Modern.az

Müharibənin dayanması Azərbaycanın da xeyrinədir - Elman Nəsirov

Müharibənin dayanması Azərbaycanın da xeyrinədir - Elman Nəsirov

Analitika

Bu gün, 17:48

ABŞ və İran arasında mümkün razılaşma, Yaxın Şərqdə gərginliyin azalacağı ilə bağlı ümidləri artırıb. Tərəflər arasında 14 bəndlik sənədin iyunun 19-da Cenevrədə imzalanacağı barədə məlumatlar yayılır. Mümkün anlaşmanın regionun təhlükəsizliyinə, enerji bazarlarına və qlobal siyasi proseslərə təsirləri müzakirə olunur. Hörmüz boğazının açılması ilə neft qiymətlərinin də ucuzlaşacağı proqnozlaşdırılır. 

Bununla belə, müharibənin qalibinin hansı tərəf olması, eləcə də prosesin davamlı olub-olmadığı ciddi müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, amerikanşünas Elman Nəsirov bildirib ki, ABŞ-İran müharibəsinin başa çatacağı ilə bağlı gözləntilər getdikcə daha real xarakter alır.

"Yaxın Şərqin ən ağır müharibələrindən birinə şahidlik etdik. ABŞ-İran müharibəsinin başa çatacağı ilə bağlı ümidlər gerçəkləşməyə başlayır. ABŞ və İran arasında artıq ilkin razılaşma mövcuddur. 14 bənddən ibarət sənədin iyunun 19-da Cenevrədə imzalanacağı gözlənilir.

İstisna deyil ki, bu sənədin imzalanması ilə tərəflər bir daha güc tətbiqinə əl atmamaq öhdəliyi götürəcəklər. Əsas məsələlərdən biri Hörmüz boğazının yenidən işlək vəziyyətə qaytarılmasıdır. ABŞ öz blokadasını aradan qaldırır, İran isə Hörmüz boğazını açır. Bununla yanaşı, İran uranın zənginləşdirilməsi siyasətindən imtina edir. Aktivlərin bir hissəsinin İrana qaytarılması ilə bağlı da sənəddə müəyyən müddəalar yer alır. Bu prosesin yubadılmaması da əsas niyyətlərdəndir”.

Deputat vurğulayıb ki, müharibənin dayanması Azərbaycanın da xeyrinədir:

“Hörmüz boğazı dünya enerji daşımalarının təxminən 20 faizinin həyata keçirilməsinə imkan verir. Nəticə etibarilə, son 3-4 ay ərzində neft bazarında bir barel neftin qiyməti 100 dolları üstələyə bilmişdi. Hörmüz boğazının açılması ilə vəziyyət dəyişəcək. Artıq dünya bazarları bu prosesə reaksiya verir və neft qiymətlərində ucuzlaşma müşahidə olunur. Təbii ki, neftin ucuzlaşması müəyyən həddə qədər davam edə bilər. Qiymətlərin səviyyəsi neft istehsalçısı olan OPEC ölkələrinin maraqlarına uyğun olmalıdır. Qiymətlər təhlükəli həddə çatdıqda OPEC ölkələri hasilatı azaltmaqla süni qıtlıq yaradırlar.

Azərbaycanın da neft istehsalçısı ölkə olduğunu nəzərə alsaq, müharibənin dayandırılması ölkəmizə də təsirsiz ötüşməyəcək. Azərbaycan dövləti istənilən risklərə hazır vəziyyətdədir. Büdcənin formalaşdırılması zamanı bütün bu reallıqlar nəzərə alınıb.

Ən vacib məsələ müharibənin başa çatması və sülhün bərqərar olmasıdır. Çünki təsadüf nəticəsində bölgəmizdə qlobal problem yarana bilərdi. Xüsusilə Buşəhr Atom Elektrik Stansiyasının yaxınlığına düşən raketlər təhlükəni daha da artırmışdı. Əgər Buşəhr AES-ə ziyan dəysəydi, bu, Çernobıl faciəsindən daha ağır nəticələrə səbəb ola bilərdi. İranın qonşusu olduğumuz üçün bu, Azərbaycan üçün də ciddi təhlükə mənbəyi idi.

Hər halda, sülh müharibədən daha yaxşıdır. Ona görə də sülhün əldə olunması istiqamətində real addımlar atılır.

İstisna deyil ki, Donald Tramp noyabrda keçiriləcək aralıq parlament seçkilərinə ən ağır müharibələrdən birini dayandıraraq sülhə nail olmuş lider kimi getmək istəyir. Bu, onun seçkilərdə uğur qazanması baxımından vacib amildir.

Tramp bəyan edib ki, bu müharibə başa çatdıqdan sonra diqqətini Rusiya-Ukrayna müharibəsinə yönəldəcək. O, noyabr seçkilərinə ən azı iki böyük müharibəni dayandırmış dövlət başçısı kimi getmək niyyətindədir. Bu baxımdan onun şansları yüksək qiymətləndirilir”.

E.Nəsirov vurğulayıb ki, ABŞ-İran razılaşması bütün dünya üçün qələbədir:

“ABŞ başa düşdü ki, İranla müharibə qlobal məzmun daşıyır. Bu, təkcə Vaşinqtonla Tehran arasındakı qarşıdurma deyil, dünyanın bütün ölkələrinin maraqlarına təsir göstərən prosesdir.

Deyərdim ki, burada uduzan tərəf yoxdur. Qalib gələn bütün dünya və bəşəriyyətdir. Çünki bu müharibənin fəsadları daha da genişlənə bilərdi.

ABŞ-nin İranda rejimi dəyişmək niyyəti yox idi. Belə bir niyyət daha çox İsrail tərəfindən irəli sürülürdü. ABŞ üçün əsas məsələ İranın nüvə silahına malik olmamasıdır. Hazırda dünyada nüvə silahına sahib olan 9 dövlət var və ABŞ İranın onuncu dövlətə çevrilməsini istəmir. Bu istiqamətdə də müəyyən nəticələr əldə olunub.

Eyni zamanda Hörmüz boğazının açılması da ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Mənə elə gəlir ki, bu, ABŞ üçün böyük qələbədir.

İran da müəyyən mənada simasını qoruyub saxladı. Çünki ölkədə rejim dəyişikliyi baş vermədi. Bununla yanaşı, ABŞ tərəfindən dağıdılmış müəssisələrin bərpası üçün 300 milyard dollar vəsait ayrılması ilə bağlı ilkin razılıq da mövcuddur. Biz yalnız iyunun 19-da memorandum təsdiqləndikdən sonra bu barədə qəti fikir söyləyə bilərik. Lakin istənilən halda dağıdılmış obyekt və müəssisələrin bərpası üçün ABŞ tərəfindən maliyyə dəstəyi ayrılacağı gözlənilir.

Bu vəziyyətdən ən çox narahat olan tərəf İsraildir. İsrail ABŞ ilə İran arasında əldə olunan razılaşmalara münasibətdə tamamilə fərqli və daha sərt mövqedən çıxış edir”.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ