Nikah müqavilələrinin tətbiqi ilə bağlı müzakirələr vaxtaşırı gündəmə gəlsə də, bu mexanizmin geniş yayılması üçün cəmiyyətdə maarifləndirməyə ehtiyac olduğu bildirilir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, nikah müqaviləsi dünyanın bir çox ölkəsində tətbiq olunan təcrübə olsa da, onun cəmiyyət tərəfindən qəbul edilməsi üçün müəyyən etik və psixoloji məqamlar nəzərə alınmalıdır:
“Bu, əlbəttə ki, dünyada tətbiq olunan bir praktikadır. Amma bunun etik tərəfləri də var. İnsanlar düşünə bilər ki, əgər iki tərəf ailə qurmağa qərar veribsə, niyə hələ evlənməmiş boşanmanı düşünməlidirlər? Ancaq əslində bu, gənc ailənin gələcəyinin hüquqi təminatıdır”.
Komitə sədri qeyd edib ki, zaman keçdikcə əvvəllər müzakirəsi çətin olan bir çox məsələlər də cəmiyyət tərəfindən qəbul olunub və qanunvericilikdə öz əksini tapıb:
“Vaxtilə zorakılıq, qan qohumluğu kimi mövzular barədə də açıq danışmaq çətin idi. Bu gün isə həmin məsələlər reallıqdır və qanunvericilikdə tənzimlənir. Belə dəyişikliklərin qəbul olunması üçün cəmiyyətdə maariflənmə aparılmalıdır. Mən düşünürəm ki, cəmiyyətin maariflənmə səviyyəsi lazımi həddə çatanda insanlar bunu heç kimin tövsiyəsi olmadan özləri tətbiq edəcəklər”.
Hicran Hüseynova vurğulayıb ki, nikah müqaviləsi yalnız qadınların deyil, ümumilikdə ailənin hüquqlarının qorunmasına xidmət edir. Onun sözlərinə görə, son illər boşanma zamanı əmlak bölgüsü ilə bağlı yaranan problemlər bu məsələnin aktuallığını daha da artırır:
“Çox zaman düşünülür ki, bu, daha çox qadının hüquqlarını müdafiə edir. Amma burada ailənin gələcəyi ilə bağlı mühüm məsələlər var. Son dövrlər görürük ki, ailə qurularkən oğlanın adına heç bir əmlak olmur, bütün mülkiyyət valideynlərinin adına rəsmiləşdirilir. Boşanma zamanı isə qanunvericiliyə uyğun olaraq qadına bölüşdürüləcək əmlak qalmır. Buna görə də bu istiqamətdə maarifləndirmə işləri daha da gücləndirilməlidir”.