü ildə hakimiyyətə gələn H.Əliyevin üz-üzə qaldığı vəziyyətdən xeyli yüngüldür, hətta müqayisə olunmazdır. Düzdür, Ukraynada hakimiyyətə gələn yeni siyasi qüvvələr də Krımın, sonra Donetsk, Luqansk və digər vilayətlərin separatçılar tərəfindən işğalı, az qala Ukraynanın mövcud olub-olmaması faktı ilə üz-üzə qaldılar. Lakin....
1993-cü ilin Azərbaycanından fərqli olaraq bu gün Ukraynanı Rusiyadan başqa bütün Qərb ölkələri, beynəlxalq qurumlar dəstəkləyir, hakimiyyətə gələn yeni qüvvələrə hər mənada (siyasi, maddi, informasiya, hərbi) dəstək verirlər. Beynəlxalq Bank, Beynəlxalq Valyuta Fondu, beynəlxalq ictimaiyyət Ukraynaya öz köməyini əsirgəmir. Yəni 1993-ün Azərbaycanı ilə 2014-ün Ukraynasını müqayisə edəndə birincinin vəziyyəti daha ağır idi. Həm də nəzərə almalıyıq ki, bu günkü Ukrayna ilə müqayisədə o zamankı Azərbaycan çox zəif bir dövlət idi. Eyni zamanda 1993-cü ilin güclə ayaq üstə durmağa çalışan 2 yaşlı Azərbaycanı ilə 2014-cü ilin 23 yaşlı Ukraynasını, ölkədəki hərbi-sənaye kompleksini, təcrübəli generalları göz önünə gətirin.
Bütün bu hərtərəfli yardımlara baxmayaraq Ukraynada vəziyyət hələ də sabitləşmir və yaxın vaxtlarda bu ölkənin normal məcraya düşəcəyi də gözlənilmir.
Ortaya suallar çıxır. 1993-cü ildə Azərbaycan oxşar, amma daha qəliz və çətin situasiyadan necə oldu ki, heç bir beynəlxalq siyasi dəstək, maliyyə yardımı olmadan 4-5 aydan sonra çıxa bildi, ölkədə sabitlik yarandı, ölkə öz məcrasına qayıtdı. Həm də az itkilərlə...
Bəs bu qədər dəstək ola-ola Ukraynada vəziyyət niyə sabitləşmir? Ölkə hər gün itkilər verir...
Unutmayaq ki, hazırda Ukraynanın 3 canlı keçmiş prezidenti var və hər üçü də politoloq kimi bəyanat verməklə, siyasi şərhlə kifayətlənirlər. Heç biri də qabağa çıxıb məsuliyyətin altına girmək istəmir.
Ancaq 1993-cü ildə H.Əliyev bunu bacardı. Ölkənin taleyi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürək, heç bir dəstək olmadan az vaxtda və az itkilərlə dövləti çətin və mürəkkəb situasiyadan çıxarda bildi.
Ukraynada isə oxşar situasiyada siyasi təcrübəsi olan, ən əsası ölkənin taleyi üçün məsuliyyəti öz üzərinə götürməyi bacaran, qətiyyətli lider tapılmadı.
Unutmayaq ki, 1993-cü ilin Azərbaycanından fərqli olaraq Ukrayna həm keçmiş SSRİ-nin, həm də bu günkü Rusiyanın hərbi-sənaye kompleksinin nüvəsini təşkil edir. Və Qərbin maksimum dəstəyi olmasaydı, bu gün Ukraynanın hətta dövlət kimi mövcudluğundan danışmaq olmazdı. Ukrayna tam mənada Qərbin hesabına öz dövlət mövcudluğunu hələlik qoruya bilir.
Ancaq 1993-cü ildə H.Əliyev oxşar, lakin daha ağır situasiya ilə üz-üzə qalanda bunların heç biri yox idi... amma ölkə üzləşdiyi qəzadan çıxa bildi.
Ümumiyyətlə, avtoyarışlarda avtopilotların məharəti və bacarığı düz yolda deyil, məhz döngələrdə balansı qorumaq, qəzaya uğramamaq, həm də geri qalmamaq...özünü göstərdiyi kimi siyasi liderin də bacarığı təhlükəli siyasi dönəmlərdə özünü göstərir. Yəni siyasi liderin işi cəmiyyəti ən təhlüikəli siyasi dönəmlərdən sağ-salamat keçirməkdir.
Bu gün də Azərbaycan yenidən mürəkkəb situasiya ilə üz-üzədir, çətin seçim, belə demək mümkündürsə siyasi dönəm qarşısındadır..
Əksər siyasilər deyir ki, artıq zaman yetişib, Azərbaycan konkret seçimini etməlidir: ya Rusiyanın yanında olmalıyıq, ya da Qərbə, ABŞ-a sığınmalıyıq. Hətta bəziləri daha uzağa gedərək ABŞ qoşunlarını ölkəmizdə görmək istəyir. Guya əks təqdirdə Azərbaycan məhvə məhkumdur.
Yəni siyasilərin, politolıqların çoxu təkidlə ölkə başçısı İlham Əliyevdən balanslı siyasətdən imtina etməyi, dövlət adlı gəminin sükanını qəti olaraq üzü Qərbə, ABŞ-a doğru yönəltməyi, siyasi kursu dəqiqləşdirməyi tələb edirlər. Görəsən, bunu tələb edənlər dəqiq siyasi kursun yaratdığı fəsadları görmür? Axı, keçmiş Yuqoslaviyanın, Gürcüstanın, Ukraynanın aqibəti göz önündədir...
Bir neçə il öncə rus qoşunları qonşu Gürcüstanın paytaxtına yaxınlaşırdı. Axı, belə bir vəziyyət yaranarsa, Qərbin Gürcüstana, Ukraynaya verdiyi dəstəyi bizə verəcəyi də böyük sual altındadır...
Siyasi kursu qəti olaraq dəyişdirməyin nəticəsi olaraq Gürcüstan ərazisinin xeyli hissəsini itirdi.
Eləcə də Ukraynada baş verənlərdən, Ukraynanın başına gələnlərdən biz ciddi nəticə çıxartmalıyıq. Bu gün Ukraynanın bir hissəsi olan Krımı geri qaytarmaqdan söhbət getmir, Luqansk, Donetsk və digər vilayətlər işğal olunub. Az qala Ukrayna dövlətinin mövcudluğu sual altındadır...
Və prosesin sonda harada dayanacağı, nə ilə bitəcəyi bilinmir...
Görəsən İlham Əliyevdən dəqiqi siyasi kurs, “ya ABŞ, ya da Rusiya” tələb edənlər bu vəziyyəti görmür..?
Bəziləri deyir ki, Rusiya sonda uduzacaq... sonda Rusiya parçalanacaq, dağılacaq...
Kimin udacağı-uduzacağı, kimin dağılacağı bizim üçün ikinci dərəcəli məsələdir, əsas olan odur ki, bu prosesdə Azərbaycan uduzmasın, dövlətimiz dağılmasın.
Ona görə də Azərbaycan böyük güclərin toqquşmasından mümkün olan qədər uzaq dayanmalı, özünü qorumalıdır...
Sonda kimin udub-uduzacağı bizi üşündürməməli, konfliktin son nəticəsini bilmədən alətə çevrilmək, ölkəni fəlakətə salmaq olmaz.
Bunu deyənlər Türkiyədə baş verənləri görmür?
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri kimi mühüm bir vəzifəni daşıyan Səməd Seyidov Seyidov deyir ki, Avropa Şurası siyasi səhnədən silinəcək.
Bizə bu tipi yersiz bəyanatlar lazımdırmı..?
Avropa Şurası siyasi səhnədən silinəcək, ya silinməyəcək...bunun bizim üçün bu gün hansı əhəmiyyəti ola bilər?
Az-çox savadı olanlar bilir ki, bütün yaranan qurumlar əbədi deyil və nə vaxtsa dağılacaq. Əsas odur ki, bu dağıntının altında qalmayaq. Həm də cavabı gələcəkdə olan sual bizi bu gün niyə narahat etməlidir? Belə suallar əslində daha çox böyük dövlətləri narahat etməlidir. Və bizim siyasətçilər nəhayət Azərbaycanın bu günkü dünyada yerini dəqiqləşdirməli və bizə dəxli olmayan suallar ətrafında canfəşanlıq etməməlidir...
Bizi sonda kimin udub-uduzacağı deyil, bir ölkə olaraq uduzmamağımız düşündürməlidir...
Və sonu görmək bizə nəsib olmalıdır..
Əgər bu qarşıdurma bizim sonumuza çıxacaqsa, sonu görmək bizə nəsib olmayacaqsa, kimin udmasının-uduzmasının bizim üçün nə fərqi?
Ölkə rəhbərinin də əsas vəzifəsi ölkəni məhvə deyil, son nəticəni görməyə aparmaqdır...