Modern.az

Azərbaycan inkişafının “qızıl dövrü”nü yaşayır

Azərbaycan inkişafının “qızıl dövrü”nü yaşayır

Analitika

Bu gün, 13:13

Azərbaycan bu gün yalnız regional güc mərkəzi deyil, həm də beynəlxalq miqyasda etibarlı tərəfdaş və qlobal təşəbbüslərin mərkəzi kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya ölkəni müstəqillik dövrünün ən uğurlu mərhələsinə çatdırıb. İqtisadi şaxələndirmə, yaşıl enerji keçidi və Qarabağın yenidən qurulması kimi nəhəng layihələr Azərbaycanın dünya xəritəsindəki yerini daha da möhkəmləndirir.

Azərbaycanın diplomatik uğurları onun qlobal arenadakı çəkisinin bariz göstəricisidir. 2010-cu ildən bəri beynəlxalq tədbirlərə, o cümlədən COP29 və Ümumdünya Şəhərsalma Forumuna uğurla ev sahibliyi etmək ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini təsdiqləyir. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının ikinci dəfə Bakıda keçirilməsi isə Azərbaycanın beynəlxalq maliyyə institutları üçün nə qədər etibarlı tərəfdaş olduğunun göstəricisidir. BMT Təhlükəsizlik Şurasına seçilmək və Qoşulmama Hərəkatına uğurla rəhbərlik etmək, Azərbaycanın çoxvektorlu xarici siyasətinin qlobal dəstək qazandığını sübut edir.

İnkişafın Təməl Daşı Müstəqilliyimizin 35 illik tarixinin böyük hissəsi siyasi, iqtisadi və sosial sabitlik şəraitində keçib. Məhz bu sabitlik Azərbaycanı böyük investisiyalar üçün cəlbedici məkana çevirib. İqtisadi nailiyyətlərə nəzər salsaq, ölkəyə cəlb olunmuş 350 milyard dollarlıq birbaşa investisiya, ÜDM-də qeyri-neft sektorunun payının 70%-i keçməsi və xarici borcun cüzi - 6% səviyyəsində qalması, sağlam iqtisadi idarəetmənin nəticəsidir. Yoxsulluq və işsizliyin 5% ətrafında olması isə sosial rifahın yüksəlişindən xəbər verir.

Azərbaycanın enerji strategiyası artıq 16 ölkəyə təbii qaz ixracı ilə Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizi logistika mərkəzinə çevirib. Hədəf isə aydındır: tranzit yüklərin həcmini ikiqat artırmaq. Bununla yanaşı, 2032-ci ilədək 8 GVt gücündə yaşıl enerji potensialının yaradılması Azərbaycanın qlobal "yaşıl keçid" prosesinin liderlərindən birinə çevriləcəyini göstərir.

Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi tarixi nailiyyətdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa işlərinə 17 milyard dollara yaxın vəsait xərclənib. 90 minə yaxın vətəndaşımızın artıq doğma torpaqlarına qayıtması "Böyük Qayıdış"ın reallığa çevrildiyini göstərir. Ermənistanla sülh təşəbbüsü ilə çıxış etməklə Azərbaycan regionda uzunmüddətli sabitliyin əsas təminatçısı kimi çıxış edir.

Prioritetlər Gələcəkdə Azərbaycanın əsas prioritetləri iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, nəqliyyat infrastrukturunun modernləşdirilməsi və "yaşıl enerji" strategiyasının genişləndirilməsidir. Bu inkişaf yolu Azərbaycanın qüdrətini daha da artıracaq və dövlətimizi dünyanın ən dayanıqlı ölkələrindən birinə çevirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu əks-hücuma keçdi - Ərazilər azad olundu