Su həyatın mənbəyidir, çaylar isə bəşəriyyətin və ekosistemlərin can damarlarıdır. Tarix boyu böyük sivilizasiyalar məhz çayların kənarında yarandığı kimi, bu gün də milyardlarla insanın varlığı bu su mənbələrindən asılıdır. Lakin son əsrdə sənayeləşmə, plansız suvarma, nizamsız şəhərsalma və qlobal iqlim dəyişikliyi bu təbii sərvətləri yox olmaq təhlükəsi ilə üz-üzə qoyub. Dünyanın bir vaxtlar ən gur axan çayları bu gün antropogen amillər ucbatından "ölür". 2024-cü ildə Bakıda keçirilən BMT-nin COP29 iqlim konfransında da qarşıya qoyulan əsas hədəflərdən biri məhz çayların və şirin su hövzələrinin qorunması, su resurslarının dayanıqlı idarə edilməsi idi.
Modern.az dünyada artıq bioloji olaraq ölmüş və ya tamamilə qurumaq təhlükəsi ilə üz-üzə qalan çayların geniş icmalını təqdim edir.
Qanq və Yamuna çayları - Hindistan
Hindistanın su sisteminin əsasını təşkil edən bu iki çay hazırda dünyanın ən ağır ekoloji fəlakət zonalarından biridir. Dünyanın üçüncü ən böyük çayı olan və 2 milyarddan çox insana xidmət edən Qanq çayı, əhalinin böyük hissəsi tərəfindən müqəddəs sayılır. İnsanlar suların onları günahlardan təmizlədiyinə inanırlar. Lakin reallıq budur ki, 1100-dən çox sənaye müəssisəsinin təmizlənməmiş çirkab suları birbaşa bura axıdılır və milyonlarla insan bu zəhərli suda çimməyə davam edir.
Qanqın qolu olan Yamuna çayı isə artıq bir çox yerlərdə bioloji olaraq "ölü" elan edilib. Çay tez-tez kimyəvi tullantılardan yaranan ağ zəhərli köpüklə örtülür. Təmiz içməli suda turşuluq balansı 7 olduğu halda, Yamunada bu göstərici 11-ə bərabərdir. Tərkibindəki ammonyakın səviyyəsi o qədər yüksəkdir ki, paytaxt Dehlinin 20 milyonluq əhalisi üçün içməli su emal edən müəssisələr müntəzəm olaraq fəaliyyətini dayandırmalı olur.
Burisunqa Çayı - Banqladeş
Vaxtilə paytaxt Dəkkənin can damarı olan Burisunqa sənaye və məişət tullantılarının kütləvi şəkildə atılması nəticəsində tamamilə məhv olub. Çayın suyu musson yağışları dövrü istisna olmaqla qapqara rəngdədir və ətrafa il boyu kəskin üfunət iyi yayır. Əsas çirkləndiricilər toxuculuq və dəri emalı fabrikləridir. Çayın dibində toplanan plastik tullantılar çay yatağını dayazlaşdıraraq onun axın istiqamətini dəyişib. Quraqlıq mövsümündə çayda heç bir canlı yaşamır.
Çitarum Çayı - İndoneziya
Sıx əhali və sahildəki fabriklərin tullantıları bu çayı toksik anbara çevirib. Çitarum çayında civənin səviyyəsi qəbul edilmiş beynəlxalq normadan tam 100 dəfə çoxdur. Milyonlarla insan başqa çıxış yolu olmadığı üçün hələ də bu sudan məişətdə istifadə etmək məcburiyyətindədir.
Xuanxe / Sarı Çay - Çin
Çin sivilizasiyasının beşiyi sayılan Sarı çay, ölkənin sürətli iqlim və iqtisadi sıçrayışının qurbanı olub. Hədsiz suvarma və minlərlə zavodun, kömür mədənlərinin suyu mənimsəməsi nəticəsində çay 1970-ci illərdən bəri dənizə çatmamış quruyur. 1997-ci ildə çay antirekord vuraraq ilin 226 günü dənizə axa bilməyib. Asiyanın bu üçüncü ən uzun çayı həm də milyardlarla ton təmizlənməmiş sənaye çirkabı ilə zəhərlənib.
Hind Çayı - Pakistan və Hindistan
Cənubi Asiyanın bu mühüm su mənbəyi həm ekoloji, həm də geosiyasi təzyiq altındadır. Çayı qidalandıran Himalay buzlaqlarının qlobal istiləşmə səbəbindən sürətlə əriməsi və plansız suvarma xətləri çayın delta hissəsində suyun səviyyəsini kəskin azaldıb. Nəticədə, dənizin duzlu suyu çayın yatağına daxil olaraq sahilyanı şirin su ekosistemini və kənd təsərrüfatını məhv edib.
Marilao Çayı - Filippin
Milyonlarla insan üçün yeganə su mənbəyi olan Marilao dəri emalı fabrikləri, məişət tullantıları və qızıl təmizləmə müəssisələri tərəfindən ağır dərəcədə çirkləndirilib. Suyun tərkibində insan sağlamlığı üçün ölümcül təhlükə yaradan ağır metal süxurları var.
Amudərya və Sırdərya - Mərkəzi Asiya
Bu iki çay vaxtilə Aral dənizini qidalandırırdı. Lakin 1960-cı illərdən etibarən pambıq tarlalarını suvarmaq üçün bu çayların suyunun kütləvi şəkildə kəsilməsi nəticəsində Aral dənizinin 90%-i yox oldu. Bu gün hər iki çay aşağı axarlarında cılız bir arxa çevrilərək böyük bir regional fəlakət zonası yaradıb.
Kolorado Çayı - ABŞ və Meksika
Şimali Amerikanın ən məşhur və Böyük Kanyonu yaradan bu möhtəşəm çayı artıq tamamilə qurumaq üzrədir. Çay üzərində tikilən nəhəng bəndlər, Las-Veqas, Los-Anceles kimi meqapolislərin və Kaliforniya kənd təsərrüfatının ifrat istehlakı səbəbindən Kolorado çayı artıq neçə illərdir ki, özünün təbii son nöqtəsi olan Sakit okeanın Kaliforniya körfəzinə çata bilmir və qumluqda yox olur.
İordan çayı - Yaxın Şərq
Xristianlıq və İudaizm üçün müqəddəs sayılan bu tarixi çay regiondakı kəskin quraqlıq və suyunun 95%-nin regional dövlətlər tərəfindən kəsilməsi səbəbindən yox olmaq həddindədir. Bu gün eni cəmi bir neçə metr olan və çirkab suları ilə dolu çirkin bir axına bənzəyən çay, həm də Ölü dənizin sürətlə qurumasına rəvac verir.
Sarno və Dunay Çayları - Avropa
Avropanın ən çirkli çayı hesab olunan İtaliyadakı Sarno çayının mənbəyi təmiz olsa da, axar boyunca kənd təsərrüfatı və sənaye tullantıları onu tamamilə zəhərləyir. Daşqınlar zamanı bu toksik sular torpağın tamamilə deqradasiyasına səbəb olur. Dunay çayında isə vəziyyət fərqlidir. Tədqiqatçılar çayın keçdiyi 9 Avropa ölkəsinin hamısında suyun tərkibində təhlükəsizlik limitindən qat-qat çox 7 müxtəlif növ antibiotik aşkar ediblər.
Matansa çayı - Argentina
Cənubi Amerikanın ən çirkli çayı sayılan Argentinadakı Matansa çayına isə dəri fabriklərinin ağır metalları ilə yanaşı sallaxxanaların tullantıları axıdılır. Buna görə də o, yerli əhali tərəfindən "Sallaxxana çayı" adlandırılır.
Təhlükə qapıdadır:
Oxşar qlobal və regional ekoloji böhran bu gün ölkəmiz üçün də aktualdır. Azərbaycanın əsas su arteriyaları olan Kür və Araz çaylarının su səviyyəsinin son illərdə kəskin azalması həyəcan siqnalıdır.
Kür çayının ən böyük sağ qolu olan Araz çayı Azərbaycan ərazisində kənd təsərrüfatına yararlı sahələrin suvarılması baxımından həyati əhəmiyyət kəsb edir. Lakin çayın suyunun keyfiyyəti transsərhəd çirklənmə səbəbindən heç də arzuolunan səviyyədə deyil.
Bu kontekstdə ən böyük ekoloji terror Oxçuçayda yaranıb. Ermənistan ərazisindəki qapalı dağ-mədən sənayesi müəssisələrinin tullantıları uzun illərdir bu çayı zəhərləyib. Hətta Ermənistanın daxili strukturları və yerli ekoloqları da bu fəlakəti etiraf ediblər. Ermənistanlı ekoloq Levon Qalstyan 2021-ci ildə bildirib ki, təkcə son 6-7 il ərzində onlarla ağır çirklənmə faktı qeydə alınsa da, hər dəfə bu qəza halları və fəsadları ört-basdır edilib. İrəvan Dövlət Universitetinin Ekoloji Təhlükəsizlik Mərkəzinin əməkdaşı L.Marqaryan isə rəsmən təsdiq edib ki, Oxçuçayın tərkibində molibden, dəmir, qurğuşun, sink, xrom və digər ölümcül ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Bu zəhərli axın birbaşa Araz çayına, oradan isə Kürə qovuşaraq ekosistemimizi hədəf alır.
Çayların "ölümünün" qlobal fəsadları:
Dünya miqyasında çayların quruması və çirklənməsi bəşəriyyəti sürətlə böhrana sürükləyir.
Kənd təsərrüfatının məhvi: Dünyanın böyük çaylarından çəkilən suyun 72%-i suvarma üçün istifadə olunur. Bu ifrat istifadə Yantszı, Nil, Konqo kimi nəhəng çayları taqətdən salır. Gübrələrin çaylara sızması isə sularda toksik yosunlar yaradaraq cansız zonalar formalaşdırır.
Faunanın yox olması: 1970-ci ildən bəri şirin su canlılarının sayı qlobal miqyasda 84% azalıb. Bu, planetdəki ən sürətli kütləvi yoxolma göstəricisidir. Çayların quruması ilə endemik balıq və bitki növləri yox olur.