Hazırda Fond üzrə orta ipoteka kreditinin məbləği 101 min manat civarındadır.
Modern.az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlər” mövzusunda keçirilən təlimdə İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Fond rəsmisi qeyd edib ki, ipoteka kreditlərinin orta müddəti 290 ay, alınan yaşayış sahəsinin orta dəyəri isə 160 min manatdır:
“Orta çəkili faiz dərəcəsi 6,4 faiz, ipoteka alanların orta yaşı 34 yaş təşkil edir. Bu ilin ilk yarısının nəticələrinə əsasən aylıq orta ödəniş 720 manat olub”.
Baş menecer həmçinin vurğulayıb ki, mənzillərin bazar dəyərinin artması kredit məbləğlərinin də yüksəlməsinə təsir göstərir:
“Adi ipoteka kreditləri üzrə maksimal məbləğ 150 min manat, güzəştli ipoteka kreditləri üzrə isə 100 min manatdır. 2025 və 2026-cı illərdə kreditlərin orta məbləği təxminən 110 min manat səviyyəsində qalıb. İlk yarımildə adi ipoteka ilə alınan mənzillərin orta dəyəri 175 min 500 manat, güzəştli ipoteka üzrə isə 133 min 400 manat olub”, - deyə R.Abdullayev əlavə edib.