Azərbaycanın İstanbuldakı Baş konsulluğu və Ankaradakı səfirliyi qarşısında keçirilən etiraz aksiyaları Türkiyə-Azərbaycan münasibətləri və diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı müzakirələri gündəmə gətirib. Aksiyaların təşkilatçıları, mümkün koordinasiya əlaqələri və sosial şəbəkələrdə yayılan məlumatların təsiri diqqət çəkən məsələlərdəndir.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu bildirib ki, Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalar iki ölkə arasındakı strateji münasibətlər baxımından diqqətlə qiymətləndirilməlidir:
“Məsələ yalnız diplomatik nümayəndəliklərin qarşısında toplaşan insanların sayı ilə məhdudlaşmır. Əsas məsələ bu aksiyaların hansı şəraitdə meydana çıxması, kimlər tərəfindən təşkil olunması, necə istiqamətləndirilməsi və iki qardaş ölkə arasındakı münasibətlərə təsir göstərmək məqsədilə istifadə edilib-edilməməsidir. Diplomatik nümayəndəliklərə qarşı yaranan hər bir ciddi təhlükəsizlik təhdidi dövlətçilik təfəkkürü ilə araşdırılmalıdır. Etirazların zahiri səbəbləri ilə onların mümkün strateji nəticələri bir-birindən fərqləndirilməlidir”.
Ekspertin sözlərinə görə, aksiyaların təşkilində hansı şəxslərin və qurumların rol oynadığı, tədbirlər arasında koordinasiyanın olub-olmadığı, maliyyələşmədə qanunsuz xarici mənbələrdən istifadə edilib-edilmədiyi və sosial şəbəkələrdə koordinasiyalı dezinformasiya kampaniyasının aparılıb-aparılmadığı araşdırılmalıdır.
İ.Muğlu qeyd edib ki, bu sualların cavabları fərziyyələrə deyil, qanuni yollarla əldə olunan kəşfiyyat məlumatlarına, maliyyə qeydlərinə, açıq mənbələrin təhlilinə və zərurət yarandıqda hüquqi araşdırmalar çərçivəsində toplanan sübutlara əsaslanmalıdır.
Türkiyəli ekspert vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız tarixi qardaşlıq anlayışına söykənmir:
“Bu birlik Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına, enerji dəhlizlərinə, nəqliyyat əlaqələrinə və Türk dünyasının geosiyasi gələcəyinə birbaşa təsir göstərir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn münasibətlər iki ölkənin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığına institusional xarakter qazandırıb. Bu səbəbdən Türkiyə ilə Azərbaycan arasında yarana biləcək ictimai və ya diplomatik gərginliklər regional rəqabət şəraitində müxtəlif aktorlar tərəfindən siyasi məqsədlər üçün istifadə oluna bilər. Diplomatik nümayəndəliyin qarşısında keçirilən etiraz aksiyası özlüyündə dövlətlərarası böhran demək deyil. Lakin düzgün idarə olunmayan hadisə iki ölkənin ictimaiyyətləri arasında əsassız etimadsızlığa səbəb ola bilər”.
Ekspert əlavə edib ki, Türkiyənin dövlətçilik ənənəsi həm diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə, həm də vətəndaşların konstitusion hüquqlarını qorumağa imkan verir. Onun fikrincə, təxribat ehtimalı diqqətdən kənarda qalmamalı, lakin sübut olmadan heç kim ittiham edilməməlidir.
İ.Muğlu müasir dövrdə təhlükəsizlik təhdidlərinin yalnız silahlı hücumlarla məhdudlaşmadığını da diqqətə çatdırıb. O bildirib ki, dezinformasiya, ictimai qütbləşmə, rəqəmsal manipulyasiya və diplomatik gərginliyin qəsdən dərinləşdirilməsi də müasir təhlükəsizlik mühitinin mühüm elementlərindəndir.
Ekspertin sözlərinə görə, etiraz aksiyalarının arxasında xarici müdaxilənin olub-olmadığı araşdırılarkən dinc siyasi və ya dini mövqelərini ifadə edən vətəndaşların avtomatik olaraq xarici qüvvələrlə əlaqələndirilməsindən çəkinmək lazımdır:
“Həqiqi təhlükəsizlik yalnız təhdidləri müəyyənləşdirməkdən deyil, təhdid olmayan amilləri də düzgün ayırd etməkdən ibarətdir”.
Türkiyəli təhlükəsizlik eksperti hesab edir ki, Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyi yalnız polisin gördüyü tədbirlərlə kifayətlənməməlidir. Bu məsələ eyni zamanda, qarşılıqlı etimadın, institusional həmrəyliyin və diplomatik məsuliyyətin göstəricisidir.
İ.Muğlunun fikrincə, Ankara Azərbaycanın diplomatik nümayəndəliklərini qorumalı, Bakı ilə fasiləsiz əlaqə saxlamalı və xarici müdaxilə cəhdləri mövcud olduğu təqdirdə onları konkret sübutlar əsasında üzə çıxarmalıdır.
O sonda vurğulayıb ki, Türkiyə-Azərbaycan qardaşlığını qorumağın yolu real təhdidləri düzgün müəyyənləşdirməkdən, təxribatların qarşısını almaqdan və iki dövlət arasındakı strateji etimadı gücləndirməkdən keçir.
“Güclü müttəfiqliklər yalnız ortaq qələbələrlə deyil, həm də həssas dövrlərdə nümayiş etdirilən soyuqqanlılıq, hüquqa hörmət və dövlətçilik təfəkkürü ilə möhkəmlənir. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin dediyi kimi, münasibətlərimiz “Bir millət, iki dövlət” prinsipinə söykənir”, - deyə ekspert bildirib.