Hər günü yeni bir intihar xəbəri ilə açırıq. Bəzən hətta bir neçə.
... Arzulanmaz bir durumdu. Amma reallıqdı. Yuxu deyil.
Kökündə sosial problemlər dayanır. Problemsə hər gün yenilənir, artan xətt üzrə gedir. Təəssüf... Deməli, artan, dərinləşən, intensivləşən problemlər intihar saylarını da artıracaq.
İntiharlar ölkəsinin vətəndaşı olmaqsa caiz deyil. Belə bir məmləkətdə yaşamağı kim arzulayar ki. Elə biz də arzulamırıq təbii...
Bir növ barışmış kimi görünürük intiharlarla. Ya da qulağımız alışır bunları eşitməyə, gözlərimiz öyrəşir bu xəbərləri oxumağa. Son illərdə Qarabağ savaşında adiləşən ölümlər kimi intiharlar da adiləşir.

İntiharın günah olduğunu da bilirik. Ən azı ölkənin təhsilli və üləma kəsimi məlumatlıdı bununla ilgili. Amma onlar da seyrçi mövqe sərgiləyirlər.
...İntihar edənləri Allah da sevməz. Ona görə yox ki, onlar yeri-göyü yaradanın bəndəsi deyillər. Ona görə ki, onlar acizlik nümunəsi göstərirlər.
...Allah mübarizləri sevir. Çünki həyat mübarizə üstündə qurulub. Onun inkişaf mexanizmini hərəkətə gətirən vintciklər müxtəlif məzmun və formalı mübarizələrdir. Bitib-tükənməyən mübarizələr. İntihar etməksə – çıxış yolu deyil.
Amma bunun əks-təbliğatı aparılmır. Televiziyalar intiharların qarşısını almaq üçün heç bir səy göstərmirlər. Yalnız onları efirdən sadalamamaqla guya vəziyyətdən çıxırlar. İnternetli dünyada bununla nəyəsə nail olunacağını düşünmək sadəlövhlükdən başqa bir şey deyil. Bəs din xadimlərimiz, dindar kəsim?! Onlar niyə susurlar? Niyə onların səsi çıxmır?! İntihara əl atanların problemlərini həll edə bilməyəcəklərini anlayırıq. Lakin ən azı Böyük Yaradanın qoyduğu şəriət qaydaları baxımından izahat vermək, intiharın – canına qıymağın böyük, bağışlanılmaz günah olduğunu, eləcə də çıxış yolunun mübarizələrdən keçdiyini dilə gətirmək, konkret və əsaslı arqumentlərlə tez-tez təkrarlamaq çoxmu çətindir?!