Sığorta sistemi geniş əhatə dairəsinə malik olan və ictimai etimada əsaslanan sektordur.
Modern.az xəbər verir ki, bunu XI Azərbaycan Beynəlxalq Sığorta Forumu – 2026 çərçivəsində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
O qeyd edib ki, sığorta sistemi bazar iştirakçılarının müxtəlifliyi və vətəndaşların bu prosesə geniş şəkildə cəlb olunması baxımından olduqca əhatəli sektordur:
“Forumun gündəliyi ilə tanış oldum. Burada sığorta təkcə maliyyə bazarının bir seqmenti kimi təqdim olunmur. İcbari tibbi sığorta sistemi, pensiya sistemi və sosial müdafiə məsələləri də bu gündəliyin mühüm hissəsini təşkil edir. Bu baxımdan sığorta sistemini həddindən artıq çoxşaxəli bir sektor kimi qəbul etməliyik”.
Komitə sədri bildirib ki, sahənin inkişafını müəyyən edən əsas amillərdən biri ictimai etimaddır:
“Bu etimad qarşılıqlı xarakter daşıyır. Həm sığorta edənlər, həm də sığorta olunanlar üçün qanunvericilik təminatı, öhdəliklərin vaxtında yerinə yetirilməsi, yüksək xidmət keyfiyyəti və hesabatlılıq mühüm əhəmiyyət kəsb edir. Sektorun inkişafının əsas şərti məhz etimadın təmin olunmasıdır”.
A.Əmiraslanov Azərbaycan Sığortaçılar Assosiasiyasının dövlət, maliyyə tənzimləyicisi və bazar iştirakçıları arasında uğurlu körpü rolunu oynadığını da vurğulayıb:
“Maarifləndirmə istiqamətində mühüm işlər görülür, beynəlxalq əlaqələr genişlənir. Türk Dünyası Sığortaçılar Birliyinin yaradılması da dövlətin Türk dünyası ilə bağlı siyasətinə verilən töhfədir”.
Millət vəkili qeyd edib ki, sığorta bazarının inkişafı üçün konkret hədəflər, aydın baxışlar və strategiya mövcuddur, növbəti mərhələ üçün yeni strategiyanın hazırlanması da gözlənilir.
O, sığortanın əhəmiyyəti ilə bağlı maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini də diqqətə çatdırıb:
“Bəzən sığorta xərcləri əlavə xərc kimi qəbul edilir. Halbuki bu, risklərin idarə olunması üçün çəkilən xərcdir. Sığorta seçim deyil, zərurətdir. Sığortaya ayrılan vəsaitlər gələcək inkişaf və sabitlik üçün investisiya kimi qiymətləndirilməlidir”, - deyə o fikrini tamamlayıb.