Modern.az

İrəvan nala-mıxa vurur - Paşinyana sülhə qarşı təzyiq edən kimlərdir...

İrəvan nala-mıxa vurur - Paşinyana sülhə qarşı təzyiq edən kimlərdir...

Analitika

Bu gün, 16:26

Azərbaycan və Ermənistan arasındakı sülh gündəmində müəyyən irəliləyişlər olsa da, prosesin yekun mərhələyə keçməsini şərtləndirən bir sıra məsələlər üzrə İrəvandan konkret addımlar gözlənilir. Ermənistan konstitusiyasında dəyişikliklərlə bağlı referendumun keçirilməməsi, sülh sazişinin imzalanması üçün hüquqi məsələlərin həll olunmaması və regionda kommunikasiyaların açılması istiqamətində əvvəl səsləndirilən vədlərin reallaşmaması prosesi uzadır.

Xüsusilə Ermənistanın konstitusiya dəyişiklikləri ilə bağlı layihəni təqdim etməsi və referendum keçirməsi məsələsində konkret tarixlərin dəfələrlə dəyişdirilməsi İrəvanın sülh gündəliyində nala-mıxa vurması kimi görünür.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a bildirib ki, Ermənistan konstitusiyasını dəyişmədən sülh sazişinə imza ata bilməz:

“Bu baxımdan, ilin sonunadək sülh sazişinin imzalanacağı ilə bağlı fikirləri əsassız hesab edirəm. Çünki artıq şərt var: Ermənistan konstitusiyasını dəyişmədən sazişə qol çəkilə bilməz. Biz görürük ki, Ermənistan rəhbərliyi konstitusiyada vəd etdiyi dəyişiklikləri həyata keçirmir. Hətta konstitusiya dəyişiklikləri ilə bağlı layihənin nə vaxt dərc olunacağına dair əvvəl müəyyən tarixlər açıqlansa da, sonradan bu tarixlər dəyişdirildi. İndi isə layihənin təqdim olunması və referendumun keçirilməsi ilə bağlı real addımlar görünmür”. Sabiq nazir qeyd edib ki, Ermənistanın sülh prosesini və Azərbaycanın gözləntiləri ilə bağlı məsələləri yubatmasında xarici təsirlərin də rolu var:

“Mənə elə gəlir ki, Ermənistana çox ciddi şəkildə təsir göstərilir ki, sülh gündəmindən uzaqlaşsın. Bunun nəticəsində də bizim üçün vacib olan məsələlərin həlli yubadılır. Baş verənlərdən hiss olunur ki, Ermənistan ilk növbədə Rusiyanın təsiri altında bu siyasəti həyata keçirir. Kilsələrlə əlaqədar süni şəkildə yaradılan böhran da bunun göstəricilərindən biridir. Xarici qüvvələr Ermənistanın sülh gündəminə uyğun addımlarını ləngitmək üçün bu cür taktika seçiblər”.

Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı proseslərin də əvvəlki gözləntilərə uyğun sürətlə irəliləməməsi diqqət çəkir:

“Bir il bundan əvvəl Vaşinqtonda açıq şəkildə deyilirdi ki, ilin sonunadək Zəngəzurla bağlı məsələlərin həlli təmin olunacaq. Hətta orada konkret vaxtlar səsləndirilir, bunun Paşinyanın "ev tapşırığı" olduğu bildirilirdi. Amma biz görürük ki, həmin "ev tapşırığı" yerinə yetirilmir. Trampın layihəsi olan TRIPP müxtəlif bəhanələrlə rədd edilir. Hətta açıq şəkildə Rusiyanın bu layihədə niyə iştirak etmədiyinə dair  fikirlər səsləndirilir”.

Sabiq nazir hesab edir ki, bütün bunlar Ermənistanın sülh prosesinin yekunlaşdırılmasına çalışmadığını göstərir:

“Bu, müəyyən siyasətin göstəricisidir. Biz bunu görəndə başa düşməliyik ki, Ermənistan hazırda sülh prosesinin tamamlanmasına çalışmır. Görünür, İrəvan hansısa qüvvələrin dəstəyinə nail olacağına ümid edir. Burada təkcə Rusiyanı deyil, Avropa İttifaqında əsas rollardan birini oynayan Fransanı və digər qüvvələri də nəzərdə tuturam”.

Sabiq xarici işlər naziri Ermənistanın nümayişkaranə şəkildə silahlanmasını da sülh prosesini ləngidən amillərdən biri hesab edir:

“Əslində, sülh deyəndə de-fakto sülh mövcuddur. Amma təəssüflər olsun ki, Ermənistanın işğalçı siyasətinin müəyyən elementləri qalmaqdadır. Bunu həm təbliğatda, həm siyasi addımlarda, həm də məsələləri ləngitmək siyasətində görürük. Ermənistanın nümayişkaranə şəkildə silahlanması da bu siyasətin görünən faktorlarından biridir. Bütün bunları görməmək mümkün deyil”.

Tofiq Zülfüqarov sülh sazişinin nə zaman imzalana biləcəyi ilə bağlı konkret tarix açıqlamağın mümkün olmadığını bildirib.

Onun sözlərinə görə, sülh yalnız tərəflərin istəyi ilə deyil, real siyasi proseslərin nəticəsində əldə oluna bilər:

“Sülh bizim istəməyimizdən asılı deyil. Təkcə bizim istəməyimiz kifayət etmir. Hər bir tərəf sülhə öz bildiyi və istədiyi şəkildə nail olmaq istəyir. Bizim istədiyimiz sülh bəllidir. Azərbaycanın siyasi məqsədləri və hədəfləri, Ermənistanın da öz mövqeyi var. Ona görə sülhün əldə olunması təkcə istəməklə bağlı deyil. Bu, real siyasi prosesdir. Azərbaycan üçün sülhə nail olmaq qarşıya qoyduğu siyasi hədəflərə və məqsədlərə çatmaq deməkdir”.

T.Zülfüqarov Azərbaycanın qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün kifayət qədər imkanlarının olduğunu vurğulayıb:

“Yekun sülh sazişinin nə zamanı imzalanacağını deyə bilmərəm. Amma hesab edirəm ki, bunun üçün Azərbaycanın siyasi, iqtisadi və hərbi imkanları, ən əsası isə siyasi iradəsi var. Mən əminəm ki, Azərbaycan həmişə olduğu kimi, qarşısına qoyduğu məqsədlərə nail olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi