Modern.az

Raquf Orucov gecəsi... - FOTOLAR

Raquf Orucov gecəsi... - FOTOLAR

13 Fevral 2017, 10:04

... Sağ olsaydı, özü haqqında  danışmağa kimsəyə rəva bilməzdi...  O nə iş görürdüsə, Vətən, torpaq, xalq üçün canı qədər sevdiyi əsgərləri, ocağı qədər isti bildiyi Azərbaycan Ordusu üçün edirdi.  O  bu dünyada təmənnasız yaşayırdı. Ona görə də nazirlik qapılarında, kabinetlərinin önündə dayanıb “general” adı almaq üçün cəhd etmirdi. Baxmayaraq ki, general paqonu gəzdirnlərin çoxundan gərəkli hərbçi idi, Baxmayaraq ki, onun xidmətlərini əgər vaxtında qiymətləndirsəydilər, o çoxdan general olacaqdı.   Bütün bunlara baxmayaraq, 24 ildən artıq xidmət etdiyi ordu sıralarında ondan dərs alan, onun əmrlərini yerinə yetirən əsgərləri çiyinlərində gəzdirdikləri  rütbəsin  asılı olmayaraq, polkovnik Raquf Orucovun adı gələndə, onun bir əfsanə, bir qəhrəman olduğunu xatırlayırlar. 


Əsgəri olmuş, indi leytenant rütbəsi gəzdirən bir hərbçimiz onu belə təsvir elədi:

-Biz hamımız ona oxşamağa çalışırdıq. Heç vaxt gülməzdi. Üzündə zəhm var idi. Hətta  batalyonun istirahət saatlarında belə, o bir kənara çəkilər, dərin fikrə gedərdi. Kimsəyə qarışmazdı. Ancaq komandir olduğu hissələrdə nə baş versə hamısından xəbər tutardı. Əsgərləri göz bəbəyi kimi qoruyurdu... Biz  batalyonun həyətindəki səssizlikdən səmirsizlikdə  belə, onun hənirini  hiss edərdik... O böyük idi, o möhtəşəm idi. Raquf Orucov kimi vətənpərvər, qəhrəman elə ön cəbhədə ölməliydi,  o bu dünyadan başqa cür getsəydi  hamını təəccübləndirərdi...

İki gün bundan əvvəl  Bakı Oksvord Məktəbində  Azərbaycan xalqının qəhrəman deyib öyündüyü Raquf Orucovun barəsində yazılan “Murov qartalı” kitabının təqdimatı idi.

Məktəbin ingilisdilli azərbaycanlı uşaqları Vətən şəhidlərimizə, Vətən qəhrəmanlarımıza həsr olunmuş çox maraqlı bir Vətənpərvərlik ruhunda  ədəbi- bədii tamaşa hazırlamışdılar. Uşaqlar məktəbdə öyrəndiklərini heç vaxt unutmurlar. Hər zaman yadda saxlayırlar. Fəsillər, illər keçəcək, Oksford Məktəbində dərs alan balalarımızın yaddaşında bir qəhrəman Raquf Orucov obrazı qalacaq. Onlar nə vaxtsa Vətən , müharibə, məktəb haqqında xatirələrini varaqlayanda deyəcəcklər ki, aprel döyüşlərində şəhid olan QƏHRƏMAN Raquf Orucovun oğlu Nihad bizim məktəbdə oxuyurdu.

Bakı Oksford Məktəbinin təsisçisi Mehriban Məmmədova  Raquf Orucovun gecəsinə gələnlərə minnətdarlığını bildirdi və dedi ki, Raquf kimi oğulların adı bu məktəbə şərəf gətirir, uşaqlara Vətəni sevməyi öyrədir. Raquf gecəsinə gələnlər arasında ilk danışan  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili , Ombudsman Elmira Süleymanova oldu. Aprel döyüşlərindən həlak olanların hər birisinin ailəsinə baş çəkən Elmira xanım Raquf Orucovun adı hansı tədbirdə hallanıbsa, orada iştirak edib danışmağı özünə borc bilib. Elmira xanım yenə də qəhrəmanımız Raquf Orucovun qısa həyatından, Orduya, Vətənə bağlılığından, Vətən torpağını canından əziz bildiyindən danışdı. Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyi qazanmaq çətindir, onu qorumaq daha da çətindir”  sözlərini xatırlayaraq, Raquf Orucovun  müstəqilliyimizi qorumaq üçün canından keçdiyini dedi. Raquf qeyrətli, vicdanlı, torpağı sevən, o son döyüşdə əsgərləri “Əsgərlər biz öz torpağımızdayıq” –deyə  əsgərlərinin qabağında gedərək, əsl sərkərdə kimi döyüşə atıldığını bildirdi. Azərbaycan xalqı, bu Vətən Raqufu və Raquf kimi oğulları heç vaxt unutmayacaq. Raquf həalk oldu ki, Azərbaycan yaşasın. Raquf Orucovun anası da erməni qəsbkarlarının atdıqları mərmidən Ağdamın işğalı zamanı şəhid olmuşdu. Mənə elə gəldi ki, Elmira xanım Raquf gecəsində onu ana əvəzi xatırlayır, onu öz oğlu kimi sevib, qəhrəmanlıqlarından danışırdı. Ölümü ilə özünə nə qədər analar qazandırdı, nə qədəe sevgilər qazandırdı  Raquf Orucov.

Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sədr müavini Sədqət Qəhrəmanova -- “Azərbaycan bizim Vətənimizdir, bu torpaq bizə babalarımızdan qalıb. İnsan dünyaya bir dəfə gəlib, bir dəfə gedir. Ancaq baxır ki, o ömür dairəsində necə yaşayıbsan, Raquf o qəhrəmanlardan  idi ki, əməli ilə , həyatl ilə tarix yazdı. Azərbaycanın ordusu olmayanda ,onun kimi oğullar canlarını sipər edib böyük bir ordu yaratdılar. Vətən uğrunda canından keçən oğullar bizim qəlbimizdə yaşayır və yaşayacaqdır. Raquf kimi oğullar bizim şərəfimizdir”- deyərək fikrini tamamladı.  


Raquf  Orucovun qısa, lakin şərəfli həyatının maraqlı anlarını onu tanıyanların dilindən qələmə almış respublikamızın tanınmış jurnalistləri Elşən Əliyev, Elxan Salahov və Xanlar Məmmədov kitabın çox asanlıqla başa gəldiyini dedilər. Və qeyd etdilər ki, 1993-ci ildə Ağdam işğal olunanda kəndin bir kənarında qalan  şəhid anasını Raqif Orucov gecə ikən  tək başına gedib  dağıntılar arasından gətirib dəfn eləmişdi. Raqufun ürəyində o qədər ağrıları var idi ki... Təkcə anasızlıq deyildi... Orada itirdiyi Vətənin, şəhid olan qəhrəman oğullarımızın son gülüşü, son əməliyyatları, özünə qarşı olan haqsızlıqlar... daha nələr-nələr. Raquf Orucovun qəhrəmanlıqlarından danışarkən, xüsusi əməliyyat təşkil edərək, 3 erməni zabitini əsir gətirdiyini də söylədilər.


Kitab müəllifləri Raquf Orucovun haqqında eşidib ipə-sapa yığdıqları xatirələrin əslində bir kitaba sığmadığını dedilər.
Elxan Salahov :”Mənim qardaşım Murov dağında şəhid olub. Lakin tanımadığım, xatirələrdən şücaətlərinə bələd olduğum Raquf artıq mənim qardaşımdır. Mənim qardaşımın bir şəkli də qalmadı, ancaq Raqufdan elə xatirələr qalıb ki, onu ürəklərdən kimsə silə bilməz. Hara getdiksə hər yerdə ondan danışdılar. Raquf ellərin  qəhrəmanıdır. Onun həyata keçirdiyi hərbi əməliyyatları hər kəs edə bilməz.

Elşən Əliyev və Xanlar Məmmədov Raquf kimi qəhrəman haqqında kitab ərsəyə gətirməyi bir şərəf işi saydıqlarını,onun özündöən sonra  əfsanəvi həyatını xatirəlşən anlarını kitaba köçürdüklərini, Raquf Orucovun bədii publisistik obrazını yaratdıqlarını bildirdilər. Kitabın ərsəyə gəlməsində qayğıkeşlik göstərən “Azİmprort”  şirkətinin rəhbəri İlham Əhmədovun iş otağında dostu Raquf Orucovun portretinin asıldığını söylədilər. Dedilər ki, Raquf kimi oğullar bu Vətəni bütövləşdirir, torpağı Vətən edir. Raquf Orucovun qisasını hər gün alan Azərbaycan kəşfiyyatçılarının hələ çoxdur, vardır və var olacaqdır.


Raquf Orucovun gecəsinə Azərbaycan Milli Məclisinin deputatları gəlmişdilər. Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, Adil Əliyev.


Millət vəkili  Qənirə  Paşayeva:  “Mən bir komandir tanımışdım, əzizlərini, ailəsini, doğmalarını nə qədər sevsə də, Vətənini onların hamısından çox sevirdi.  Mən bir komandir tanıyırdım əsgərləri ona övladlarından daha doğma idi, əsgərləri ilə üzülüb- onlarla sevinirdi. Mən bir komandir tanıyırdım, o qədər təvazökar idi ki, öz qəhrəmanlığını üzünə deyəndə, sıxılırdı. Mən bir komandir tanıyırdım, o bu dünyadan ancaq belə- şəhid kimi gedə bilərdi. Mən inanrıma ki, onun qəhrəmanlıqlarını Azərbaycan xalqı heç vaxt unutmayacaq. Və inanıram ki, biz o torpaqları azad edəcəyik və həmin küçələrə, yollara Raquf kimi qəhrəmanların adı veriləcək... Və mən bir komandir tanıdım... onun yolunu gözləyən, lakin hər zaman qayıda bulməyəcəyini bilən Sevinc xanım adlı həyat yoldaşı var idi... O xanım hər zaman həmin komandirin yanında oldu...”


Millət vəkili Bəxtiyar Sadıqov öz ürək sözlərini belə izhar etdi:


- Cocuq Mərcanlı kəndi 1994-cü ilin  yanvarında hələ Heydr Əliyevin Ali Baş Komandan olduğu vaxt Horadiz əməliyyatları zamanı azad olunmuşdu. Lakin ora köçüb yaşamaq mümkün deyildi. Müharibənin gedişində dönüş yaradan Aprel əməliyyatının döyüşçüləri  bu mümkünsüzlüyü  mümkün etdilər. Şəhidlər ölmürlər, onlar əbədiyyətə yüksəlirlər. Bizim qəhrəmanımız Raquf Orucov da qəhrəmanlıq zirvəsinə yüksələnlərdəndir. Qayda budur igid ölər, ad qalar. O da qardaşları üçün, övladları üçün, Vətəni üçün, milləti üçün  şərəfli ad qoyub getdi.


Raquf Orucovun gecəsinə Azərbaycanın tanınış olimpiya  və dünya çempionları İlham Zəkiyev, Fərid Mansurov, Fariz Məmmədov və digər tanınmış idmançılar gəlmişdilər. Fariz Məmmədov və İlham Zəkiyev də Raquf Orucov haqqındakı xatirələrini , görüşşlərini xatırladılar.


Ağdam rayonu icra başçısının müavini Arzu Rəhimova da polkovniklə bağlı xatirələrini danışaraq dedi ki, kəndçisi olduğu Raqufu hamıdan  yaxşı  tanıyırdı. Müharibənin onların kəndindən, onların ailələrindən keçdiyini dedi. Raqufun insani keyfiyyətlərindən və məziyyətlərindən , əsgərlərinə olan qayğılarından danışdı, dedi ki, bütün yaralı əsgərlərinin başının üstünü kəsdirər, onların problemlərinin həllində yaxından yardım edərdi. Raquf özü haqqında düşünməzdi. Onun gecəsi-gündüzü olmadı, o səngərlərdə gəzirdi. Raquf xalqın və elin qəhrəmanıdır. Və çıxışının sonunda, Azərbyacan Ordusunun Ali Baş komandanının rəhbərliyi ilə işğalda olan torpaqlarını xilas edəcəyimizə inandığını dedi.

Tədbirin sonunda Raquf Orucovun xanımı Sevinc Orucova  oğlanları Aqşin və Nihadla səhnəyə çıxaraq Raquf gecəsinə gələnlərə minnətdarlığını bildirib “Nə qədər ki, mən varam, Nihad, Aqşin var, Raquf da yaşayacaq” dedi...

Raquf gecəsinin aparıcısı Emin Musəvi isə “Qəhrəmanımız, şərəfimiz  Raquf Orucovun əsgəri olmuşam. Nə vaxtsa ağlıma belə gətirməzdim ki, hər işinə həsəd apardığım bu igidin barəsində Şəhid kimi danışacağam. Raquf Orucov misilsiz bir qəhrəman idi, o həyatı ilə də, ölümü ilə də bizə çox şey öyrətdi. Xoşbəxt o kəsdir ki, nə vaxtsa, indi ruhu göylərdə dolnan, bu gecə özü haqqında kitabından xəbəri olan Raqif adlı Vətən oğlunu tanıyıb...”.


Aida Eyvazlı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı