Qarabağ və Şərqi Zəngəzurda yeni iqtisadi zonalar formalaşdırılır.
Modern.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
"Ağdam Sənaye Parkı ilə yanaşı, Cəbrayılda yerləşən Araz Vadisi İqtisadi Zonasında da artıq şirkətlər fəaliyyət göstərir. Hazırda burada 19 rezident və 3 qeyri-rezident müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir”,-deyə o qeyd edib.
Xüsusi nümayəndə vurğulayıb ki, kənd təsərrüfatının bölgənin prioritet sahələrindən biridir:
“Cəbrayıl, Qubadlı və Zəngilan zəngin su ehtiyatlarına və münbit torpaqlara malikdir. Araz, Həkəri, Oxçu və Bərgüşad çayları bölgədə bağçılıq və taxılçılığın inkişafı üçün əlverişli şərait yaradır. Heyvandarlıq sahəsində də iri layihələr icra olunur. Zəngilanda respublikanın ən böyük Anqus cinsli heyvandarlıq kompleksi yaradılıb və burada 10 min baş heyvan saxlanılması nəzərdə tutulur. Eyni zamanda, “Hicaz Broiler” şirkəti tərəfindən iri quşçuluq layihəsi həyata keçirilir, digər holdinqlər də bölgədə fəaliyyətə başlayıblar”.
V.Hacıyev əlavə edib ki, Prezident İlham Əliyevin elan etdiyi “yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzurda bütün layihələr ekoloji prinsiplər əsasında icra edilir. Yaşayış evlərində günəş panellərindən istifadə olunur, enerji səmərəliliyinə üstünlük verilir:
"Bp şirkəti Cəbrayılda gücü 240 meqavat olan günəş elektrik stansiyasını inşa edir. Bundan başqa, iki şirkət tərəfindən hər biri 50 meqavat gücündə daha iki günəş elektrik stansiyası tikilir. Eyni zamanda, ümumi gücü təxminən 42 meqavat olan dörd su elektrik stansiyasının da inşası həyata keçirilir. Təbii ki, logistika sahəsi regionun gələcək inkişafında xüsusi əhəmiyyət daşıyır. Böyük İpək Yolunun üzərində yerləşən Qarabağ və Şərqi Zəngəzur bu gün yenidən Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzinə çevrilir. Horadiz-Ağbənd avtomobil və dəmir yolu layihələri, Ağbənd körpüsü, Zəngilan Beynəlxalq Hava Limanı və Zəngəzur dəhlizi istiqamətində görülən işlər regionun gələcək inkişafını müəyyən edən əsas layihələrdir".
Vahid Hacıyev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr təkcə bina və yolların tikintisindən ibarət deyil:
“Burada yeni şəhərlər qurulur, yeni iqtisadiyyat formalaşdırılır, yeni həyat başlayır. Bu layihələrin mərkəzində isə insan dayanır. Məhz buna görə də bu gün ölkəmizin ən böyük ehtiyacı peşəkar, məsuliyyətli və təşəbbüskar kadrlardır. Qürur hissi ilə deyə bilərəm ki, bu layihələrdə sizin kimi gənc, savadlı və vətənini sevən mütəxəssislər çalışır. İnanıram ki, bu zalda əyləşən bir çox iştirakçı da gələcəkdə Qarabağın inkişafına öz töhfəsini verəcək. Böyük Qayıdış proqramı çərçivəsində artıq Cəbrayıl, Zəngilan və Qubadlıda bir sıra yaşayış məntəqələrinə köç həyata keçirilib, digər kəndlərin tikintisi isə davam edir".