Modern.az

Maşın və ev sahibləri üçün yeni qaydalar - ANONS

Maşın və ev sahibləri üçün yeni qaydalar - ANONS

İqtisadiyyat

Bu gün, 10:54

Azərbaycanda yaxın dövrlərdə KASKO sığortası üzrə yeni yanaşmalar tətbiq olunacaq.

Modern.az xəbər verir ki, bunu XI Azərbaycan Beynəlxalq Sığorta Forumu – 2026 çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirib.

O qeyd edib ki, avtomobil vasitələrinin könüllü sığortası, yəni KASKO məhsulu üzrə nəzərdə tutulan dəyişikliklər beynəlxalq sığorta prinsiplərinə uyğunlaşmanı, tərəflərin hüquq və vəzifələrinin daha aydın müəyyənləşdirilməsini, həmçinin istehlakçı məmnuniyyətinin artırılmasını təmin edəcək:

“Qeyd olunanlardan əlavə, yaxın zamanlarda tətbiqinə başlanılacaq layihələrimiz də mövcuddur. Belə ki, avtomobil vasitələrinin könüllü sığortası, yəni KASKO adlandırdığımız məhsul üzrə yeni yanaşmalar tətbiq olunacaqdır”.

Ə.Məmmədyarov bildirib ki, daşınmaz əmlakın icbari sığortası üzrə təkmilləşdirmələr risklərin təsirinin azaldılmasına, sığorta təminatının daha adekvat olmasına və zərərlərin daha keyfiyyətli qiymətləndirilməsinə imkan verəcək.

“Aqrar sığorta sistemi üzrə yeni qanunvericilik təşəbbüsləri də həyata keçirilib və bu dəyişikliklər sistemin institusional əsaslarının gücləndirilməsinə, risklərin daha dayanıqlı idarə olunmasına və dövlət dəstəyinin effektivliyinin artırılmasına xidmət edəcək”.

Mərkəzi Bank rəsmisi onu da əlavə edib ki, işsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu da hazırlanıb:

“Bu məhsul kredit alan şəxslərin maliyyə təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəkdir. Bundan başqa, sığorta bazarında aparılan təkmilləşdirmələr sektorun dayanıqlığının möhkəmlənməsinə və inkişaf templərinin sürətlənməsinə mühüm töhfə verib. Son iki il ərzində sığorta haqları 23 faiz artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57 faiz artaraq 0,9 milyard manata çatıb”.

O həmçinin vurğulayıb ki, hazırda Mərkəzi Bank tərəfindən növbəti strateji dövrü əhatə edən yeni inkişaf strategiyası hazırlanır:

“Yeni strategiyada risk əsaslı prudensial nəzarət modelinin tam formalaşdırılması, proaktiv nəzarətə keçid, alternativ sığorta məhsullarının tətbiqi, istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi və rəqəmsal innovasiyaların genişləndirilməsi əsas prioritetlər olacaq”, - deyə qurum rəsmisi qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!