Azərbaycanda aqrar və qida məhsullarının ixracının həcminin 2030-cu ilədək 2 milyard dollara çatdırılması hədəflənir.
Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarının icrası və 2026–2030-cu illər üzrə Dövlət Proqramından irəli gələn məsələlərə dair mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib.
Nazir müavininin sözlərinə görə, hazırda ölkənin aqrar və qida məhsulları ixracı təxminən 1,5 milyard dollar səviyyəsindədir.
“2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında əsas məqsədlərdən biri kənd təsərrüfatında illik ümumi daxili məhsul artımını minimum 2 faiz səviyyəsində saxlamaq və daha yüksək nəticələr əldə etməkdir”.
Z.Əliyev həmçinin qeyd edib ki, proqram çərçivəsində aqrar və qida məhsullarının ixracında da davamlı artımın təmin olunması nəzərdə tutulur:
“Belə ki, bu sahədə illik artım tempinin 6 faizdən yuxarı olması hədəf kimi müəyyənləşdirilib.
Bundan əlavə, proqramda nəzərdə tutulan tədbirlər əsasən fundamental xarakter daşıyır və aqrar sektorun uzunmüddətli inkişafına xidmət edir”, - deyə nazir müavini əlavə edib.