Hazırda ölkə üzrə ipoteka kreditlərinin ümumi portfeli 73 min 400-ə yaxın vətəndaşı əhatə edir və 5,4 milyard manat təşkil edir.
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlər” mövzusunda keçirilən təlimdə İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, verilmiş ipoteka kreditlərinin 80 faizi Fondun vəsaiti, 20 faizi isə bankların daxili ipoteka proqramları hesabına maliyyələşdirilib.
“Mərkəzi Bankın statistikasına əsasən, ipoteka kreditlərinin bank sektorunun ümumi kredit portfelində xüsusi çəkisi 15,2 faizdir”.
Baş menecer bildirib ki, ipoteka mexanizmlərindən yararlananların 67 faizini gənclər və gənc ailələr təşkil edir:
“Faydalananların 33 faizi 18-29, 34 faizi 29-35, 33 faizi isə 35 yaşdan yuxarı şəxslərdir. İpoteka alanların 67 faizi evli, 33 faizi subaydır. Kredit alanların 58 faizi dövlət, 42 faizi isə qeyri-dövlət sektorunda çalışır. Regionların ümumi ipoteka portfelində payı 23 faiz (52 region) təşkil edir”.
R.Abdullayev qeyd edib ki, 2018-ci ildən tətbiq edilən zəmanət mexanizmi çərçivəsində indiyədək 1 571 zəmanətli ipoteka krediti verilib:
“Bu kreditlərin ümumi məbləği 150 milyon manata yaxındır”.
Baş menecer onu da əlavə edib ki, bu günədək 18 min 800-dən çox vətəndaşa ümumi həcmi 1,1 milyard manatdan artıq olan güzəştli ipoteka krediti təqdim olunub:
“Güzəştli ipoteka kreditlərindən yararlananların 51 faizini hərbi qulluqçular, 17 faizini dövlət qulluqçuları, 7 faizini məcburi köçkünlər, qalan 25 faizini isə digər güzəştli kateqoriyalara aid vətəndaşlar təşkil edir”, - Fond rəsmisi qeyd edib.