Modern.az

Ölkədə adambaşına sığorta haqqı nə qədərdir? - RƏSMİ

Ölkədə adambaşına sığorta haqqı nə qədərdir? - RƏSMİ

İqtisadiyyat

Bu gün, 11:14

Azərbaycanda sığorta haqları son üç ildə 55 faiz artıb.

Modern.az xəbər verir ki, bunu XI Azərbaycan Beynəlxalq Sığorta Forumu – 2026 çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, son illər Azərbaycan sığorta bazarı dinamik inkişaf nümayiş etdirir:

“2022–2025-ci illər ərzində ölkədə toplanmış sığorta haqları 971 milyon manatdan 1,5 milyard manata yüksələrək təxminən 55 faiz artıb. Eyni dövrdə sığorta ödənişlərinin həcmi 433 milyon manatdan 921 milyon manata çataraq iki dəfədən çox yüksəlib”.

V.Qasımlının sözlərinə görə, adambaşına düşən sığorta haqları da artaraq 95 manatdan 147 manata yüksəlib, sığorta penetrasiyası isə 0,73 faizdən 1,17 faizə çatıb.

O bildirib ki, maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasəti sığorta bazarının inkişafına əlavə təkan verir:

“2025-ci ildə unikal sığorta müqaviləsi sahiblərinin yetkin əhali arasında payı 25 faiz təşkil edib. ‘Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı’ çərçivəsində bu göstəricinin 32 faizə çatdırılması hədəflənib”.

İcraçı direktor həmçinin vurğulayıb ki, institusional islahatlar, rəqəmsallaşma və innovativ maliyyə həlləri sığorta bazarının modernləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi üçün yeni imkanlar yaradır:

“Sığorta sektorunun gələcək inkişafı yalnız maliyyə itkilərinin kompensasiyası ilə məhdudlaşmayacaq, həm də iqtisadi artımın dəstəklənməsi, investisiya resurslarının səfərbər edilməsi və cəmiyyətin risklərə dayanıqlılığının artırılması baxımından daha geniş missiya daşıyacaq”, - deyə V.Qasımlı əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!