Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin MyQrant layihəsinin dəstəyi ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən hazırlanmış “Zəngilər” adlı qısametrajlı film və eyniadlı kitabın təqdimatı 7 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə ASAN könüllüləri ilə yanaşı, MEDİA Könüllüləri, “Ailəm” Könüllüləri və "Könüllü gömrükçü" dəstəsinin üzvləri də iştirak ediblər.
Tədbirin açılışında çıxış edən “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, jurnalist Aida Eyvazlı Göytürk bildirib ki, “Azərbaycan mədəniyyətində Zəngi tayfalarından qalmış ənənələr və yurdlar” layihəsinin əsas məqsədi türk tarixinin az araşdırılmış səhifələrindən biri olan Zəngi tayfalarının tarixi irsini öyrənmək, yeni elmi məlumatları ictimaiyyətə təqdim etmək və bu istiqamətdə araşdırmaları təşviq etməkdir.
Sonra “Zəngilər” qısametrajlı filmi nümayiş olunub.
Gənclərə təqdim edilən “Zəngilər” kitabında və eyniadlı filmdə Zəngi tayfalarının tarixi ilə bağlı geniş məlumatlar yer alıb. Nəşrdə və filmdə türkoloq professor Firudin Cəlilov, AMEA-nın baş elmi işçisi Zaur Əliyev, Səmərqənd Dövlət Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori və misirli tədqiqatçı Əhməd Tarabikin araşdırmalarına istinad olunaraq Zəngi tayfalarının tarixi, mədəni irsi və türk dünyasındakı rolu haqqında ətraflı məlumat verilib.
Kitabın redaktoru Vəli Əkbər, tərtibatçıları isə layihə rəhbəri Aida Eyvazlı Göytürk və Ülkər Eyvazovadır. Qısametrajlı filmin quruluşçu rejissoru Vüsal Orucovdur.
Tədbirin keçirilməsində məqsəd qədim köklərimiz və tariximizi, Zəngəzur bölgəsindən çıxan qəhrəmanların izlərini onlara xatırlatmaqdır.

