İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 4,2 milyard manat, məcmu kapitalı isə 1,4 milyard manat təşkil edir.
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlər” mövzusunda keçirilən təlimdə İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Baş menecedin sözlərinı görə, Fond fəaliyyət göstərdiyi bütün illəri mənfəətlə başa vurub. Bu dövr ərzində əldə olunan ümumi mənfəət 201 milyon manat təşkil edib.
O bildirib ki, Fond tərəfindən dövriyyəyə buraxılmış istiqrazların ümumi həcmi 2,7 milyard manata çatır:
“2009-cu ildən bu günədək 2 milyard manata yaxın istiqraz üzrə ödənişlər həyata keçirilib. Eyni zamanda, istiqraz sahiblərinə ümumilikdə 390 milyon manat faiz ödənişi edilib”.
Baş menecer həmçinin vurğulayıb ki, Fondun ölkə iqtisadiyyatındakı rolu yalnız yaşayış sahələrinin maliyyələşdirilməsi ilə məhdudlaşmır:
“Fond sahibkarların kreditlərinə zəmanət verilməsi mexanizmini də həyata keçirir. Kreditləşmə banklar vasitəsilə reallaşdırılır, qiymətləndirici və sığorta şirkətləri də bu prosesdən faydalanır. Beynəlxalq təcrübə göstərir ki, ipoteka kreditləri multiplikativ effekt yaradır, tikinti sektoru başda olmaqla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verir”, - R.Abdullayev qeyd edib.