“PAŞA Kapital” 2025-ci ili gəlir və mənfəət artımı ilə başa vurub, şirkətin aktivləri genişlənərkən öhdəlikləri azalıb.
Modern.az xəbər verir ki, bunu PAŞA Kapital investisiya şirkətinin (PASHA Capital) 2025-ci il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransında PAŞA Kapital İnvestisiya Şirkətinin Baş icraçı direktorunun müavini Elnur Fətullayev bildirib.
Bank rəsmisi qeyd edib ki; ötən il “PAŞA Kapital”ın gəlirləri illik müqayisədə 18% artaraq 8,4 milyon manatdan 9,9 milyon manata yüksəlib.
“Gəlirlərin əsas hissəsini 6,3 milyon manat olmaqla haqq və komissiya gəlirləri təşkil edib. Şirkət eyni zamanda 2,4 milyon manat məbləğində xalis faiz gəliri əldə edib”.
E.Fətullayev əlavə edib ki, haqq və komissiya gəlirlərinin strukturunda broker xidmətləri üstünlük təşkil edib:
“Bu istiqamət ümumi gəlirlərin 69,7%-ni formalaşdırıb. Anderaytinq xidmətlərinin payı 28,8%, digər əməliyyatların payı isə 1,5% olub.
Həmçinin, şirkətin xalis mənfəəti də artaraq 2024-cü ildəki 2,2 milyon manatdan 2025-ci ildə 2,5 milyon manata çatıb. Bu isə illik ifadədə 13% artım deməkdir”.
O eyni zamanda vurğulayıb ki, maliyyə göstəricilərində müsbət dinamika aktiv və kapitalın artımında da özünü göstərib:
“Belə ki, şirkətin aktivləri bir il ərzində 56,1 milyon manatdan 64,8 milyon manata yüksəlib. Öhdəliklər isə 47,6 milyon manatdan 46,1 milyon manata düşüb. Nəticədə kapitalın həcmi 16,5 milyon manatdan 18,7 milyon manata çatıb.
2025-ci ildə şirkətin xalis mənfəət marjası 25,3%, kapitalın rentabelliyi (ROE) isə 14,5% təşkil edib”, - deyə E.Fətullayev qeyd edib.