İnkişaf çağırışları artıq köhnə maliyyə alətləri ilə həll oluna bilməz.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantıları çərçivəsində təşkil olunan 8-ci SDG Dialoqu – “Dayanıqlı İnkişaf üçün İnnovativ Maliyyələşdirmə: Yardım və Ənənəvi ODA-dan Kənar” adlı panel sessiyada Qvineya Respublikasının Planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmayıl N’Falla Nabe bildirib.
“XXI əsrin inkişaf çağırışlarını artıq XX əsrin maliyyə alətləri ilə maliyyələşdirmək mümkün deyil. Dünya hər il təxminən 4 trilyon ABŞ dolları həcmində Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi çatışmazlığı ilə üzləşir. Halbuki qlobal maliyyə aktivlərinin həcmi 473 trilyon ABŞ dollarını ötür”, - nazir qeyd edib.
Onun sözlərinə görə, əsas problem kapitalın çatışmazlığı deyil, həmin vəsaitlərin dayanıqlı inkişaf məqsədlərinə yönləndirilməsi, risklərin azaldılması və investisiyaların düzgün strukturlaşdırılmasıdır:
“Yeni dövrdə inkişafın maliyyələşdirilməsi yardım deyil, investisiya, innovasiya, tərəfdaşlıq və ortaq rifah üzərində qurulmalıdır. Təkcə dövlət maliyyəsi və ya özəl kapital bu vəzifənin öhdəsindən gələ bilməz, lakin onların birgə fəaliyyəti transformativ nəticələr yarada bilər”.
Nazir bildirib ki, Qvineyanın “Simandou 2040” milli transformasiya proqramının əsas məqsədi daha çox vəsait cəlb etmək deyil, özəl investisiyaları təşviq edən, iş yerləri yaradan və iqtisadi transformasiyanı sürətləndirən daha keyfiyyətli maliyyə resurslarını səfərbər etməkdir:
“İslam maliyyəsi, qarışıq maliyyələşmə, rəqəmsal maliyyə, yaşıl maliyyə və regional kapital bazarları gələcəyin inkişaf maliyyələşdirilməsi alətləridir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün regional inteqrasiya, Cənub-Cənub əməkdaşlığı və strateji tərəfdaşlıqlar həlledici əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.