“PAŞA Kapital” ötən il Bakı Fond Birjasında ticarət dövriyyəsini 67% artıraraq 44,7 milyard manata çatdırıb.
Modern.az xəbər verir ki, bunu PAŞA Kapital investisiya şirkətinin (PASHA Capital) 2025-ci il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransında PAŞA Kapital investisiya şirkətinin Baş icraçı direktor İsi Mustafayev bildirib.
Onun sözlərinə görə, bu göstərici Bakı Fond Birjasının ümumi ticarət dövriyyəsinin təxminən 42%-ni təşkil edib.
“2024-cü ildə şirkətin ticarət dövriyyəsi 26,8 milyard manat olduğu halda, 2025-ci ildə bu rəqəm 44,7 milyard manata yüksəlib”.
İ.Mustafayev qeyd edib ki, ötən il “PAŞA Kapital”ın ticarət dövriyyəsinin 30,1 milyard manatı repo əməliyyatları, 12,2 milyard manatı dövlət istiqrazları, 1,7 milyard manatı Mərkəzi Bankın qiymətli kağızları, 700 milyon manatı isə korporativ istiqrazlar hesabına formalaşıb.
“2025-ci ildə Bakı Fond Birjasına üzv investisiya şirkətlərinin ümumi ticarət dövriyyəsi 105,7 milyard manat olub. Bunun 81,4 milyard manatı repo əməliyyatlarının, 18,7 milyard manatı dövlət istiqrazlarının, 4,2 milyard manatı Mərkəzi Bankın qiymətli kağızlarının, 1,4 milyard manatı isə korporativ istiqrazların payına düşüb”.
İ.Mustafayev həmçinin vurğulayıb ki, şirkət müxtəlif qiymətli kağız növləri üzrə bazar payını da artırıb:
“Belə ki, ötən il repo bazarında pay 37%, dövlət istiqrazları bazarında 66%, Mərkəzi Bankın qiymətli kağızları bazarında 53%, korporativ istiqrazlar bazarında isə 40% təşkil edib”.
İ.Mustafayev onu da əlavə edib ki, əldə olunan nəticələr “PAŞA Kapital”ın kapital bazarındakı mövqeyinin daha da möhkəmləndiyini və investor aktivliyinin artdığını göstərir.