Son 4 ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb.
Modern.az xəbər verir ki, bunu XI Azərbaycan Beynəlxalq Sığorta Forumu – 2026 çərçivəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova bildirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanın sığorta bazarı mühüm inkişaf yolu keçib və əldə olunan nəticələr dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflərin, Azərbaycan Respublikası Mərkəzi Bankının həyata keçirdiyi islahatların və bazar iştirakçılarının birgə səylərinin nəticəsidir.
“Son 4 ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə böyüyüb. Bütün bu nailiyyətlər sevindirici olsa da, qarşıda bizi daha böyük imkanlar gözləyir. Azərbaycanda sığorta penetrasiyasının artırılması üçün geniş potensial mövcuddur və məqsədimiz bu potensialı tam reallaşdırmaqdır”.
O həmçinin vurğulayıb ki, sığorta sektorunda əsas məqsəd yalnız bazarın böyüməsi deyil:
“Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutması, cəmiyyətin və iqtisadiyyatın davamlı inkişafına daha böyük töhfə verməsidir”.
Müşahidə Şurasının sədri qeyd edib ki, müasir dövrdə risklərin artması və gözləntilərin dəyişməsi sığortanın rolunu daha da gücləndirir:
“Sığorta artıq yalnız zərərin ödənilməsi mexanizmi deyil. O, insanların gələcəyə daha inamla baxmasına, ailələrin maliyyə dayanıqlılığının qorunmasına, bizneslərin isə gözlənilməz risklər qarşısında daha davamlı olmasına xidmət edir”.
Ü.Cabbarova onu da əlavə edib ki, təbii fəlakətlərin intensivləşməsi, kiberrisklərin genişlənməsi və əhalinin yaşlanması kimi qlobal tendensiyalar sığorta sektorunun qarşısında yeni vəzifələr yaradır və bu çağırışlar innovativ məhsulların hazırlanmasını, rəqəmsal həllərin genişləndirilməsini və müştərilərin ehtiyaclarına daha çevik yanaşmanı zəruri edir.
““2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində sığorta xidmətlərinin əlçatanlığının artırılması, könüllü sığortaların inkişafı və maliyyə xidmətlərindən istifadənin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən olunub.
Bu proqram da öz növbəsində sığorta bazarının gələcək inkişafı üçün mühüm yol xəritəsi rolunu oynayacaq və sektorun növbəti inkişaf mərhələsinə töhfə verəcək”, - deyə qurum rəsmisi qeyd edib.