Modern.az

O, həmişə ikinci qalacaq... Futbol tarixinin ən böyük mübahisəsinə nöqtə

O, həmişə ikinci qalacaq... Futbol tarixinin ən böyük mübahisəsinə nöqtə

İdman

Bu gün, 18:18

Dünən Argentina ilə Misir arasında keçirilən dünya çempionatı oyunu bir daha göstərdi ki, böyük futbolçular böyük səhnələr üçün doğulur. Təzyiq artdıqca bəziləri görünməz olur, bəziləri isə tarixi yazır.

Lionel Messi yenə ikinci qrupa aid olduğunu sübut etdi.

Dünya Çempionatında Misirə qarşı 2:0 geri düşən Argentina çətin an yaşayanda top yenə onun ayağına gəldi. O, bir qol vurdu, bir məhsuldar ötürmə etdi və komandasına qələbə qazandıraraq 1/4 mərhələyə daşıyan əsas fiqur oldu. Əslində bu, bu mundialda ilk dəfə deyil. Messi turnir boyu taleyüklü qarşılaşmalarda məsuliyyəti üzərinə götürən futbolçu kimi çıxış edir. O, komandasının yükünü daşıyır, oyunu idarə edir, lazım gələndə qol vurur, lazım gələndə isə qol pası verir.

Kriştiano Ronaldo isə eyni turnirdə tam fərqli mənzərə nümayiş etdirir.

Portuqaliya 1/8 mərhələsində İspaniyaya məğlub olaraq turnirlə vidalaşdı. Bu həm də Kriştiano Ronaldonun Dünya kKubokunu başı üzərində qaldırmaq istəyinin sonu oldu, o daha mundiallarda iştirak etməyəcək. Turnir boyu onun yalnız Özbəkistanla oyunda köhnə gücündən izlər görünürdü. Qalan matçlarda isə daha çox komandasının bir hissəsi kimi yadda qaldı, lideri kimi yox.

Bu, ilk dəfə deyil.

Son illərdə onların futbol yolu bir-birindən getdikcə uzaqlaşır.

Messi və Ronaldo haqqında ən çox səsləndirilən fikirlərdən biri budur:

"Messi fitri istedad idi, Ronaldo isə zəhmətin məhsulu..."

Bu fikir ilk baxışdan romantik səslənsə də, tam həqiqət deyil.

Bəli, Ronaldonun dəmir intizamı fenomen səviyyəsindədir.

Saatlarla məşq etməsi, qidalanmasına ciddi nəzarət etməsi, bədənini 40 yaşında belə elit səviyyədə saxlaması hər kəs üçün nümunədir.

Amma bu o demək deyil ki, Messi bunları etməyib.

Əksinə...

Messi də peşəkarlıq baxımından futbolda nümunə göstərilən futbolçulardan biridir. Sadəcə bunu nümayiş etdirməyi sevməyib.

Əgər təkcə fitri istedad hər şeyi həll etsəydi, Ronaldinyo futbol tarixinin ən böyük oyunçusu olardı.

Əgər yalnız istedad kifayət etsəydi, Neymar bu gün artıq üç-dörd Dünya Kuboku uğrunda deyil, futbol tarixinin ən böyük oyunçusu statusu uğrunda mübarizə aparardı.

Hər iki futbolçu Messi qədər, bəlkə də bəzi komponentlərdə ondan da artıq fitri istedada sahib idi.

Amma...

Ronaldinyonun gecə həyatı, əyləncələri və intizamsızlığı onun zirvəsini çox qısa etdi.

Neymar isə saysız-hesabsız zədələr, şəxsi həyatı və qeyri-peşəkar yanaşması səbəbindən heç vaxt potensialını tam reallaşdıra bilmədi.

Messi isə tam əksini etdi.

O, heç vaxt qalmaqallı gecə həyatı yaşamadı.

Heç vaxt məşq rejimini pozması ilə gündəmə gəlmədi.

Heç vaxt futboldan kənar həyatını futbolun önünə keçirmədi.

Deməli, Messinin uğurunun sirri təkcə istedad yox, istedadla peşəkarlığın ideal vəhdəti idi.

Bəzən deyirlər ki, Ronaldo özünü yaradıb, Messi isə istedadın bəhrəsidir.

Əslində isə hər ikisi özlərini yaradıblar.

Sadəcə yolları fərqli olub.

Ronaldonun ən böyük üstünlüyü bədənini silah kimi istifadə etməsi idi.

Messinin isə ən böyük üstünlüyü futbol beynidir.

Bunu heç bir məşq proqramı ilə öyrənmək mümkün deyil.

Messi top ayağına gəlməmişdən əvvəl artıq növbəti iki-üç ötürməni hesablayır.

O, oyunu oynamır.

Oyunu oxuyur.

Bəlkə də buna görə dünyanın ən böyük məşqçiləri — Pep Qvardiola, Arsen Venger, Yurgen Klopp, Xosep Mourinyo, Fabio Kapello və digərləri illərdir eyni fikri səsləndirirlər:

"Messi futbol tarixində bənzəri olmayan oyunçudur."

Ancaq bu rəqabət emosiyalar üzərində deyil, rəqəmlər üzərində qurulmalıdır.

Və rəqəmlər çox vaxt hisslərdən daha sərt olur...

Rəqəmlər futbolda hər şeyi deməsə də, çox şeyi deyir. Xüsusilə də söhbət futbol tarixinin ən böyük rəqabətindən gedirsə.

2026-cı il dünya çempionatı davam edərkən Messi və Ronaldonun rəsmi statistikaları yenə də bir-birinə çox yaxındır. Hər ikisi 1200-dən çox rəsmi oyuna çıxıb, 900-dən çox qol vurub, yüzlərlə məhsuldar ötürmə edib. Hər ikisi klub, həm də milli komanda tarixinin ən məhsuldar futbolçularındandır.

Ancaq fərq təkcə qollarda deyil.

Messi bütün karyerası ərzində Ronaldodan daha çox məhsuldar ötürmə edib. Bu təsadüfi deyil. Çünki Messi heç vaxt yalnız qolçu olmayıb. O, eyni zamanda oyunu quran, tempi müəyyən edən, hücumları hazırlayan futbolçudur.

Ronaldo isə karyerasının ikinci yarısından etibarən daha çox cərimə meydançası oyunçusuna çevrildi. O, fantastik bombardirdir. Bəlkə də futbol tarixinin ən böyük bitiricisidir. Amma Messi həm oyunu qurur, həm qol vurur, həm də komandasını oynadır.

Bunun nəticəsi Qızıl Toplarda da görünür.

Messinin hesabında 8 "Qızıl top", Ronaldonun isə 5 "Qızıl top" var.

FIFA tərəfindən ilin ən yaxşı futbolçusu mükafatlarında da Messi öndədir.

Ən yaxşı oyunçu seçildiyi dünya çempionatlarının sayı da Messinin xeyrinədir.

Milli komanda səviyyəsində fərq daha da nəzərə çarpır.

Uzun illər Ronaldonun azarkeşləri "Messinin milli komanda ilə heç nə qazanmaması" arqumentindən istifadə edirdilər.

Amma tarix qəribə oyundur.

Messi əvvəlcə Amerika Kubokunu qazandı.

Sonra Finalissima.

Ardınca isə futbolun zirvəsini - Dünya Kubokunu.

Və bunu sadəcə kapitan kimi yox, turnirin ən yaxşı futbolçusu kimi etdi.

Məhz həmin mundial mənim üçün bu mübahisəni birdəfəlik bitirdi.

Çünki futbol tarixində Dünya Kuboku hər şeydən üstündür.

Ronaldonun üstün olduğu məqamlar da var.

Bunu etiraf etməmək obyektiv olmaz.

Baş zərbələrində Ronaldo bəlkə də futbol tarixinin ən yaxşı oyunçusudur.

Onun sıçrayışı, havada qalması, vaxt seçimi fenomen səviyyəsindədir.

Penaltilərin icrasında da Ronaldo daha sabit görünür.

İllərdir yüksək faizlə penalti yerinə yetirib.

Amma tez-tez deyilən başqa bir arqument var.

"Cərimə zərbələrinin kralı Ronaldo idi."

Bəli...

2014-cü ilə qədər.

"Knuckleball" zərbələri, topun havada istiqamət dəyişməsi uzun illər futbol azarkeşlərini valeh edirdi.

Lakin həmin dövrdən sonra Ronaldonun cərimə zərbələrində məhsuldarlığı kəskin azaldı.

Son on ildən artıq müddətdə onun vurduğu birbaşa cərimə qolları barmaqla sayılacaq qədərdir.

Messi isə əksinə.

Yaşı artdıqca cərimə ustasına çevrildi.

Bu gün cərimə zərbəsi qazananda dünyanın böyük hissəsi artıq bunun qol ola biləcəyini düşünür.

Bu da futbol paradokslarından biridir.

Ronaldo cərimələrdən uzaqlaşdı.

Messi isə bu sahədə zirvəyə yüksəldi.

Mənim üçün əsas fərqlərdən biri isə onların futbol fəlsəfəsidir.

Messi heç vaxt şəxsi statistikası uğrunda oynamayıb.

Bəzən qol vəziyyətində belə topu komanda yoldaşına ötürüb.

Onun üçün əsas məsələ komandanın qələbəsi olub.

Ən parlaq nümunələrdən biri 2022-ci il dünya çempionatıdır.

Messi hər oyunda həm qol vurur, həm də komandasını oynadırdı.

O, sadəcə bombardir deyildi.

O, bütün oyunun müəllifi idi.

Ronaldoda isə fərqli yanaşma hiss olunur.

O, həmişə rekordların arxasınca gedib.

100-cü qol...

500-cü qol...

900-cü qol...

1000-ci qol...

Bu, pis xüsusiyyət deyil.

Əksinə.

Onun ambisiyası məhz Ronaldonu Ronaldo edib.

Ancaq mənim üçün futbolun mahiyyəti təkcə şəxsi rekordlar deyil.

Komandanı böyütməkdir.

Messi bunu daha çox bacarıb.

Meydandan kənarda da iki fərqli dünya var.

Messi həmişə sakit olub.

O, uşaqlıq sevgisi Antonela Rokkuzzo ilə illərdir birlikdədir, xoşbəxt ailə həyatı yaşayır.

Mediada onun adı qalmaqallarla demək olar ki, hallanmayıb.

Meydanda da nadir hallarda aqressiv davranış göstərib.

Hakimlərlə mübahisə etməsi, rəqiblərlə davaya çıxması çox az görülən hallardır.

Ronaldo isə tam əksidir.

Daha emosionaldır.

Daha xarizmatikdir.

Daha parlaq obraz yaradıb.

Bu obraz ona milyonlarla azarkeş qazandırdığı kimi, saysız-hesabsız mübahisələr də gətirib.

Şəxsi həyatı uzun illər medianın diqqət mərkəzində olub.

Model İrina Şeyklə münasibəti, daha sonra Corcina Rodriqeslə ailə həyatı, müxtəlif sevgi macəraları dəfələrlə dünya mətbuatının manşetinə çevrilib.

2009-cu ildə ABŞ-da ona qarşı irəli sürülən zorlama ittihamı da uzun müddət müzakirə olundu. 

Görünüş baxımından da Ronaldo həmişə öz üzərində çalışan insan olub.

Onun "Mançester Yunayted"ə ilk gəldiyi dövrdəki görüntüləri ilə indiki görünüşü arasında böyük fərq var.

Diş estetikası, saç transplantasiyası və müxtəlif kosmetik prosedurlar keçirdiyi barədə illərdir geniş məlumatlar yayılır.

Messidə isə belə transformasiya demək olar ki, görünmür.

 

Daha bir mühüm fərq...

Eqo.

Ronaldo bəlkə də futbol tarixinin ən güclü mentalitetə malik oyunçularındandır.

O, özünə sonsuz inanır.

Bəzən bu inam eqoya çevrilir.

Ronaldo dəfələrlə özünü dünyanın ən yaxşı futbolçusu adlandırıb.

Onu Messidən üstün saymayanlara sərt reaksiyalar verib.

Messi isə tam fərqli xarakterdir.

Ona dəfələrlə "Sən tarixin ən yaxşı futbolçususan?" sualı verilib.

Heç vaxt bunu özü deməyib.

Cavabı həmişə eyni olub:

"Bunu insanlar qiymətləndirməlidir."

Bu təvazökarlıq onun futbolunu daha da böyüdür.

Bütün bunları topladıqda mənim şəxsi qənaətim dəyişmir.

Bəli...

Cristiano Ronaldo futbol tarixinin ən böyük oyunçularından biridir.

Bəlkə də ən böyük bombardirdir.

Bəlkə də ən böyük peşəkardır.

Bəlkə də ən güclü mentalitetə malik futbolçudur.

Amma...

Mənim üçün o, həmişə ikinci olacaq.

Çünki Messi futbolun demək olar ki, bütün əsas komponentlərində bir addım öndədir.

Qol vurur.

Qol pası verir.

Oyunu qurur.

Driblinq edir.

Tempi idarə edir.

Finallarda məsuliyyəti üzərinə götürür.

Və ən əsası...

Dünya Kubokunu sadəcə qazanmayıb.

Onu daşıyıb.

Bu isə futbolun zirvəsidir.

Ancaq bu fikir Ronaldonun böyüklüyünə kölgə salmamalıdır.

Əksinə.

Messinin böyüklüyünü tam anlamaq üçün Ronaldonun kim olduğunu dərk etmək lazımdır.

Əgər Ronaldo olmasaydı, bəlkə də Messi bu qədər böyük görünməyəcəkdi.

Əgər Messi olmasaydı, Ronaldo da bu qədər ac, bu qədər motivasiyalı olmayacaqdı.

Onlar bir-birini böyütdülər.

Bir-birini zirvəyə daşıdılar.

İyirmi ilə yaxın futbol dünyası iki nəfərin rəqabətinə şahidlik etdi.

Bu gün isə həmin günəş batmağa başlayır.

Meydana artıq yeni nəsil çıxır.

Lamin Yamal, Kilian Mbappe, Cud Bellinqem və başqaları futbolun yeni simalarına çevrilirlər.

Ancaq nə qədər böyük ulduzlar yetişsə də, bir həqiqət dəyişməyəcək:

Messi-Ronaldo rəqabəti futbol tarixinin ən möhtəşəm fərdi qarşıdurması kimi yaşayacaq.

Və biz o dövrü canlı izləyən nəsil olduğumuz üçün həqiqətən şanslıyıq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?