Modern.az

Azərbaycana gələnlərin sayı azalıb

Azərbaycana gələnlərin sayı azalıb

İqtisadiyyat

Bu gün, 18:00

2025-ci ildə Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin ümumi sayı 9 milyon 351,6 min nəfər təşkil edib.

Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm" məcmuəsində yer alıb. 

Məlumata görə, sərhəd-buraxılış məntəqələrindən keçənlərin 4 milyon 212,7 min nəfəri Azərbaycan vətəndaşları, 5 milyon 138,9 min nəfəri isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub.

2024-cü illə müqayisədə sərhədi keçənlərin ümumi sayı 193,3 min nəfər azalıb. Belə ki, bir il əvvəl bu göstərici 9 milyon 544,9 min nəfər təşkil etmişdi.

Ötən il ölkə ərazisinə daxil olanların sayı 4 milyon 673 min nəfər olub. Onlardan 2 milyon 102,8 min nəfəri Azərbaycan vətəndaşları, 2 milyon 570,2 min nəfəri isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təşkil edib.

Eyni zamanda, 2025-ci ildə Azərbaycandan çıxanların sayı 4 milyon 678,6 min nəfərə çatıb. Bu göstəricinin 2 milyon 109,9 min nəfərini Azərbaycan vətəndaşları, 2 milyon 568,7 min nəfərini isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təşkil edib.

Statistikaya əsasən, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı ötən il 2 milyon 570,2 min nəfər olub. Bu, 2024-cü illə müqayisədə 56,5 min nəfər və ya 2,1 faiz azdır. Bir il əvvəl ölkəyə 2 milyon 626,7 min xarici vətəndaş daxil olmuşdu.

Ölkəyə gələn əcnəbilərin böyük hissəsi hava nəqliyyatından istifadə edib. Belə ki, ötən il Azərbaycana gələn xarici vətəndaşların 1 milyon 947,1 min nəfəri hava, 585,6 min nəfəri avtomobil, 34 min nəfəri su, 3,5 min nəfəri isə dəmir yolu nəqliyyatı ilə gəlib.

Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərində də hava nəqliyyatı üstünlük təşkil edib. Ötən il xaricə gedən 2 milyon 109,9 min Azərbaycan vətəndaşının 1 milyon 468,7 min nəfəri hava, 598,1 min nəfəri avtomobil, 40,3 min nəfəri su, 2,8 min nəfəri isə dəmir yolu nəqliyyatı ilə səfər edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son beş ildə Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçənlərin sayı 3 milyon 432,4 min nəfərdən 9 milyon 351,6 min nəfərə yüksələrək təxminən 2,7 dəfə artıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada