Bu il satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə 2 400 müqavilənin bağlanması proqnozlaşdırılır.
Modern.az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirib.
Onun sözlərinə görə, hazırda artıq 476 kirayə müqaviləsi rəsmiləşdirilib:
“Kirayə müqavilələrinin sayı ildən-ilə artır. Ötən il 2 800 kirayə müqaviləsi rəsmiləşdirilib. Bu il isə ilin sonunadək 2 400 müqavilənin bağlanacağı proqnozlaşdırılır”.
A.Zeynalov bildirib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə bütün proseslər tam elektronlaşdırılıb və vətəndaşlar praktikada 3 iş günü ərzində mənzil seçimi və rəsmiləşdirməni başa çatdıra bilirlər.
“Elektron müraciətini təsdiqləyən və görüşdə iştirak edən vətəndaş qiymətləndirmə qərarını qısa müddətdə alır, mənzilini seçir və rəsmiləşdirməni həyata keçirir”.
Direktor müavini qeyd edib ki, mexanizmdə adi ipoteka ilə müqayisədə daha yumşaq anderraytinq tələbləri tətbiq olunur:
“Bir çox hallarda banklar mənfi kredit tarixçəsi olan şəxslərə kredit vermirlər. Satmaq öhdəliyi ilə kirayə mexanizmində isə vətəndaşın gəlirləri və ödəmə qabiliyyəti nəzərə alınmaqla qiymətləndirmə aparılır. Hətta müəyyən edilmiş tələblərə cavab verən mənfi kredit tarixçəsi olan vətəndaşlar da bu mexanizmdən yararlana bilirlər”.
Fond rəsmisi həmçinin vurğulayıb ki, hazırda satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlanmaq üçün müraciət edənlərin orta yaşı 35, orta aylıq gəliri isə 1700 manatdır. Müraciət edənlərin 51 faizi dövlət, 49 faizi isə özəl sektorda çalışır.
Kirayə müqavilələri üzrə bölgüdə 42,6 faiz Abşeron rayonunun, 37,5 faizi Sumqayıt şəhərinin, 19,9 faizi isə Bakı şəhərinin payına düşür.
Aslan Zeynalov bildirib ki, kirayəçilərin yaş bölgüsündə 18-35 yaş aralığında olanlar üstünlük təşkil edir:
“Hazırda kirayəçilərin 57 faizi 18-35 yaş, 43,3 faizi isə 35 yaşdan yuxarı şəxslərdir. Rəsmiləşdirilmiş kirayə müqavilələri üzrə dövlət və özəl sektorun payı isə müvafiq olaraq 55 və 45 faiz təşkil edir”.
Direktor müavini həmçinin vurğulayıb ki, Fondun təklif etdiyi mənzillər müəyyən edilmiş tələblərə uyğun seçilir:
“Vətəndaşlara təklif olunan mənzillər 2013-cü ildən sonra tikintisi başa çatmış, tam təmirli və çıxarışla təmin olunmuş mənzillərdir. Mənzillərdə bütün sanitar avadanlıqlar, kombi sistemi, qaz, su və elektrik sayğacları quraşdırılıb. Vətəndaşlar yalnız müqavilə bağlayaraq mebel və məişət avadanlıqlarını yerləşdirməklə mənzilə köçə bilirlər”.
Onun sözlərinə görə, 2020-2026-cı illər ərzində Fond tərəfindən Bakıda 8, Abşeron rayonunda 6, Sumqayıtda isə 3 ünvanda kirayə mənzillər vətəndaşlara təqdim edilib:
“Yeni mənzillər hər il vətəndaşlar arasında keçirilən sorğuların nəticələrinə və formalaşan tələbə uyğun olaraq alınır, mənzil fonduna əlavə edilir və kirayə məqsədilə təklif olunur”.
A.Zeynalov əlavə edib ki, aylıq ödənişlər Prezidentin Fərmanı ilə təsdiqlənmiş qaydalara uyğun hesablanır:
“Ödənişin tərkibinə mənzilin satınalma dəyəri, satınalma ilə bağlı xərclər, Fondun cəlb etdiyi maliyyə vəsaitlərinin dəyəri, sığorta, saxlanma və idarəetmə xərcləri daxil edilir. Fondun cəlb etdiyi maliyyə vəsaitləri üzrə faiz dərəcəsi 3-3,25 faiz aralığında dəyişir və aylıq ödənişlərin hesablanmasında nəzərə alınır”.