İran Hörmüz boğazından sonra dünya enerji ticarəti üçün həyati əhəmiyyət daşıyan daha bir strateji keçid məntəqəsi – Bab əl-Məndəb boğazını da bağlamaq hədəsi ilə çıxış edir.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Yaxın Şərqdəki son hərbi gərginliyi təhlil edən məqaləsində yazıb.
Məlumata görə, ABŞ-ın İrana qarşı hava zərbələrini genişləndirməsi fonunda Tehran münaqişəni yeni istiqamətə daşımağa çalışır. Analitiklər hesab edirlər ki, İran Yəməndəki müttəfiqi olan husilər vasitəsilə Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən Bab əl-Məndəb boğazında gəmiçiliyi təhlükə altına sala bilər.
Yəməndə husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Fərah bildirib ki, Səudiyyə Ərəbistanı Yəmənə hücumlarını davam etdirsə, ölkənin silahlı qüvvələri Bab əl-Məndəb boğazını bağlamağa hazırdır.
Onun sözlərinə görə, əgər vəziyyət daha da gərginləşərsə, Bab əl-Məndəb və Hörmüz boğazları eyni vaxtda bağlana bilər. Bu halda dünya bazarında neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər.
Yaxın Şərq üzrə ekspert Fəvaz Gerges Reuters-ə bildirib ki, İran Vaşinqtona eyni vaxtda hər iki strateji boğazı təhlükə altına sala biləcəyini nümayiş etdirir. Onun fikrincə, Tehran bununla qarşıdurmanı yalnız ABŞ-la ikitərəfli münaqişə səviyyəsində saxlamır, qlobal enerji və dəniz ticarətinə təsir göstərə biləcək böhrana çevirir.
ABŞ-ın Yaxın Şərq üzrə keçmiş danışıqlarçısı Dennis Ross isə hesab edir ki, Vaşinqtonun əsas məqsədi İranı yenidən danışıqlar masasına qaytaracaq təzyiq mexanizmini formalaşdırmaqdır.

Xatırladılıb ki, husilər 2023-cü ilin oktyabrından etibarən İsraillə əlaqəli olduğunu iddia etdikləri ticarət gəmilərinə Qırmızı dənizdə hücumlar həyata keçiriblər. Bu hücumlar nəticəsində iri gəmiçilik şirkətləri marşrutlarını Afrikanın cənubundan keçirməyə məcbur olub, daşınma xərcləri artıb. ABŞ və Böyük Britaniya isə bölgədə husilərin mövqelərinə hava zərbələri endirib və beynəlxalq dəniz missiyası yaradılıb.
Londondakı Kral Kollecinin Təhlükəsizlik Araşdırmaları Məktəbinin müəllimi Andreas Kriq hesab edir ki, Bab əl-Məndəb boğazının bağlanması İran üçün Hörmüzdən sonra istifadə edə biləcəyi ən ciddi təzyiq vasitəsidir. Onun fikrincə, ABŞ İrana qarşı hücumlarını genişləndirərsə, Tehran husilər vasitəsilə bu ssenarini reallaşdıra bilər.
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Körfəz Araşdırmaları Mərkəzinin rəhbəri Əbdüləziz Sager isə bildirib ki, husilər Tehranın göstərişi olmadan belə bir addım atmağa meylli görünmür. O qeyd edib ki, Bab əl-Məndəbdə gəmiçiliyə qarşı yeni hücumlar ABŞ və müttəfiqlərinin daha genişmiqyaslı hərbi əməliyyatlarına səbəb ola bilər.
Reuters yazır ki, fevral ayının sonlarından ABŞ və İsrailin başladığı hərbi əməliyyatlar Yaxın Şərqdə gərginliyi daha da artırıb. İran müxtəlif ölkələrdə yerləşən ABŞ hərbi bazalarına hücumlar həyata keçirib. Müharibə nəticəsində əsasən İran və Livanda minlərlə insan həlak olub.